Prezident İlham Əliyev: "Şahdəniz-2", TANAP və TAP Avropanın ən böyük infrastruktur layihələridir"
Milli enerji strategiyasının formalaşması daxili potensialın təhlili ilə yanaşı, qlobal aləmdə gedən proseslərin, dünya enerji balansının inkişaf meylinin və bəşəri enerji istehlakının yüksəliş templərinin nəzərə alınmasını da şərtləndirir. İlk dəfə, Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dünya enerji xəritəsindəki rolunu və potensial imkanlarını hesablamaqla respublikamızın yeni neft-qaz strategiyasını müəyyənləşdirdi. Ulu Öndərin formalaşdırdığı strategiya əsasında, məhz Azərbaycanın müstəqillik əldə etməsindən 3 il, ölkədə vətəndaş müharibəsinin bitməsindən bir il, Ermənistanla müharibədə atəşkəsin əldə edilməsindən yalnız 4 ay sonra respublikamız xarici tərəfdaşları ilə birlikdə "Əsrin müqaviləsi"ni imzalayıb. Bu hadisə ilk dəfə Xəzər dənizini xarici sərmayələrə açıb və ölkəmizin uğurlu iqtisadi inkişafını təmin edib.
Təsadüfi də deyil ki, həmin müqavilə XX əsrin müqaviləsi adlandırılıb. Ardınca, 1996-cı ildə "Şahdəniz" qaz yatağı ilə bağlı saziş imzalanıb, 1999-cu ildə Xəzər dənizini Gürcüstanın Qara dəniz sahilləri ilə birləşdirən ilk boru kəməri inşa edilib, 2006-cı ildə Xəzər dənizini Aralıq dənizi və beynəlxalq bazarlarla birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri, 2007-ci ildə isə Azərbaycan, Gürcüstan və Türkiyəni digər layihə ilə də birləşdirən Cənub qaz boru kəməri inşa edilib. 2011-ci ildə də Azərbaycan ilə Avropa İttifaqı arasında strateji enerji əməkdaşlığına dair memorandum imzalanıb. Bu da öz növbəsində ölkəmizin enerji strategiyasının həyata keçirilməsinə və Avropa istiqamətində enerji təchizatının şaxələndirilməsinə yardım edib. 2012-ci ildə Azərbaycan Türkiyə ilə Trans-Anadolu boru kəməri - TANAP-a dair tarixi sazişi imzalayıb. Bu il isə TAP layihəsi əsas ixrac marşrutu seçilib. Məhz əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş enerji strategiyası sayəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamaqla yanaşı, etibarlı karbohidrogen təchizatçısı mənbəyinə çevrilib. Amma ötən ilin dekabr ayının 17-də Bakıda imzalanma mərasimi olmuş "Şahdəniz-2" müqaviləsilə Azərbaycan Avropanın enerji xəritəsinə yeni elementlər əlavə etdi.
Sözsüz ki, "Şahdəniz-2", TANAP və TAP dünyanın ən iri enerji layihələrindəndir. Layihəyə 45 milyard dollar məbləğində sərmayə cəlb ediləcək, marşrut boyu yerləşən ölkələrdə 30 mindən çox yeni iş yeri yaradılacaq. "Şahdəniz" layihəsinin ilkin mərhələsinin əhatə etdiyi ölkələr - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya, İtaliya, Bolqarıstan ilə sıx əməkdaşlıq tələb olunacaq. Sonrakı mərhələdə Azərbaycan Monteneqro və Xorvatiya ilə fəal əməkdaşlığa başlayacaq. Bu boru kəmərinin Balkanlar istiqamətində uzadılması planları da var. Eyni zamanda, qarşıdan gələn illərdə Rumıniya, Macarıstan və Avstriyadakı tərəfdaşlarımızla boru kəmərinin həmin istiqamətdə də uzadılması üzrə fəal iş görüləcək.
Saziş çərçivəsində imzalanacaq müqavilələr bu əməkdaşlığın 40 il, hətta uzun müddət davam edəcəyinə imkan verəcək. Əvvəlcədən aparılmış təhlillərə əsasən müəyyən edilib ki, yeni boru kəməri ilə Türkiyəyə nəql ediləcək 6 milyard kubmetr qazla yanaşı, əlavə 10 milyard kubmetr qazın Avropaya nəqli qitənin yeganə təchizatçı və ya bir tranzit sistemindən asılılığını azaldacaq. Həmçinin, qarşıdan gələn illərdə "Cənub" dəhlizinin Yaxın Şərqdə nəhəng qaz təchizatçılarını əhatə edərək genişlənmə potensialı var ki, bu da öz növbəsində Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə olacaq.
Digər tərəfdən, Avropanın qaz bazarında rəqabət artacaq. Bu isə enerjinin qiymətini daha münasib edəcək. Bundan əlavə, Avropa İttifaqının qaz bazarı o qədər əlaqəlidir ki, bilavasitə Azərbaycandan qaz alan ölkələrdən savayı digər dövlətlər də bunun bəhrəsini görəcəklər. Eyni zamanda, "Cənub" dəhlizi iqlim dəyişikliyi ilə bağlı qarşıya qoyulan məqsədləri dəstəkləyəcək. Yenilənən enerjiyə yönəlmiş sərmayələrin fonunda qaz Avropaya ən sadə və etibarlı enerji təmin edəcək. Çünki qaz ekoloji baxımdan kömürdən təmizdir. Hazırda isə bir sıra Avropa dövlətlərinin hökumətləri üçün enerji təhlükəsizliyinin təmin edilməsi qlobal iqlim dəyişikliyi ilə mübarizədən daha ön sırada durur. Bu, Avropada enerji təhlükəsizliyini gücləndirməklə "Cənub" dəhlizi qitəyə zəhərli tullantıların azaldılmasına da diqqəti yönəltməyə imkan verəcək.
