PDF Oxu

Siyasət

  • 5

Ulu Öndər Heydər Əliyevin demokratik dövlətçilik fəlsəfəsi

Ulu Öndər Heydər Əliyevin demokratik dövlətçilik fəlsəfəsi

Məlum olduğu kimi, demokratiya nəzəriyyəsi qəti surətdə tövsiyə edir ki, dövlət idarəçiliyi sistemi siyasəti müəyyən edən adamlara (peşəkarlara) tabe olmalıdır: bu sistem hamı üçün əlverişli olmalı, o, inzibati proseslərin və hərəkət nümunələrinin gizli olmasını mütləq minimuma endirməlidir; o, açıq olmalı və iş axtarmasından, informasiya almaq istəyindən asılı olmayaraq, bütün vətəndaşlara təqribən bərabər imkanlar yaratmalıdır; vətəndaşlara öz fikrini sərbəst ifadə etmək azadlığı verilməlidir; insanlar üçün sevmədikləri hökuməti qanuni yolla hakimiyyətdən kənar etməkdən ötrü şərait yaratmalıdır.

Demokratik dövlətin mahiyyəti mülki cəmiyyətə xidmət edən dövlətin olmasındadır. Demokratiyanın əsas prinsiplərindən biri çoxluğun idarə etməsidir. O, xalq suverenliyi doktrinasının əsasıdır. Ona əsasən xalq hakimiyyətin yeganə mənbəyi elan olunur.

Fəlsəfə üzrə elmlər doktoru Rəbiyyət Aslanova yazır ki, milli dövlətçilik, dünyanın bütün dövlətlərinin təşkilatlanmasının əsas prinsipi və modelidir. Milli dövlət-dövlət suverenliyinin başlıca daşıyıcısı, qarantıdır. Milli suverenlik - hər bir xalqın (millətin) öz ictimai-siyasi quruluşunu, ərazi bütövlüyünü, iqtisadi müstəqilliyini, mədəniyyətini və s. azad seçmək hüququ, yəni öz taleyini özünün həll etməsi hüquqüdur. Dövlət ali, son məqsəd, ali dəyərdir, əks təqdirdə o, suveren deyil, o öz tamlığının, müstəqilliyinin qarantı deyil, suveren hakimiyyətsiz milli dövlət yoxdur.

Suverenlik vahid və bölünməzdir və xalqa məxsusdur. Hər bir dövlət suveren olmalı, suveren olmaq üçün isə özünü milli dövlət elan etməli, onun mövcudluğunu başqa ölkələr tanımalıdır, milli dövlətlərin sərhədləri toxunulmazdır və birtərəfli qaydada dəyişdirilə biməz. İctimai-siyasi təşkilatlanmanın milli dövlətçilik modeli, bütün dövlətləri beynəlxalq münasibətlərin vahid bərabərhüquqlu üzvləri kimi müqayisə və qəbul etməyə imkan verir. XX əsrin sonlarında dünyanın siyasi xəritəsində məlum hadisələrin baş verməsi nəticəsində müstəqil dövlətlərin sayının durmadan artmasına rəğmən onların mövcud olduğu sərhədlərin toxunulmazlığı, beynəlxalq münasibətlərin əsas prinsipi kimi bir daha möhkəmləndirildi, təsdiq edildi. R.Aslanova daha sonra göstərir ki, milli dövlətçiliyin və suverenlik prinsipinin, müasir dünyanın ictimai-siyasi təşkilatlanmasının əsas modeli kimi məqbul sayılması, "millilik" anlayışına unikal bir status verilmişdir. Millilik hər hansı bir dövlətin legitimliyinin əsaslandırılması üçün birinci (və hələlik yeganə) şərt və vasitə kimi tanınmışdır.

