Bu gün ADA Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan Əlimərdan bəy Tobçubaşovun 150 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilib. SİA-nın xəbərinə görə, ilk olaraq çıxış edən Universitetin rektoru Hafiz Paşayev bildirib ki, Azərbaycanın görkəmli siyasi xadimi, diplomat, hüquqşünas, çar Rusiyasının birinci Dövlət Dumasının üzvü (1905) Ə. Tobçubaşova həsr olunan bu tədbir Tobçubaşov irsinin daha dərindən öyrənilməsində mühüm rol oynayacaq.Qeyd edək ki, konfransın açılışında Milli Məclisin sədri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov, AMEA-nın sədri Akif Əlizadənin çıxışı nəzərdə tutulur.Daha sonra tədbirdə "Topçubaşov Diplomat və Dövlət xadimi kimi" mövzusunda Azərbaycan, eyni zamanda ABŞ, İsveç kimi digər ölkələrdən olan nümayəndələrin məruzələrlə iştirakı planlaşdırılır. "Topçubaşovun siyasi irsi və onun fəaliyyətinin milli dövlətçiliyə təsiri" mövzusunda isə ABŞ-ın Princeton Universitetinin dosenti Michael Reynoldsın, millət vəkili Musa Qasımlı və başqalarının təqdimatı olacaq. Ardınca ADA və digər universitetlərdən olan tələbələr də öz təqdimatları ilə tədbirə öz töhfələrini verəcəklər.
sia.az