Nəhayət, "Cənub" dəhlizinin işlənilməsi 2000 mil uzunluğunda marşrut boyu dövlətlərə mənfəət gətirəcək və qeyd edildiyi kimi, tikinti mərhələsində otuz mindən artıq yeni iş yeri yaradacaq. İnşası başa çatdıqdan sonra boru kəmərləri Azərbaycan üçün Avropa bazarına uzunmüddətli çıxış təmin edəcək. Qeyd edək ki, sazişlə reallaşdırılacaq layihə çərçivəsində Xəzər dənizində ən qabaqcıl sualtı hasilat texnologiyasının tətbiqi ilə Azərbaycandan Avropaya qədər 6 ölkəni birləşdirəcək təxminən 3500 kilometr uzunluğunda boru kəmərləri sisteminin tikintisi və istismarı gerçəkləşdiriləcək. "Şahdəniz-2" layihəsi üzrə platforma və sualtı qurğuların əksər hissəsinin faktiki olaraq Azərbaycanda inşa olunacaq.
Bunun üçün Bakı yaxınlığında yerləşən tikinti-quraşdırma sahələrinin texniki və texnoloji imkanları artırılacaq, sualtı əməliyyatların həyata keçirilməsinə xidmət edən bir neçə gəminin texniki və funksional imkanları təkmilləşdiriləcək. Sualtı tikinti işlərinin həyata keçirilməsi üçün çoxprofilli bir nadir gəmi inşa ediləcək. Onu da xüsusi vurğulamaq lazımdır ki, həmin gəminin Bakıda yenicə istifadəyə verilmiş Gəmiqayırma Zavodunda tikilməsi planlaşdırılır. Bunlar da Azərbaycan üçün yeni texnologiyalar, biliklər və potensial deməkdir. Ən mühümü isə "Şahdəniz-2" və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihələri Azərbaycanda işçi qüvvəsi üçün təxminən on mindən artıq yeni iş yerinin açılmasına səbəb olacaq. Bu layihənin digər iştirakçı ölkələr üçün də əhəmiyyətli olacaq. TANAP və TAP layihələrinin inşası prosesində Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya, İtaliya və digər ölkələrdə də minlərlə yeni iş yeri açılacaq, həmin ölkələrin iqtisadiyyatlarına müsbət təsir göstərəcək.
Sevindirici haldır ki, avropalıların bir çox nəsillərinə xidmət edəcək "Cənub" qaz dəhlizinin yaradılmasında ən böyük investorlardan biri SOCAR olacaq. ARDNŞ artıq bp və BOTAŞ-la birgə həyata keçirəcəyi TANAP layihəsində ən böyük investor və operator, Avropa şirkətləri ilə birlikdə inşa edəcəyi TAP layihəsində isə ən böyük investorlardan biridir. SOCAR həmçinin, "Şahdəniz" və Cənubi Qafqaz Boru Kəmərində payını artırıb.
Məlumat üçün bildirək ki, "Cənub" qaz dəhlizinin tam gücü ilə işləməsi üçün "Şahdəniz-2" yatağından hasil olunacaq qazla yanaşı digər mənbələr də işə salınacaq. Yəni bu, enerji zəncirinin yalnız birinci halqası olacaq. Çünki Azərbaycanın qaz potensialı zəngindir, ona görə də, mövcud imkanları nəzərə alaraq, "ikinci qaz dalğasını" bu gün də aydın görmək olar.
Belə ki, Azərbaycanın enerji strategiyası son illərdə kəşf edilmiş yataqların, habelə ölkəmizin qaz potensialını daha da artıracaq bir neçə kəşfiyyat layihəsinin işlənilməsini nəzərdə tutur. "Mərhələ-2" çərçivəsində işlənilməsi planlaşdırılan "Şahdəniz"in əlavə ehtiyatlarından, bu yaxınlarda Xəzərdə kəşf edilmiş "Abşeron" və "Ümid" yataqlarının, "Azəri-Çıraq-Günəşli" yataqlar blokundakı dərin qaz ehtiyatlarının, olduqca perspektivli "Şəfəq-Asiman", "Babək", "Zəfər-Məşəl" və başqa strukturların potensialından tam istifadə ediləcək. Bu mənada, Prezident İlham Əliyev aprelin 13-də keçirilmiş Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib ki, TANAP XXI əsrin layihəsidir: "Şahdəniz-2", TANAP və TAP Avropanın ən böyük infrastruktur layihələridir. Neft-qaz sektorunda işlər yüksək səviyyədə aparılır. Keçən ilin sonlarında TANAP layihəsinin icrasına başlanmış, artıq tenderlər elan edilmiş və yaxın zamanlarda tikintiyə başlanacaq. Azərbaycan bu layihənin icrasında liderlik keyfiyyətlərini nümayiş etdirir".
"Səs" Analitik Qrupu