Beynəlxalq Avrasiya Mətbuat Fonduna (BAMF) BMT-nin İqtisadi-Sosial Şurasının yüksək məşvərətçi statusunun verilməsi bütövlükdə Azərbaycan vətəndaş cəmiyyətinin uğurudur.
AzərTAc xəbər verir ki, bu sözləri BAMF-ın sədri Umud Rəhimoğlu aprelin 22-də jurnalistlərə müsahibəsində demişdir.
U. Rəhimoğlu bildirmişdir ki, yüksək məşvərətçi status dünyanın 148 vətəndaş cəmiyyəti təşkilatına verilmişdir. Ümumilikdə isə BMT-də 3500-dən artıq vətəndaş cəmiyyəti institutu təmsil olunur. Beynəlxalq Avrasiya Mətbuat Fondu bu ali statusu BMT-nin cari ilin yanvarında keçirilmiş sessiyasında qazanmışdır.
BAMF-ın sədri qeyd etmişdir ki, Fond yarandığı gündən beynəlxalq təşkilatlar ilə sıx əməkdaşlığa üstünlük verir. Sevindirici haldır ki, BAMF postsovet məkanında bu statusu almış ikinci qeyri-hökumət təşkilatıdır.
U. Rəhimoğlu diqqətə çatdırmışdır ki, bu uğur həm də BAMF-a Azərbaycanın hüdudlarından kənarda keçirilən beynəlxalq tədbirlərdə iştirak, ölkəmizi təmsil etmək hüququ qazandırmışdır. Yüksək məşvərətçi status, eyni zamanda, BMT-nin gündəliyinə məsələlər daxil etmək, bu məsələlərlə bağlı tədbirlər keçirmək, hətta təşkilatın baş katibinin çıxışına müəyyən şərhlər vermək imkanı yaratmışdır.
AzərTAc