Müasir dünyaya sürətlə inteqrasiya edən, mütəmadi olaraq beynəlxalq təcrübədən yararlanan Azərbaycan dünya dövlətləri arasında böyük gücə, nüfuza malik dövlət oluğunu təsdiqləyir. 10 il əvvəl qarşıya qoyulan strateji məqsədlər, həyata keçirilən səmərəli daxili və xarici siyasət nəticəsində bütün sahələrdə möhtəşəm uğurlar əldə edilib. Bu gün qətiyyətlə deyə bilərik ki, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin uğurlu fəaliyyəti Azərbaycanın regionun lider dövlətinə çevrilməsinə səbəb olub. Dövlət başçısının müvafiq fərman və sərəncamları ilə "Azərbaycan Respublikası iqtisadi rayonlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" və bir sıra sahəvi inkişaf proqramları uğurla icra olunub və davam etməkdədir.
Son 10 il ərzində həyata keçirilən siyasətin uğurlu nəticələri müxtəlif sahə və sektorlara aid olan real statistik faktlarda əksini tapıb. Azərbaycan insanın, vətəndaşının sosial-rifahının, həyat tərzinin dəyişilməsi fiziki və mənəvi cəhətdən sağlamlığına təsirini göstərmişdir. Ölkədə aparılan quruculuq-abadlıq işləri ölkənin ümumi mənzərəsində, sosial həyatında qısa bir zamanda uğurla nəticələnib. Belə ki, ölkə iqtisadiyyatı 10 il ərzində 3 dəfə, dövlət büdcəsinin gəlirləri 19 dəfə artıb, yoxsulluğun səviyyəsi 46,7 faizdən 6 faizə düşüb. Ölkə ərazisində 1 milyon 200 mindən çox yeni iş yerləri açılıb, əhalinin məşğulluğu yüksək səviyyədə təmin edilib.
Xatırladaq ki, məşğulluq səviyyəsinə görə, Azərbaycan MDB ölkələri sırasında birincilərdəndir. Belə ki, Azərbaycanda orta statistik əməkhaqqı Gürcüstan, Ermənistan, Ukrayna və Moldovadakı analoji göstəricidən 1,5 dəfə çoxdur. Azərbaycan Ordusu güclənib, hərbi büdcə 20 dəfədən çox artıb. Azərbaycanda hərbi sənaye kompleksi yaradılıb. 750 adda hərbi təyinatlı məhsul istehsal edilir. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə başçısının qeyd etdiyi kimi "Azərbaycan dinamik inkişaf templərini saxlaya bilmişdir. Ölkəmiz bütün sahələrdə uğurla irəliyə gedir". 2014-cü ilin də iqtisadi inkişaf baxımından ölkəmiz üçün uğurlu olacağını əminliyini bildirən Cənab İlham Əliyev bu ilin üç ayının yekunlarının bunu təsdiqlədiyini diqqətə çatdırıb. Belə ki, keçən il Azərbaycan qeyri-neft sektoru 10 faiz, bu ilin birinci rübündə isə 8,8 faiz artmışdır. Diqqəti çəkən bu artım son illərdə Azərbaycanda aparılan islahatların nəticəsidir.
Müasir dövrümüzdə artan iqtisadiyyat, siyasi sabitlik, dövlət proqramlarının, irimiqyaslı layihələrin həyata keçirilməsi sosial məsələlərin həlli istiqamətində də nailiyyətlərin əldə olunması ilə müşayiət olunur. Sosialyönümlü siyasətin nəticələri olaraq əmək haqları və pensiyalar artırılıb, məcburi köçkünlərin problemləri həllini tapmışdır. Səhiyyə sahəsində də nəzərə çarpacaq işlər görülmüş, 10 il ərzində 500-ə qədər yeni səhiyyə müəssisəsi tikilib və ya əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilib. Həmçinin səhiyyə müəssisələri ən müasir avandanlıqlarla təchiz olunub, bu müddət ərzində səhiyyə sahəsindəki xidmətin keyfiyyəti çox ciddi surətdə artıb. 2500-dən çox yeni məktəb tikilmiş və ya əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilmişdir.
Əhalinin sosial problemlərinin həlli, o cümlədən vətəndaşlara geniş çeşidli xidmətlərin göstərilməsi, bürokratik əngəlləri aradan qaldırmaqla vətəndaş-dövlət münasibətlərində şəffaflığın və "vətəndaş məmnunluğunun" təmin edilməsi məqsədilə "ASAN xidmət" konsepsiyası, Azərbaycanın brendinə çevrilib. "ASAN xidmət" mərkəzlərinin fəaliyyəti dövründə 1 milyondan çox vətəndaşa keyfiyyətli xidmətlər göstərilib.
Cənab Prezident sosial məsələlərin həllində də siyasətin düzgün istiqamətdə aparıldığını bildirərək əhalinin pul gəlirlərinin 4,5 faiz artdığını inflyasiyanın isə cəmi 2 faiz təşkil etdiyini bildirib:"Beləliklə, həmişə olduğu kimi, əhalinin gəlirləri inflyasiyanı 2 dəfədən çox üstələyir. Bu da insanların sosial məsələlərinin həlli üçün əsas şərtdir". Bu ilin birinci rübündə orta əməkhaqqı təxminən 7 faiz artmışdır. Bu gün Azərbaycanda orta əməkhaqqı 430 manat, yəni 550 dollar səviyyəsindədir. Bu uğurlar Azərbaycanda iqtisadi və sosial islahatların düzgün istiqamətdə aparılmasını şərtləndirən amillərdir.
