Bu gün Bakıda II Qlobal Müştərək Cəmiyyətlər Forumu öz işinə başlayıb. SİA-nın məlumatına görə, II Qlobal Müştərək Cəmiyyətlər Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Madrid Klubu və Roma Klubunun təşkilatçılığı, Dünya Elm və Mədəniyyət Akademiyası, BMT, İsgəndəriyyə Kitabxanası və digər təşkilatların birgə əməkdaşlığı çərçivəsində keçirilir.
Nüfuzlu ictimai, siyasi xadimlərin, elm adamlarının qatıldığı Forumda 45 ölkənin sabiq rəhbəri iştirak edir. Forumda əsasən açıq cəmiyyətlərin əhatə əsasları, iqtisadi dayaqları, mürəkkəb situasiyalarda münaqişələrin həlli, davamlı inkişaf prosesinin təmin edilməsində idarəetmə kimi mühüm məsələlər müzakirə olunacaq.
II Qlobal Müştərək Cəmiyyətlər Forumunda sessiyalardan biri mürəkkəb situasiyalarda münaqişələrin həlli yollarının müzakirəsinə həsr edilib. Bu sessiyada məruzəçilər münaqişələrin həlli və sosial inteqrasiya sahəsində təcrübə və biliklərini bölüşərək inteqrasiya və açıqlığın mövcud problemlərin aradan qaldırılmasında faydalı ola biləcək əsas prinsipləri barədə danışacaqlar. Müzakirələr zamanı Dağlıq Qarabağ münaqişəsi, onun həlli yollarına xüsusi diqqət ayrılacaq, məruzəçilər bu məsələ ətrafında geniş fikir mübadiləsi aparacaqlar.
Avropa Şurasının Demokratiya və Siyasət Məsələləri Komitəsinin sədri, Yunanıstanın sabiq Xarici İşlər naziri Dora Bakoyyanisin sədrliyi ilə keçəcək iclasda Türkiyənin sabiq Xarici İşlər naziri Hikmet Çetin, İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin, Mərkəzin üzvləri - Rumıniyanın sabiq prezidenti Emil Konstantinesku, Serbiyanın keçmiş dövlət başçısı Boris Tadic və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Madrid Klubunun prezidenti, Latviyanın sabiq prezidenti Vayra Vike-Frayberqa çıxış edəcəklər.
Ümumilikdə Forumda 54 ölkədən 150-dən artıq nüfuzlu ictimai-siyasi xadim, rəsmi şəxs, ekspert və elm adamı iştirak edir.
Qeyd edək ki, Forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə keçirilir.
sia.az