2014-cü il aprelin 1-2 tarixlərində Brüsseldə Şimali Atlantik hərbi bloka üzv olan ölkələrin xarici işlər nazirlərinin görüşü keçirildi. Görüşün birinci gününün nəticələrinə görə, alyansın nümayəndələri Ukrayna böhranı kontekstində NATO üzv ölkələrinin müdafiə qabiliyyətini möhkəmlətmək qərarı qəbul etdilər. Bundan əlavə, alyans üzvü olan ölkələrin Xarici İşlər Nazirliklərinin rəhbərləri Rusiya ilə hərbi və mülki sahədə praktiki əməkdaşlığı tamamilə dayandırmaq haqqında razılığa gəldilər və Ukraynanın müdafiə qabiliyyətinin artırılmasına yönəlmiş tədbirlərə start verdilər. NATO-nun baş katibi Anders Foq Rasmussen bildirdi ki, alyans Ukraynada mobil təlim qrupları yerləşdirməyə hazırdır. "İTAR-TASS"-ın Ukrayna xarici işlər naziri vəzifəsini icra edən Andrey Deşiçə istinadən verdiyi məlumata görə, NATO təlimçilərinin ilk qrupu artıq növbəti həftə ölkəyə gələcəklər. Bununla yanaşı, NATO Ukraynaya, ölkənin xarici yardıma, o cümlədən texniki dəstəyə tələbatlarını qiymətləndirmək üçün ekspertlər göndərir (bax: MİD Ukrainı: bezopasnostğ v strane budet obsujdatğsə v ramkax komissii Ukraina-NATO / "İnformaüionnoe teleqrafnoe aqentstvo Rossii", 31 mart 2014).
Lakin, alyans üzv-ölkələrinin nümayəndələrinin Brüsseldəki görüşündə Rusiya sərhədlərinə yaxın yerləşən NATO üzvləri ölkələrinə əlavə hərbi kontingentlərin göndərilməsi haqqında qərar qəbul olunmadı. Belə mövqe öz ərazilərində NATO-nun daimi bazalarının yaradılmasına çalışan Polşanın və Baltikyanı ölkələrin nümayəndələrini məyus etdi.
Görüşün ikinci günündə isə 15 ölkənin – ABŞ, Polşa, İngiltərə, Rumıniya, Estoniya, Latviya, Slovakiya, Danimarka, Norveç, Macarıstan, Kanada, Türkiyə, Çexiya, Ukrayna və Litva nümayəndələri NATO-nun genişləndirilməsi siyasətini, həmçinin alyansın nailiyyətlərini və inkişaf perspektivlərini müzakirə etdilər. Müzakirədə söhbət xüsusilə ondan getdi ki, alyans özünün genişlənmə siyasətindən imtina etmir və istənilən Avropa ölkəsini, əgər həmin ölkə buna hazırdırsa, lazımi meyaralara uyğun gələrsə və bütün üzv-ölkələr üçün ümumi olan dəyərləri – azadlıq, demokratiya və təhlükəsizliyi qəbul edərsə, öz üzvlüyünə qəbul etməyə hazırdır.
Bir çox Qərb ölkələrinin, xüsusilə də alyans üzvlərinin siyasi dairələrində belə hesab edirlər ki, NATO-nun Şərqə doğru genişlənməsi Avropada sabitliyin möhkəmləndirilməsi və orada demokratiyanın yayılmasına zəmin yaratmışdır. ABŞ-ın dövlət katibi Con Kerri NATO üzv-ölkələrinin xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasındakı çıxışında bəyan etdi ki, "NATO tərəfindən həyata keçirilən açıq qapı siyasəti çoxlu sayda ölkənin alyansa daxil olmalarına yalnız zəmin yaratmadı: o bütün dünyada təhlükəsizliyin və rifahın möhkəmləndirilməsi üçün yeni imkanlar açaraq Avropada demokratiyanın, tərəqqinin və sabitliyi yayılmasına səbəb oldu" (bax: Djon Kerri: "Dveri NATO otkrıtı dlə löboy evropeyskoy stranı" / "Qolos Ameriki", 1 aprel 2014).
NATO üzvü olan ölkələrin Brüsseldəki iki günlük iclasında müzakirəyə çıxarılan məsələlər Ukrayna böhranı ilə alyansın genişləndirilməsi siyasəti arasında əlaqənin olmasını bir daha təsdiq edir. Belə bir əlaqənin olması (yaxud olmaması) məsələsi son vaxtlar Qərb ekspert dairələrində geniş müzakirə olunur. Bu müzakirələrdə əsas fikir ayrılığı NATO-nun Şərqə genişlənməsinin effektivliyinə münasibətdən irəli gəlir.
Konservativ siyasətçi və şərhçi hesab olunan Pet Byukenen "Amerikanın səsi" informasiya xidmətinə verdiyi müsahibəsində bildirir: "Amerika və Avropa NATO-nu Rusiyanın "arxa həyətinə gətirməklə" böyük səhvə yol verdilər. Ukrayna və Gürcüstanın NATO-ya daxil olmalarının həmişə əleyhinə olmuşam. NATO üçün bu ölkələrin üzv kimi qəbul edilməsi heç bir fayda vermir... "Soyuq müharibə" bitdikdən, sovet qoşunları Şərqə doğru çəkildikdən sonra NATO Rusiya sərhədlərinə doğru irəliləməməli idi..." (bax: Mixail Qutkin, Viktoriə Kupçineükaə. Rasşirenie NATO i anneksiə Krıma – estğ li svəzğ? / "Qolos Ameriki", 3 aprel 2014).
