Prezident İlham Əliyev: "Bu oyunları elə keçirəcəyik ki, bu, gələcək Olimpiya Oyunları üçün də nümunə olsun"
Təkzibedilməz faktdır ki, Azərbaycanda idmanın inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasət bu sahədə böyük uğurların əldə edilməsi ilə nəticələnir. Bu uğur özünü dünya miqyaslı yarışlarda əldə edilən qələbələrdə, ölkəmizdə keçirilən nüfuzlu idman yarışlarında, Azərbaycanda müasir idman infrastrukturunun yaradılmasında və idmanın ətrafında böyük gənclik ordusunun cəmləşməsində göstərir. Artıq bu gün Azərbaycanda yaradılmış müasir səviyyəli idman infrastrukturu istənilən yarışı yüksək səviyyədə qəbul etməyə imkan verir. Bu amil isə ölkəmizin beynəlxalq idman federasiyaları və təşkilatları yanındakı nüfuzuna da müsbət mənada təsir göstərib. Bu uğurun əldə edilməsinin əsası isə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub.
Bədən tərbiyəsi və idmanın sağlam nəslin formalaşdırılmasındakı əhəmiyyətini yaxşı bilən Ulu Öndər bu sahədə ciddi baza formalaşdıra bilmişdi. Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev isə öz növbəsində həm dövlət başçısı, həm də Milli Olimpiya Komitəsinin rəhbəri kimi idmanın inkişaf etdirilməsi və həyat tərzinə çevrilməsi üçün genişmiqyaslı işlər həyata keçirib və bu proses hazırda uğurla davam etməkdədir. Dövlət başçısının idman sahəsində həyata keçirdiyi uğurlu siyasətin nəticəsi ilə demək olar ki, hər gün qarşılaşırıq. Yəni dövlət idmana, idmançılara elə şərait yaradıb ki, Azərbaycan idmançıları qələbələri bir-birinin ardınca sıralayaraq ölkəmizin nüfuzunu daha da artırırlar.
Dövlət başçısı İlham Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət Azərbaycanın idman ölkəsi kimi nüfuzunu xeyli artırmaqla yanaşı, beynəlxalq federasiyaların seçim edərkən məhz ölkəmizə üstünlük verməsini təmin edib. Yəni Azərbaycan müasir idman və digər infrastruktura, dünya arenalarında böyük uğurlar qazanan idmançılara sahib dövlət kimi seçim zamanı bir addım öndə olur.
Bu bir faktdır ki, hazırda Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib. Həqiqətən Azərbaycan idmanı müstəqillik illərində böyük inkişaf yolu keçib, perspektivli yeniyetmə və gənc idmançıların aşkar edilməsi üçün ölkəmizdə əlverişli şərait yaradılıb. Müstəqil ölkə kimi Atlanta Olimpiya Oyunlarında bir, Sidneydə üç, Afinada beş, Pekində yeddi medal qazanan ölkəmizin təmsilçiləri Londonda 10 medal qazanmaqla rekorda imza atıblar. Artıq ölkəmiz bir sıra beynəlxalq yarışa yüksək səviyyədə ev sahibliyi edib və bundan sonra da edəcək. Son on il ərzində Azərbaycanda 300-ə yaxın beynəlxalq səviyyəli idman tədbiri yüksək səviyyədə keçirilib. Hətta Bakıda şahmat üzrə 2015-ci il Dünya Kuboku yarışlarının və 2016-cı il Dünya Şahmat Olimpiadasının Azərbaycanda keçirilməsi ilə bağlı müqavilə də imzalanıb.
Azərbaycanda vurğulanan beynəlxalq idman tədbirlərilə yanaşı, I Avropa Oyunları da keçiriləcək. Məlumat üçün bildirək ki, 2012-ci il dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında 2015-ci ildə I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilib. Avropa Olimpiya Komitəsinin üzvü olan 49 milli olimpiya komitəsindən 48-nin iştirakı ilə keçirilmiş gizli səsvermədə 38 ölkə lehinə, 8 ölkə əleyhinə, 2 ölkə bitərəf olmaqla I Avropa Oyunlarının Bakıda keçirilməsi təsdiqlənib.