2014-cü ilin birinci rübündə Azərbaycan Prezidenti İlham Əliyevin fərman və sərəncamları ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" və "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" ölkəmizin bütün bölgələrinin hərtərəfli inkişafı sahəsində məqsədyönlü siyasətin davamı olmaqla, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində müstəsna rol oynayacaqdır. Belə ki, qalan sosial və iqtisadi məsələlərin növbəti beş il ərzində həllinə təkan olacaq və 2018-ci ilə qədər bölgələrdə əsas sosial infrastruktur, iqtisadi məsələlər öz həllini tapacaqdır. Xatırladaq ki, təkcə bu ilin birinci rübündə regionlarda 100-ə yaxın sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlamış, 500-dək müəssisənin isə tikintisi davam etdirilir.
Ölkəmizdə aparılan məqsədyönlü siyasət nəticəsində daha yüksək inkişaf göstəricilərinə malik olan iqtisadiyyatımız əhalinin etibarlı sosial müdafiəsinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin edib. Son on il ərzində Azərbaycanın beynəlxalq əlaqələri də güclənib, genişləndirilmişdir. Belə ki, Azərbaycan son on il ərzində 39 ölkədə səfirlik açmışdır və hazırda səfirliklərin sayı 57-yə çatmışdır. Bu gün Azərbaycan dünya miqyasında seçilən, fərqlənən ölkələrdən biridir. Dövlətin həyata keçirdiyi siyasət Azərbaycan xalqının, dövlətinin müdafiəsinin təminatçısıdır. Azərbaycan xalqı sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində öz inkişaf dövrünü yaşayır və bundan sonra da nailliyyətlərə imza atıla-atıla ölkəmiz tarixi zamanına möhrünü vuracaq. Təbii ki, sabitlik olmadan heç bir inkişafdan, rahat, firavan həyat tərzindən danışmaq qeyri-mümkündür. Azərbaycan Prezidenti çıxışında onu da bildirmişdir ki, Azərbaycan birinci rübdə beynəlxalq siyasətlə bağlı öz mövqelərini dünyada daha da möhkəmləndirmişdir. Azərbaycan beynəlxalq aləmdə çox etibarlı tərəfdaş kimi tanınır: "Bizim xarici siyasətimiz açıqdır, prinsipialdır, ədalətə, beynəlxalq hüquqa söykənir. Bu prinsipiallıq və hər bir məsələ ilə bağlı mövqeyimizin sərgilənməsi, əlbəttə ki, Azərbaycana əlavə rəğbət yaradır".
Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. "Əgər bunlar pozulursa, onda bütün beynəlxalq əməkdaşlıq və münasibətlər mexanizmi pozulur" - deyən Cənab Prezident beynəlxalq aləmdə bu prinsipial mövqenin Azərbaycana böyük rəğbət yaratdığını bildirib. Azərbaycan beynəlxalq təşkilatlarla uğurla əməkdaşlıq edir, beynəlxalq təşkilatların üzvüdür. 2014-cü ilin birinci rübündə də bu əlaqələr davam etdirilib. Azərbaycan dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərini uğurla davam etdirir.
Cənab İlham Əliyev beynəlxalq məsələlərlə bağlı Azərbaycanın əsas məsələsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli olduğunu bildirib: "Əfsuslar olsun ki, birinci rübdə bu istiqamətdə heç bir irəliləyiş olmamışdır. Baxmayaraq ki, keçən ilin sonlarında vasitəçilərin müəyyən nikbin fikirləri olmuşdur. Ancaq onlar özünü doğrultmur. Bu gün biz yenə də onun şahidiyik ki, Ermənistan sadəcə olaraq vaxt uzatmaqla məşğuldur. "Nə hərb, nə sülh" vəziyyətini saxlamaq istəyir və beynəlxalq vasitəçilər əfsuslar olsun ki, onlara ciddi təzyiq etmirlər". İyirmi ildən artıqdır ki, Ermənistan Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisini işğal altında saxlayır. Torpaqlarımızın 20 faizi işğal altındadır. Cənab Prezident BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin pozulduğunu bildirib: "BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilmir. Digər beynəlxalq təşkilatların - Avropa Şurası, Avropa Parlamenti, ATƏT, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri icra edilmir. Onlara məhəl qoyulmur. Minlərlə Azərbaycan vətəndaşı həlak olubdur. Bizə qarşı soyqırımı törədilibdir". Çox təəssüflə də olsa bildirək ki, bütün bunların müqabilinldə Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmir. "Biz bu ikili standartlardan yorulmuşuq. Bu qədər ədalətsizliyə dözmək mümkün deyildir" - deyən Cənab Prezident ədalətin tezliklə həllini tapacağana əminliyni bildirib.
Görülən işlər və mövcud vəziyyət gələcəyə nikbinliyi daha da artırır. Ölkə başçısı tərəfindən həyata keçirilən siyasət milli maraqlar üzərində qurulub və bu da müstəqilliyin daha da möhkəmlənməsinə, uğurlarımızın artacağına istiqamətləndirilib.
Nəzakət ƏLƏDDİNQIZI