Məhz bu unikallığın, özəl mahiyyətin təhrif olunması, başqa sözlə desək, anlayışın universallıq kimi aspektlə varislik və bağlılığının unudulması, yaxud bilərəkdən nəzərə alınmaması bəzi üzdəniraq ideoloqların elmi-siyasi cəhətdən qeyri-real, nəticələri baxımından təhlükəli sayılan xülya və niyyətlərinə rəvac vermişdir. XX əsrin sonlarına doğru dövlət suverenliyinin əldə olunması prosesini müşayiət edən sərhədlərin toxunulmazlığı prinsipinin kobud şəkildə pozulması, millilik və millətçi-şovinizm anlayışlarının eyniləşdirilməsi nəticəsində ortaya çıxan silahlı separatizm və terror kimi hadisələr də paralel olaraq getmişdir. "Milli azadlıq hərəkatı" adlandırılaraq müstəqil dövlətimizin ərazi bütövlüyunü pozan, tarixdə dəfələrlə sərhədlərini genişləndirmək məqsədini güdən, millət-dövlətlərin formalaşma prosesinin getdiyi XX əsrin əvvəllərində olduğu kimi bu dəfə də baş qaldıran erməni millətçi-şovinizmi yenidən məhz dalğada təşəkkül tapdı. Əlbəttə, təəssüflə qeyd edə bilərik ki, ilk zamanlar öz siyasi-ideoloji doktrinalarını həyata keçirən Qərb dövlətləri, ümumiyyətlə də, dünya ölkələri, Dağlıq Qarabağ probleminə ilk vaxtdan adekvat mövqe və münasibət göstərə, müvafiq tədbirlər həyata keçirə bilmədi, təcavüzkar ermənilərin tələbləri müdafiə olundu. Dağlıq Qarabağ problemi ilə bağlı bu gün beynəlxalq təşkilatlarda qəbul olunan sənədlər, "soyuq siyasət buzunun" əriməyə başlaması Ulu Öndərimizin beynəlxalq siyasət meydanında atdığı uğurlu addımların nəticəsidir. Ötən illər ərzində Ulu Öndərimiz Heydər Əliyevin titanik əməyi və fəaliyyəti sayəsində dünyada Dağlıq Qarabağda baş verən proseslərin mahiyyəti ilə tanış olmağa doğru böyük irəliləyiş getdi. Bu gün dünya ictimaiyyəti daha qətiyyətlə belə bir fikirdə yekdil olmaqdadır: separatçı rejimlər, suverenlik və sərhədlərin toxunulmazlığı prinsipini pozmaqla, qloballaşan dünya üçün ən böyük təhlükə mənbəyidir.

Ulu Öndər çıxışlarının birində deyirdi: "Azərbaycan Respublikasının Prezidenti kimi mənim borcum, vəzifəm və məqsədim ondan ibarətdir ki, Azərbaycanda həqiqi, demokratik cəmiyyət yaransın." Dövlət bir sosial institut olaraq 10 min ildir ki, mövcuddur və ictimai maraqların təzahür və cəmiyyətin müəyyən ideyalar ətrafında strukturlaşmış formasıdır. Gecikmədən belə bir təsisat yaratmaq qarşıda duran vacib məsələlərdən idi. Heydər Əliyev deyirdi: "Müstəqilliyimizi möhkəmləndirmək üçün qarşımızda bir çox mühüm vəzifələr də durur. Bu vəzifələr dövlətçiliyi möhkələndirmək üçün islahatlar keçirməkdən, iqtisadi, siyasi və ictimai sahələrdə islahatlar aparmaqdan, respublikamızda hüquqi-demokratik dövlət yaratmaqdan, cəmiyyətimizi tam demokratik bir cəmiyyətə çevirməkdən, insan hüquqlarının qorunması, adamların azad - asudə yaşamasını təmin etməkdən ibarətdir".