Əlbəttə ki, bu tarixi qərarın qəbul edilməsində ilk növbədə ölkəmizin beynəlxalq nüfuzu həlledici rol oynayıb. Çünki son illər ərzində Azərbaycan dünya miqyasında özünü dinamik inkişaf edən müasir güclü ölkə kimi təqdim edə bilib. Baxmayaraq ki, Azərbaycan cəmi 21 ildir müstəqil dövlət kimi yaşayır, lakin bu gün Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş və dost kimi tanınır. Prezident İlham Əliyevin I Olimpiya Oyunlarının Təşkilat Komitəsinin ilk iclasında dediyi kimi, bizim beynəlxalq nüfuzumuzun yüksək səviyyədə olmasını, eyni zamanda, BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimiz də təsdiqləyir: "Bu da tarixi bir qərar idi. Müstəqilliyimizin 20-ci ildönümünə təsadüf edən bu tarixi qərar əslində 20 il ərzində görülən işlərin təzahürü idi. Bu gün Azərbaycan dünya birliyinin bir nömrəli qurumunun üzvüdür və keçən ilin may ayında BMT Təhlükəsizlik Şurasına sədrlik etmişdir. Əlbəttə ki, beynəlxalq mövqelərimizin möhkəmlənməsi və təsir imkanlarımızın genişləndirilməsi sayəsində ölkəmizin gələcək maraqları daha dolğun şəkildə təmin ediləcəkdir. Şübhəsiz ki, Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında verilmiş qərarın əsasında məhz bu amil dayanmışdır".
Təbii olaraq, I Olimpiya Oyunlarının Bakıda keçirilməsi əhali tərəfindən çox yüksək səviyyədə dəstəklənir. Aydındır ki, Azərbaycan iki dəfə öz namizədliyini Yay Olimpiya Oyunlarının keçirilməsi üçün verib. Məhz o zaman rəy sorğuları nəticəsində müəyyən edilib ki, Azərbaycan əhalisi Olimpiya Oyunlarının Bakıda keçirilməsini dəstəkləyir. Bununla yanaşı, şəhər infrastrukturunun müasirləşməsi və Azərbaycanın mötəbər beynəlxalq tədbirlərin keçirilməsi üzrə mükəmməl təcrübəyə sahib olması da bu tarixi qərarın verilməsinə səbəb olub. Yəni ölkəmiz bu hər dəfə öz təşkilatçılıq qabiliyyətini göstərməklə bir növ yeni standartlar tətbiq edib. Bu, artıq Azərbaycan standartlarıdır. Çünki istənilən beynəlxalq tədbir Azərbaycanda, Bakıda yüksək səviyyədə keçirilir və əminlik var ki, Avropa Oyunları da yüksək səviyyədə keçiriləcək.
I Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmiz üçün, ümumiyyətlə, bütün Avropa Olimpiya hərəkatı üçün tarixi hadisədir. Regionun lider dövlətinə çevrilən Azərbaycanın sürətli inkişafı, dünya birliyində tutduğu mövqe, mövcud ictimai-siyasi sabitlik beynəlxalq ictimaiyyətdə əminlik yaradıb ki, ölkəmiz bu mötəbər tədbirə uğurla ev sahibliyi edə biləcək. Bu qərarın qəbul edilməsi respublikamızda çoxsaylı idman yarışlarının, Avropa və dünya çempionatlarının yüksək səviyyədə keçirilməsinə, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri nailiyyətlərə, ümumilikdə Azərbaycanda idman sahəsində görülmüş işlərə beynəlxalq və Avropa Olimpiya Komitəsi tərəfindən verilən yüksək qiymətdir. Qeyd edək ki, Olimpiya Oyunları elə Avropa qitəsində yaranıb və sonradan da Avropa qitəsində bərpa edilib. Amma bu günə qədər Avropa Oyunları keçirilməyib. Məhz ilk oyunların da Bakıda keçirilməsi əlbəttə ki, böyük nailiyyətdir və bu, dövlətimizin böyük uğurumuzdur.
