Bu əlaqələr siyasi təşkilatın nəinki regionda, eləcə də, dünyada nüfuzlu partiya olduğunu təsdiqləyir
Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası ən güclü siyasi qüvvə olmaqla fəaliyyətində beynəlxalq əlaqələr xüsusi önəm verir. Belə ki, partiyanın bu sahədə fəaliyyəti həmişə yüksələn xətlə inkişaf edib. Yeni Azərbaycan Partiyasının müxtəlif ölkələrin siyasi partiyaları və demokratik təsisatları ilə qurduğu işgüzar və səmimi münasibətlər ardıcıl olaraq inkişaf etməkdədir.
YAP-ın beynəlxalq əlaqələrinin coğrafiyası getdikcə daha da genişlənir
Yeni Azərbaycan Partiyasının Nizamnaməsində də göstərilmişdir ki, partiyanın ali məqsədi Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və müasir beynəlxalq münasibətlər sistemində layiqli yer tutması, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, sabit və sosial yönümlü iqtisadiyyatın yaradılması, irqindən, milliyyətindən, sosial mənşəyindən, dilindən və dinindən asılı olmayaraq, şəxsiyyətin hüquq və azadlıqlarının hərtərəfli və etibarlı müdafiəsinin təmin edilməsi, qanunçuluq, möhkəm əmin-amanlıq, ictimai həmrəylik və firavan həyat üzərində qurulmuş vətəndaş cəmiyyətinin formalaşdırılması və insanların müstəqil dövlətçilik ətrafında birləşdirilməsindən ibarətdir. Məhz bu səbəbdən təşkilatın beynəlxalq aləmdə də aktiv fəaliyyət göstərməsi əsas amil kimi nəzərə çarpır. Bu baxımdan YAP-ın beynəlxalq əlaqələrinin coğrafiyası getdikcə daha da genişlənir.
Bu sahədə fəaliyyət həmişə yüksələn xətlə inkişaf etməkdədir
Yeni Azərbaycan Partiyası yarandığı gündən etibarən bu prinsipi qoruyub saxlamış və inkişaf etdirmişdir. Çünki Ulu Öndərimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan bu günədək böyük inkişaf yolu keçib. Bu gün partiyanın Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə partiya yeni-yeni uğurlara imza atır. YAP nəinki ölkəmizin, eyni zamanda, Cənubi Qafqaz bölgəsinin ən böyük siyasi qüvvəsidir. Dünyanın bir sıra nüfuzlu partiyaları ilə ikitərəfli və beynəlxalq tədbirlər çərçivəsində əməkdaşlıq edir. Bu baxımdan, çox nüfuzlu Avropa Xalqları Partiyası ilə əlaqələr böyük əhəmiyyət kəsb edir. Bu, beynəlxalq əlaqələrin daha da genişləndirilməsi ilə yanaşı, YAP-ın fəaliyyəti haqqında da Avropaya geniş bilgilər verir. Bu fakt onu da sübut edir ki, Azərbaycan Avropa dəyərlərinə sadiqdir. Avropada aparıcı siyasi güc olan qurumla geniş əməkdaşlıq etməklə Yeni Azərbaycan Partiyası Avropa dəyərlərini, insan hüquqlarını, demokratik dəyərləri yüksək tutduğunu nümayiş etdirir. Eyni zamanda, dünyanın aparıcı partiyalarının sıralarına qoşulmaq istiqamətində addımlar atır. Eləcə də, AXP YAP-la əməkdaşlığa əhəmiyyət verir. Bu, artıq siyasi güc tərəfindən YAP-ın siyasətini bəyənmək deməkdir.
YAP-ın nüfuzu partiyanın beynəlxalq tədbirlərə ev sahibliyi etmək gücünün göstəricisidir
YAP-ın beynəlxalq əlaqələri yalnız Avropa məkanı ilə bitmir. Sirr deyil ki, müstəqil Azərbaycan Avropa ilə Asiya arasında rol oynayan əhəmiyyətli bir körpüdür. Ona görə də, Avropa ilə yanaşı, Asiya qitəsi ilə də əməkdaşlıq məsələlərinə hər zaman önəm verilir. Xüsusi olaraq, vurğulamaq mümkündür ki, YAP böyük beynəlxalq tədbirlərə ev sahibliyi etməsi onun böyük nüfuzunun təzahürüdür. Artıq bu təzahürün ölkəmizədə ənənə halını alması baş verən uğurlu nailiyyətlərin məntiqi nəticəsidir. Məhz bu səbədəndir ki, Azərbaycanda baş verən proseslərə dünya böyük maraq göstərir. Bu isə YAP-ın nüfuzunun artması ilə yanaşı, onun dünyanın siyasi qurumlarına inteqrasiyasının nəticəsidir.