Prezident Corc Buş-oğul administrasiyasında ABŞ-n milli təhlükəsizlik üzrə Şurasının Rusiya üzrə keçmiş baş məsləhətçisi Tomas Qrem "Amerikanın səsi"nə müsahibəsində Gürcüstanın və Ukraynanın alyansa üzv olmaları perspektivindən danışarkən bildirir: "Mənim nəzərimcə, səhvə son illərdə, NATO özünün Şərqə doğru genişlənməsinə məhdudiyyət qoymaqdan imtina etdiyi bir vaxtda yol verildi... Bu, Rusiya üçün çox həssas bir məsələdir, hansı ki, vəziyyəti tamamilə fərqli kontekstə yönəldə bilər. Mən həmişə hesab etmişəm ki, Baltikyanı ölkələrin NATO-ya üzv olmalarından sonra, bu ölkələrdən Polşaya və daha sonra Balkanlara qədər sədd yaradaraq Şimali Atlantik alyans öz genişlənməsinə son qoymalı idi" (bax: Mixail Qutkin, Viktoriə Kupçineükaə. Rasşirenie NATO i anneksiə Krıma – estğ li svəzğ? / "Qolos Ameriki", 3 aprel 2014).
Lakin Qərb ekspertlərinin böyük hissəsi alyansın genişləndirilməsini dəstəkləyirlər. Bu mövqe Ukrayna böhranı kontekstində daha da möhkəmlənməkdədir.
ABŞ-n NATO-dakı keçmiş diplomatik nümayəndəsi, hazırda beynəlxalq əlaqələr üzrə Çikaqo Şurasının prezidenti İvo Daalderin sözlərinə görə "Rusiyanın suveren bir dövlətin ərazisinə nəinki müdaxiləsi, hətta onun bir hissəsini işğal etməsindən sonra, NATO Alyans üzvlərinin təhlükəsizliyini möhkəmləndirmək üçün vacib olan addımlar atmaqdan imtina etməməlidir. Məhz bu səbəbdən, biz bu gün Amerika hərbi qüvvələrinin daimi dislokasiyasının məqsədəuyğunluğunu müzakirə edirik. Bunun alternativi olaraq Polşada və Baltikyanı ölkələrdə müvəqqəti olaraq qoşunların yerləşdirilməsi və onların müdafiə qabiliyyətlərinin artırılması üçün hər cür dəstəyin göstərilməsidir" (bax: Mixail Qutkin, Viktoriə Kupçineükaə. Rasşirenie NATO i anneksiə Krıma – estğ li svəzğ? / "Qolos Ameriki", 3 aprel 2014).
Ronald Reyqan və Bill Klinton administrasiyasının keçmiş yüksək vəzifəli əməkdaşı Stiven Sestanoviç "Amerikanın səsi"nin Rusiya xidmətinə verdiyi müsahibəsində bildirir ki, "...əgər NATO Şərqə doğru genişlənməsə idi Şərqi Avropada təlaş və hətta panika indikindən daha artıq olardı... Güman edirəm ki, NATO-nun nəhəng bir alyans qismində mövcudluğu vəziyyətin stabilləşdirilməsinə yardım edir" (bax: "Maksimalizm" vo vneşney politike SŞA / "Qolos Ameriki", 28 mart 2014).
Alyansın son vaxtlardakı tədbirləri Ukraynanı müdafiə etmək şüarı altında, Moskvanın fəaliyyətinə cavab olaraq həyata keçirildiyindən, bu tədbirlər, Qərbin səsləndirdiyi mövqeyə görə, böhranın aradan qaldırılmasına deyil, məntiqi yanaşmadan, əksinə digər post-sovet ölkələrində də yeni qarşıdurmaların ortaya çıxmasına rəvac verə bilər. NATO-nun Ukraynanın iştirakı ilə hərbi təlimlərinin aktivləşdirilməsi, Rusiyanın faktiki olaraq təcavüzkar hesab olunduğu şəraitdə, şübhəsiz ki, həm regionda, həm də Qərb-Rusiya münasibətlərində gərginliyi gücləndirəcək.
Mövcud geosiyasi situasiyada NATO-nun Şərqə doğru yenidən genişlənməsi ehtimalını da istisna etmək olmaz. Belə olduqda yeni hərbi konfrontasiyaların ortaya çıxması ehtimalları daha da artır. Çox güman ki, məhz yeni qarşıdurmaların ortaya çıxa bilməsi təhlükəsinin mövcudluğu Alyansın yeni genişlənmə planlarına təsir edərək bu planların həyata keçirilməsinin qarşısında bir növ sədd yaratmış olur.
Dünyada baş verənlərin, o cümlədən də qlobal siyasi proseslərin qarşılıqlı əlaqədə olduğu və şərtləndiyini əsas götürsək, Ukrayna böhranını və bununla əlaqədar dərinləşməkdə olan Qərb-Rusiya qarşıdurmasını, öz növbəsində, NATO-nun Şərqə genişlənməsi kontekstində nəzərdən keçirmək olar.
newtimes.az