Xatırladaq ki, Azərbaycan dövləti hər zaman olduğu kimi bu dəfə də üzərinə götürdüyü məsuliyyətin ağırlığını dərk edərək, dərhal hazırlıq işlərinə start verdi. Belə ki, 2013-cü il yanvarın 17-də Prezident İlham Əliyevin Sərəncamı ilə Avropa Oyunlarını yüksək səviyyədə keçirmək üçün Təşkilat Komitəsi yaradılıb və ötən il Təşkilat Komitəsinin toplantısı keçirilib. 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva bildirib ki, I Avropa Oyunlarının 2015-ci ilin iyun-iyul aylarında keçirilməsi nəzərdə tutulub. Bu oyunlarda Avropa Olimpiya Komitəsinin üzv ölkələrinin iştirakı gözlənilir. Avropa Olimpiya Komitəsi ilə əldə olunmuş razılığa əsasən, Bakıda keçiriləcək yarışlarda 5 min nəfərədək idmançının iştirakı nəzərdə tutulub.
Məlumat üçün bildirək ki, artıq I Avropa Oyunlarına hazırlığın ilkin mərhələsində yarışların keçirilmə yerləri müəyyən edilib. Yarışların Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Tofiq Bəhramov adına Respublika Stadionu, "Baku Crystal Hall", "Sərhədçi İdman Kompleksi", Əl Oyunları Sarayı, 8-ci Kilometr stadionu, Güllə Atıcılığı Stendi və Bakı Ekspo Mərkəzində keçirilməsi mümkündür. 2015-ci ilədək Olimpiya Stadionunun, Su İdman Növləri Mərkəzinin inşasının bitməsi planlaşdırılır və bu yeni qurulan idman sarayları da oyunlar zamanı istifadə olunacaq. Gimnastika Kompleksi isə artıq istifadəyə verilib.
I Avropa Oyunlarının rəsmi açılış və bağlanış mərasimlərinin Bakıda, Böyükşor gölünün yaxınlığında inşa olunan 65 min yerlik Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulub. Artıq demək olar ki, inşası nəzərdə tutulmuş olimpiya mərkəzləri və stadionlarda işlər yekunlaşmaq üzrədir. Həmçinin, I Avropa Oyunlarının rəsmi açılış və bağlanış mərasimlərinin təşkili ilə bağlı dünyanın bu sahədə böyük təcrübəyə malik aparıcı şirkətləri ilə danışıqlar aparılıb, Avropa Oyunları tarixinə ilk atributlar kimi daxil olacaq I Avropa Oyunlarının loqotip və şüarının müəyyən edilməsi, simvolun seçilməsi və himnin bəstələnməsi istiqamətində işlər görülüb. Artıq I Avropa Oyunlarının loqotipi də müəyyənləşdirilib.
Qaydalara uyğun olaraq Avropa Oyunlarında qalib idmançılara təqdim olunan medallar ev sahibi olan ölkənin Milli Olimpiya Komitəsi tərəfindən hazırlanır və Avropa Olimpiya Komitəsi ilə razılaşdırılır. Oyunlarda iştirak edəcək idmançıların yerləşdirilməsi məqsədi ilə Atletlər Kəndi yaradılır. Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri Media Kəndində yerləşdiriləcəklər. Bu ərazidə yaradılacaq mərkəzdə və "Baku Crystal Hall"dakı Media Mərkəzində onlara tələb olunan şərait yaradılacaq. Əlbəttə ki, oyunların keçiriləcəyi müddətdə - 2015-ci ilin iyun və iyul aylarında Bakıya çoxsaylı qonaqlar gələcək. Artıq idmançıların, rəsmi nümayəndə heyətlərinin, turistlərin və qonaqların yerləşdirilməsi üçün Bakı və Abşeronda mövcud olan otellərin sayı və tutumu dəqiqləşdirilib. Seçim imkanını artırmaq üçün şəhərə yaxın istirahət düşərgələri və yeni inşa olunan otel komplekslərindən də istifadə olunacaq.