Digər bir məqamı da xatırlatmaq olar ki, partiyanın təşkilatçılığı ilə Bakı şəhərində dünyanın 30-dan çox ölkəsindən nüfuzlu siyasətçilərin iştirak etdiyi "Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" mövzusunda beynəlxalq konfrans keçirildi. Tədbirdə qonaqlar qloballaşan dünyada modernləşmə siyasəti və yeni iqtisadi və sosial çağırışların müzakirəsinin olduqca əhəmiyyətli olduğunu bildirdilər. Məsələn, Filippinin beş dəfə spikeri olmuş Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Daimi Komitəsinin həmsədri Xose Venesia və Avropa Xalqları Partiyasının prezidenti Uilfred Martensin konfransda iştirak və çıxış etməsi, bir daha onu göstərdi ki, YAP həm Avropada, həm də Asiyada böyük nüfuza malikdir. Ümumiyyətlə, bu əlaqələr, eyni zamanda, müstəqil Azərbaycan Respublikasının siyasi partiyalar səviyyəsində beynəlxalq təşkilatlarda təmsilçiliyinin yüksək nümunəsidir.
YAP-ın beynəlxalq əlaqələrinin genişlənməsi Dağlıq Qarabağ probleminin həllində önəmli rol oynayır
Qeyd etmək olar ki, ayrı-ayrı ölkələrdəki çox mühüm və böyük siyasi partiyalar ilə əlaqələr qurmaqda məqsəd Azərbaycan reallıqlarını dünyaya çatdırmaqdır. Bu baxımdan YAP-ın fəaliyyəti üzərində daha bir missiya dayanıb. Bu, Azərbaycan xalqının ümummilli problemi olan Dağlaq Qarabağ məsələsi olmaqala yanaşı, Azərbaycanı daha da tanıtmaq, Azərbaycan reallıqlarını həmin ölkələrin siyasi dairələrinə çatdırmaqdır. Bu istiqamətdə də qurulan əlaqələr çox ciddi və önəmli məsələləri ehtiva edir. Bütün bunlar Dağlıq Qarabağ həqiqətlərinin beynəlxalq aləmdə təqdim edilməsinə əhəmiyyətli töhfə verir. Partiyalararası münasibətlər çərçivəsində Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycanın mövqeyi kifayət qədər təbliğ edilir, Azərbaycan torpaqlarının işğaldan azad olunması tələbinin haqlı olduğu beynəlxalq təşkilatların, o cümlədən, Avropada və Asiyada fəaliyyət göstərən nüfuzlu siyasi partiyaların diqqətinə və nəzərinə çatdırılır. Xüsusilə, vurğulamaq olar ki, bu kontekstdə Şərq ölkələrində fəaliyyət göstərən partiyalar ilə də əlaqələr eyni mövqedən çıxış edir. Asiya Siyasi Partiyalar Beynəlxalq Assosiasiyası çərçivəsində keçirilən bütün tədbirlərdə Dağlıq Qarabağ ilə bağlı Azərbaycanın mövqeyi ortaya qoyulub və assosiasiya üzvü olan partiyaların səsləndirdiyi bəyanatlarda bu məsələ öz əksini tapıb.
Beləliklə, sonda bu cür qənaətə gəlmək mümkündür ki, bu gün beynəlxalq əlaqələrini durmadan inkişaf etdirən Yeni Azərbaycan Partiyası həm daxili, həm də xarici siyasi baxışlarında daim ölkəmizin müstəqilliyini, demokratiyasını nümayiş etdirir. Bu uğurların ardıcıl olmasında partiyanın Sədri, Prezident İlham Əliyevin göstərdiyi xidmət əvəzedilməzdir. Çünki Yeni Azərbaycan Partiyasının qurucusu Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət bu gün də layiqincə davam etdirilir.
RƏFİQƏ HÜSEYNOVA