Aprelin 23-də İsveçrənin Vo kantonunda yerləşən və mehmanxana biznesi üzrə ixtisaslaşan, ali təhsil ocaqları arasında xüsusi nüfuzu ilə seçilən Qlion Ali Təhsil İnstitutunda təhsil alan azərbaycanlı tələbələr Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfirliyinin dəstəyi ilə sözügedən institutun binasında təşkil olunmuş "Mədəniyyət yarmarkasında" iştirak edib və Azərbaycan mədəniyyətinin təqdimatını keçiriblər. Səfirlikdən SİA-ya verilən məlumata görə, təqdimat zamanı Azərbaycan milli musiqisi səsləndirilib, incəsənət, mədəniyyət, adət və ənənələrimiz barədə qonaqlara məlumatlar verilib, müxtəlif mədəni əşyalar, suvenirlər və ədəbiyyat nümunələri nümayiş etdirilib. Həmçinin, qonaqlara milli mətbəximizdən müxtəlif təamlar təqdim olunub.İnstitutun Baş direktoru Cudi Hou Azərbaycan stendinə baş çəkib və stendin gözəl tərtibatına görə təşəkkür edib. O, Azərbaycandan olan tələbələrin sözügedən institutun ən fəallarından olduqlarını məmnunluqla qeyd edərək, azərbaycanlı tələbələrlə səfirlik arasında bu cür əməkdaşlığı yüksək qiymətləndirib.
sia.az