I Avropa Oyunları ilə əlaqədar olaraq, bir sıra idman obyektləri beynəlxalq standartlara uyğunlaşdırılır. Həmin idman obyektləri həm müasir, həm də beynəlxalq federasiyaların texniki tələblərinə uyğun vəziyyətə gətirilir. Bu tələblər, eyni zamanda, məşq prosesinin təşkil edilməsinə də aiddir. Təcrübə göstərir ki, iştirak edən idmançılar məşq zallarının yarış keçirilən arenaların texniki şərtlərinə və şəraitlərinə uyğun olmasını istəyirlər. Bunu da qeyd etmək vacibdir ki, media nümayəndələri idmançıların məşq proseslərini daha çox izləyir və məşq zallarında olan şərait ümumi rəyə ciddi təsir edir.
Vacib sahələrdən biri yarışlar zamanı idmançıların və məşqçilərin, eyni zamanda qonaqların qidalanması, tibbi xidmət və nəqliyyat məsələləridir. Atletlər kəndində xüsusi poliklinika və yeməkxana yaradılır. Eyni zamanda, yarış yerlərində xüsusi qonaqlar üçün VİP salonlar, yarışda iştirak edən idmançıların qidalanması və tamaşaçılar üçün iaşə obyektləri şəbəkəsi formalaşdırılır. Həmçinin, atletlər kəndində idmançılar, məşqçilər və yardımçı heyət üçün nəzərdə tutulan yaşayış, inzibati, rəsmi və təsərrüfat təyinatlı otaqlar və sahələr müvafiq mebel, avadanlıq və ləvazimatla təchiz edilir. Eyni zamanda, atlet kəndində yerləşəcək bütün kateqoriya qonaqlar üçün müvafiq infrastruktur o cümlədən trenajor zalları, hovuz, xidmət sahələri, bank, foto, kimyəvi təmizləmə, bərbərxana, poçt məntəqəsi, internet-klub, kafe, asudə vaxtın keçirilməsi üçün yer və s. yaradılır.
Yarış günlərində şəhərin nəqliyyat sisteminin təkmilləşdirilməsi ilə yanaşı, idmançıların, rəsmi nümayəndə heyətlərinin, jurnalistlərin və digər qonaqların şəhərdə, atletlər kəndi-idman obyektləri marşrutu ilə maneəsiz və fasiləsiz hərəkətini təmin etmək üçün kiçik və irihəcmli nəqliyyat vasitələrinin alınmasına ehtiyac var. Bunun üçün isə Nəqliyyat Nazirliyi tərəfindən kompleks tədbirlər planı hazırlanıb. Bu mənada, 49 ölkənin iştirak edəcəyi bu tədbirdə rəsmi heyətlərin ölkəyə gəlişi və gedişi üçün əsas nəqliyyat bağlantıları olaraq Heydər Əliyev Beynəlxalq Hava Limanı, Bakı Dəmir Yolu Vağzalı, avtomobil nəqliyyatı strukturları nəzərdə tutulur. Qonaqların əksəriyyətinin gəliş və gedişi Heydər Əliyev Beynəlxalq Hava Limanı vasitəsilə nəzərdə tutulur ki, bu da proqnozlara görə iştirakçıların 90 faizə qədərini əhatə edəcək. Nəqliyyat xidmətlərinin göstərilməsində rəsmi heyətlər xüsusi yer tutur. Onlara ayrıca nəqliyyat vasitələrinin ayrılması təmin ediləcək. Olimpiada vaxtı bu şəxsləri, həmçinin idmançıları və onları müşayiət edənləri olimpiya şəhərciyindən olimpiya stadionuna və idman oyunlarının keçiriləcəyi digər obyektlərə, həmçinin turistlərin daşınması həyata keçiriləcək.
