Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin Moskvada keçirilən konfransında iştirak edən Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib ki, Xəzəryanı ölkələrin dövlət başçılarının Həştərxan Zirvə görüşündə qəbul ediləcək yekun sənədin razılaşdırılması ilə bağlı bir çox prinsipial məsələlərdə ümumi razılıq əldə edilib. Həştərxan Zirvə görüşünədək xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupunun Tehranda və Həştərxanda daha iki görüşünün keçirilməsi planlaşdırılır: "Böyük ehtimal var ki, bu görüşlər çərçivəsində gündəliyə çıxarılacaq bütün məsələlər üzrə razılaşma əldə olunacaqdır. Söhbət ilk növbədə, dövlət başçılarının Zirvə görüşünün yekunlarına dair qəbul edəcəkləri sənəddən gedir. Bundan əlavə, Zirvə görüşünün nəticələrini əks etdirən kommünikenin qəbul edilməsi məsələsi də razılaşdırılacaqdır. Eyni zamanda, hidrometeorologiya, nərə balıqlarının ovlanmasına moratorium qoyulması sahələrində razılaşmalar, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığa dair hökumətlərarası sazişin razılaşdırılması üzərində işlərin başa çatdırılması nəzərdə tutulmuşdur. Ekspertlər Zirvə görüşünədək bütün sənədlərin razılaşdırılmasını başa çatdırmalıdırlar".Azərbaycan xarici işlər nazirinin müavini qeyd edib ki, dövlət başçılarının Zirvə görüşündə imzalanması nəzərdə tutulan sənədlərin əsas müddəaları üzərində iş başa çatmaq üzrədir.
sia.az