"Ermənistanın qondarma "erməni soyqırımı"nı dünya xalqlarına həqiqət kimi tanıtdırmaq üçün geniş miqyaslı fəaliyyət apardığı bir zamanda Azərbaycan xalqı əsl həqiqətləri, "erməni soyqırımı"nın uydurma olduğunu, əsl həqiqətin ermənilərin ötən əsrin müxtəlif dövrlərində azərbaycanlılara qarşı soyqırımı, talanları həyata keçirməsi olduğunu dünyaya ictimaiyyətinə çatdırmalıdır". SİA-nın xəbərinə görə, bu fikirləri Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili Gövhər Baxşəliyeva deyib.O, bütün həqiqətləri üzə çıxaran faktları aşkarlayaraq geniş ictimaiyyətə çatdırmaq sahəsində Şərqşünaslıq İnstitutunda aparılan işlərdən də danışıb: "Arazın hər iki tayında ermənilərin törətdiyi soyqırımlar barədə həqiqətlərdən bəhs edən və İranda nəşr olunan kitablar tərcümə edilib, Bakıda, Qubada, Şamaxıda 1918-ci ildə törədilən soyqırımı, talanlarla bağlı rəsmi sənədlərin aşkarlanaraq kitab şəklində bir neçə dildə dünya ictimaiyyətinə çatdırılıb və bu sahədə işlər yenə də davam etdirilir".İllər keçdikcə ermənilərin qətlə yetirilməsi ilə bağlı uydurma rəqəmlərin şişirdilərək 1,5 milyon nəfərə çatdırıldığını deyən İnstitutun direktoru vurğulayıb ki, hətta Britaniya ensiklopediyasında Birinci Dünya müharibəsi ərəfəsində Türkiyədə yaşayan ermənilərin sayının cəmi 1,3 milyon nəfər olduğu deyilir və bunun həqiqətə uyğun olmadığı təsdiqlənib: "Əslində ermənilərin Türkiyədə kütləvi dəfninə aid heç bir faktı üzə çıxara bilmədikləri və onların təbliğatlarında söylədiklərinin heç bir əsası olmadığını göstərmək olar. Bütün bu məsələlər tarixçilər, elm adamlarının iştirakı ilə həllini tapmalıdır. Ümumiyyətlə, bu hadisələri soyqırımı adlandırmaq tamamilə yanlışdır".
sia.az