Qeyd olunan nəqliyyat xidmətlərinin təşkili üçün artıq nəqliyyat vasitələri, avtobuslar, minik və taksi avtomobilləri, metro vaqonları, mövcud nəqliyyat vasitələri, onların texniki vəziyyəti və təminat imkanları, nəqliyyat xidmətlərinin tam təminatı üçün nəqliyyat parkının yeniləşdirilməsi, Bakı şəhərində nəqliyyat infrastrukturu, gözlənilən sərnişin dövriyyəsinin təmin olunması üçün mövcud vağzalların və hava limanının imkanlarının araşdırılması və tədbirlərin görülməsi, Olimpiya stadionuna və digər idman obyektlərinə gedən əsas yolların genişləndirilməsi və bərpası, burada yeni bağlantıların və qovşaqların inşası, şəhərətrafı istirahət zonalarına gedən yolların genişləndirilməsi və yeni yolların tikintisi, bütün yolların xətlənməsi və yol nişanlarının qoyulması həyata keçirilir və əsas magistral yolların tikintisi yekunlaşmaq üzrədir.
Bununla yanışı, əsas tədbir və oyunların keçiriləcəyi Bakı Olimpiya Stadionuna gedən yolların, bağlantıların tikintisi üzrə Ziya Bünyadov prospekti yenidən qurulur və prospekt üzərində yol qovşaqlarının tikintisi davam etdirilir və işlər bu ilin əvvəllərində yekunlaşacaq. Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel olan Həsən Əliyev küçəsinin sonundan Keşlə stansiyasına və Ziya Bünyadov prospekti üzərindən Olimpiya Stadionuna birbaşa yolun tikintisinə başlanılıb. Bu isə 2015-ci ilin birinci rübündə yekunlaşacaq. Həmçinin, Buzovna-Mərdəkan-Qala, Qala-Zığ şossesi bağlantısı 2014-cü ilin birinci yarısında yekunlaşacaq. Şəfa stadionunun qarşısındakı tunel və yeraltı piyada keçidi, Maştağa-Buzovna yolu, Qələbə meydanı qovşağı istismara hazırdır. Qonaqların gəliş-gedişinin təmin edilməsi və yüksək səviyyədə xidmətin göstərilməsi üçün Bakı dəmir yolu vağzalında yenidənqurma işləri davam etdirilir. Bakıda ictimai nəqliyyatın fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri davam edir, avtobuslarda elektron-ödəmə sisteminə keçid təmin edilir. Vətəndaşlarımıza və qonaqlara yüksək səviyyədə xidmət göstərilməsi üçün mövcud avtobus və taksi parkı da əsaslı şəkildə bərpa edilir və yeniləşdirilir.
2015-ci ildə keçiriləcək birinci Avropa Oyunları ərəfəsində və dövründə daxili sabitliyin, ölkəmizə gələcək nümayəndə heyətlərinin və bütün qonaqların təhlükəsizliyinin təmin olunması da çox önəmli məsələlərdəndir. Məhz qarşıda duran vəzifələrin uğurlu icrası üçün müasir informasiya-kommunikasiya texnologiyalarından geniş istifadə olunacaq. Bu baxımdan, hüquq qaydasına nəzarətin fasiləsiz həyata keçirilməsində əhəmiyyətli rolu olan "Təhlükəsiz Şəhər" sisteminin videomüşahidə vasitələrinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işlər Sizin böyük qayğınız sayəsində ardıcıllıqla həyata keçirilməkdədir. Sistemin fəaliyyətə başladığı 2008-ci ildən bu günədək respublika üzrə 1330 yerdə 5790, o cümlədən paytaxtda 1064 yerdə 2902, Gəncədə 131 yerdə 370, Sumqayıtda 85 yerdə 228, Abşeron rayonunda 19 yerdə 55, habelə Bakı metropolitenində 73 yerdə 1974 kamera quraşdırılıb.
