"SƏS Media Qrup"un rəhbəri Bəhruz Quliyev Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya və Jurnalistika fakültəsinin jurnalistika ixtisası üzrə təhsil alan tələbələrinə açıq dərs keçib. SİA-nın məlumatına görə, ADU-nun İctimaiyyətlə əlaqələr departamentinin dəvəti ilə Universitetdə qonaq olan Bəhruz Quliyev "Azərbaycan dili və ədəbiyyatı" kafedrasının müəllimi və adı çəkilən departamentin müdiri Zeynab Kazımovanın Jurnalistika ixtisasının II kursunda təhsil alan tələbələrinə tədris etdiyi "Azərbaycanda informasiya agentlikləri" fənni üzrə dərsdə "Özəl İnformasiya Agentliklərinin yaranması, inkişafı, qeydiyyat proseduru və hüquqi statusu" mövzusunda tələbələrə mühazirə oxuyub.Departament müdiri əvvəlcə tələbələrə "SƏS Media Qrup"un rəhbəri Bəhruz Quliyevi təqdim edib.Açıq dərsin iştirakçılarına Səs İnformasiya Agentliyi (SİA) haqqında məlumat verən Bəhruz Quliyev qeyd edib ki, SİA 2008-ci il iyulun 23-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçib: "SİA Azərbaycan, ingilis və rus dillərində xəbər xidməti göstərir. Agentliyin Azərbaycanın bütün bölgələrində, o cümlədən Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Moldova və Avropada büroları var. Azərbaycanda fəaliyyət göstərən xarici səfirliklər, beynəlxalq təşkilatların təmsilçilikləri, dövlət strukturları, qeyri-hökumət təşkilatları, siyasi partiyalar, diaspor qurumlarımızla geniş əlaqəmiz var. Agentlikdən başqa onun törəmə qurumu kimi SəsTV internet televiziyası, siasport.az idman portalı, siatravel.az turizm agentliyi fəaliyyət göstərir".Daha sonra "SƏS Media Qrup"un rəhbəri Azərbaycanda özəl informasiya agentliklərinin yaranması, inkişafı, qeydiyyatı və hüquqi statusu haqqında tələbələrə məlumat verib. Bildirib ki, kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu ölkəmizdə informasiyanın axtarılması, əldə edilməsi, hazırlanması, ayrı-ayrı ünvanlara göndərilməsi, istehsalı və yayımının ümumi qaydalarını, habelə çap mediasının, elektron medianın, informasiya agentliklərinin, televiziya və radio yayımı təşkilatlarının vətəndaşların tam, doğru-dürüst və operativ informasiya almaq hüququnun həyata keçirilməsinə yönəldilmiş fəaliyyətinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir.Çıxışı zamanı "SƏS Media Qrup"un rəhbəri Bəhruz Quliyev özəl informasiyanın dövlətin daxili və xarici siyasətində rolu, yeri və əhəmiyyətindən də danışıb. Tədbirdə iştirak edən SİA-nın şöbə müdiri Ofelya Abbasova jurnalistlərin etik davranış normaları haqda tələbələrə məlumat verərək, jurnalist ixtisası üzrə pedaqoji təcrübəsindən söhbət açıb.Sonda Bəhruz Quliyev tələbələrin çoxsaylı suallarını cavablandırıb.
sia.az