Bu gün Milli Məclisdə DAYAQ Mentorluq layihəsi çərçivəsində tədbir keçirilib. SİA-nın xəbərinə görə, layihə barədə tədbir iştirakçılarına məlumat verən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, layihənin əsas məqsədi qadınların yerli ictimai həyatda iştirakını gücləndirmək, eləcə də yerli səviyyədə daha çox gender yönlü idarəetməni təmin etməkdir.Onun sözlərinə görə, layihə çərçivəsində yerli özünüidarətmədə qadın liderliyinin gücləndirilməsi mövzusunda 3 konfrans, bələdiyyədə təmsil olunan qadın iştirakçılarının bilik və bacarıqlarının artırılması məqsədi ilə silsilə təlimlər keçirilib, kiçik qrant layihələri bələdiyyə üzv qadınları tərəfindən uğurla həyata keçirilib: "Layihə iştirakçıları qadınların yerli idarəetmədə iştirakının gücləndirilməsi və ailədaxili zorakılığa qarşı mübarizə mövzusularında Almaniyanın Berlin və Frankfurt, Mainz şəhərlərində təcrübə mübadiləsi görüşlərində iştirak ediblər".Hicran Hüseynova onu da qeyd edib ki, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Cənubi Qafqazda Yerli Özünüidarəetmə Proqramı bu görüşlə Milli Məclisin qadın üzvlərini yerli özünüidarəetmə sahəsini təmsil edən fəal qadınların şəbəkəsi olan DAYAQ proqramını dəstəkləməyə dəvət edir: "Görüşün əsas məqsədi bələdiyyələrdə təmsil olunan qadınların yerli siyasətdə fəallığını gücləndirmək üçün DAYAQ mentorluq proqramını təqdim və təşviq etməkdir. Millət vəkilləri öz siyasi dəstəkləri ilə seçdikləri seçki dairələrindən və eləcə də öx şəbəkələrindən fəal qadınları cəlb etməklə DAYAQ mentorluq proqramının uğurlu şəkildə həyata keçirilməsi və təşviq edilməsi üçün öz töhfələrini verə bilərlər".Milli Məclisin sədr müavini Bahar Muradova "Qadınlar idarəetmədə" mövzusunda məruzə ilə çıxış edib. O çıxışı zamanı bildirib ki, belə bir fikir formalaşmasın ki, Azərbaycanın ictimai-siyasi həyatında fəal olan qadınlar mentorluq edir: "Ən böyük mentorlar Azərbaycanın siyasi və dövlət həyatında böyük təcrübə və biliyə malik olan kişilərdir. Onların göstərdiyi qayğı və diqqət qadınları daha məsuliyyətli olmağa vadar edir. Bir prosesdə iştirak etmədən o prosesin həqiqi üzvünə çevrilmək mümkün deyil. Passiv müşahidə o qədər də yaxşı təcrübə deyil. Bəlkə də çoxları əldə etdikləri nailiyyətləri ilk olaraq müşahidəyə borclu olduqları deyirlər, lakin tək müşahidə deyil, eləcə də prosesin fəal üzvü olmaq qadınları daha da irəliyə apara və hədəflərə yaxınlaşdıra bilər. Hər səviyyənin özünün vəzifələri var. Misal olaraq, biz bələdiyyə səviyyəsində təmsil olunmaq istəyən qadından bu günə qədər ictimai həyatda olanlardan etdiyimiz tələbləri edə bilmərik. Əlbəttə tələblər imkanlara uyğun olmalıdır". Cənubi Qafqazda Yerli Özünüidarəetmə Proqramının Azərbaycan üzrə qrup rəhbəri Katarina Lampe isə GİZ və proqram haqqında ümumi məlumat verib.Qeyd edək ki, tədbir mövzu ətrafında fikir mübadiləsi ilə davam edib.
sia.az