Ötən il isə paytaxtda daha 150 yer üzrə 210 videomüşahidə vasitəsi istismara verilib. O cümlədən, 150 yerdə "Üztanıma" funksiyasına malik kameraların alınmasına zəruri maliyyə vəsaiti də ayrılıb. Bundan əlavə, "Eurovision-2012" Mahnı Müsabiqəsi ərəfəsində Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına yol-patrul avtomobilləri, əl metal detektorları və digər xüsusi vasitələr alınıb, bütün yol-patrul avtomobilləri bort kompyuterlərlə təchiz olunub.
Birinci Avropa Oyunları ilə əlaqədar təminat tədbirləri çərçivəsində əlavə olaraq post-patrul xidməti avtomobillərində də bort kompyuterlər quraşdırılır, piyada naryadlar üçün planşet kompyuterlər, radiostansiyalar və metal axtaran detektorlar alınır. Asayişin təmini tədbirlərində iştirak edəcək bayır xidməti əməkdaşlarının professional və fiziki hazırlığı artırılır, habelə ingilis dili kurslarına cəlb olunması sahəsində tədbirlər də davam etdirilir. Bununla bərabər, strateji əhəmiyyətli mühüm obyektlərdə mühafizə-rejim tədbirləri, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin qorunması gücləndiriləcək, insanların sıx toplaşdığı, o cümlədən istirahət və gəzinti yerlərində hüquq qaydasının təmin olunmasına cəlb ediləcək qüvvələrin sıxlığı dislokasiya üzrə artırılacaq.
Yarışlar keçirilən ərazidə və qonaqların yerləşəcəyi mehmanxanaların ətrafında nəzarət-buraxılış işinin təşkili, habelə nəqliyyatın normal hərəkətinin təmin edilməsi, xarici ölkələrin nümayəndə heyətlərinin müşayiəti üçün lazımi sayda yol-patrul naryadlarının ayrılması, bütövlükdə isə bu mühüm beynəlxalq tədbirə polisin və Daxili Qoşunların 20 mindən çox əməkdaşının və hərbi qulluqçusunun cəlb edilməsi nəzərdə tutulub.
Bir sözlə, I Avropa Oyunlarına hazırlıq işləri yüksək səviyyədə və sürətlə davam edir. Prezident İlham Əliyev aprelin 13-də keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib ki, biz birinci Avropa Oyunlarına hazırlığın həlledici mərhələsinə qədəm qoyuruq: "Bu oyunlar həm idman növlərinin və həm də idmançıların sayına görə Olimpiya İdman Oyunlarına çox yaxındır. Bu Oyunları elə keçirəcəyik ki, bu, gələcək Olimpiya Oyunları üçün də nümunə olsun. Azərbaycan özünü dünyaya yenidən müasir, dinamik inkişaf edən, güclü dövlət kimi təqdim edəcəkdir".
Əlbəttə ki, dünya idmanının tarixində ilk dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyi etmək missiyasının Bakının üzərinə qoyulması dövlətimiz üçün böyük önəm daşıyır. Oyunlar zamanı paytaxtımıza 10 minədək idmançının, məşqçinin, rəsmi şəxsin, jurnalistin gələcəyi gözlənilir. Yarış günlərində Avropanın, eləcə də dünyanın aparıcı telekanalları Bakıdan xəbərlər yayacaq, paytaxtımız növbəti dəfə dünya idmanının mərkəzinə çevriləcək. Bundan başqa, oyunlar Azərbaycanda turizmin, nəqliyyat infrastrukturunun və digər sahələrin inkişafına da böyük təkan verəcək. Avropa Oyunlarının keçirilməsində əldə edəcəyimiz təcrübə gələcəkdə digər mühüm yarışlara ev sahibliyi etməyimizə şərait yaradacaq və təcrübəmizi artıracaq. Ən əsası isə Yay Olimpiya Oyunlarına təşkilatçılıq etmək şanslarımız artacaq. Prezident İlham Əliyevin sözlərilə desək, biz bu oyunları ən yüksək səviyyədə keçirəcəyik. Çünki Azərbaycanda qoyulan standartlar bundan sonra Avropa Oyunları üçün bir standart kimi qəbul ediləcək.
"Səs" Analitik Qrupu