Professor Şahlar Əsgərov yazır: "Heydər Əliyev o zamankı çətin dövrdə dövləti qurmağın sirrini, elmi və siyasi konstruksiyası üçün lazım olan dövləti detalları - siyasəti, iqtisadiyyatı, mənəviyyatı lazımi istiqamətdə aparmaq üçün tələb olunan, bilgiyə, təcrübəyə, iradəyə malik idi. Sosialist dəyərlər sisteminə yox deyilmişdir. Yeni dəyərlər sistemi lazım idi. Bu dəyərlər sistemi bəşəri dəyərlər sistemi olmalı idi. Bildiyimizdən imtina etmişdik. Bilmədiyimizə tərəf gedirdik. "Tarix-inam ulduzu altında insanların azadlığa gedən yoludur" - deyiblər. Bu yolda ölkəyə Heydər Əliyev rəhbərlik edirdi."

Əli Xankişiyev göstərir ki, Heydər Əliyev siyasətində, ümumiyyətlə, azacıq da olsa təsadüf ehtimlına yer verilmir. Bu baxımdan Heydər Əliyev təcrübəsinin öyrənilməsi Azərbaycanın həm bu günü, həm də gələcəyi üçün çox böyük əhəmiyyət kəsb edir. Əvvəla, respublikamızın geopolitik vəziyyəti elədir ki, "nazik sap üzərində siyasət" məsələsi heç vaxt öz əhəmiyyətini itirməyəcəkdir. Halva-halva deməklə ağız şirin olmadığı kimi, azadlıq və müstəqillik deməklə də nə azadlıq, nə də müstəqillik əldə edilmir. Azadlığı, müstəqilliyi, milli dövlətçiliyi qoruyub saxlamaq və inkişaf etdirmək bütün dünyanın və qonşu dövlətlərlə mənafe toqquşması istisna edilməyən Azərbaycan şəraiti üçün olduqca çətin bir işdir. Belə bir işin öhdəsindən yalnız Heydər Əliyev kimi mahir və uzaqgörən siyasətçilər gələ bilər. Məşhur siyasətçilərdən birinin Heydər Əliyev haqqında dediyi sözləri xatırlamaq yerinə düşərdi: "Azərbaycanın bəxti gətirmişdir ki, onun Heydər Əliyev kimi təcrübəli, hərtərəfli geniş biliyə və bacarığa malik rəhbəri vardır. İndi dünyada belə siyasətçilər çox az tapılır."

Filosof Bernin bir fikrində deyilir: "Bir dəyərlər sistemindən digər dəyərlər sisteminə keçmək üçün nəsil dəyişməlidir". Deməli, yol uzundur. Bu dövr keçid dövrü adlanır. Keçid dövrü dövlət quruculuğunun başlandığı və qurtardığı dövrdür. Keçid dövründə ideya mənbəyi prezidentdir. Yeri gəlmişkən qeyd edək ki, stabil quruluşlarda ideya mənbəyi xalq və onun seçilmiş nümayəndələridir. A.Şopenhauerin fikrincə: "Hökmdarlar yetişmir, onlar anadan hökmdar doğulurlar". Heydər Əliyev keçid dövrünün müddətini qısalda biləcəyinə əmin olan dövlət baqşçısı oldu. O, yeni dövləti qurmaq üçün liberal-demokratik dəyərlər sistemini seçərək dövlət quruculuğunda istifadə edəcəyi prinsipləri belə bəyan etmişdi: "Respublikamızda hüquqi dövlət quruculuğu, demokratik, sivilizasiyalı cəmiyyət yaradılması, insan azadlığı, söz, vicdan azadlığının, müasir plüralizmin təmin edilməsi, çoxpartiyalı sistemin bərqərar olması bizim əvvəldən qəbul etdiyimiz prinsiplərdir" .

Ulu Öndər dövlət quruculuğu zamanı milli və bəşəri dəyərlərin vəhdətindən, tarixi ənənələrdən istifadə ediləcəyi haqda əhaliyə vaxtaşırı məlumat verirdi: "Dövlət qurulduqca nəinki tarixi və milli ənənələrimiz nəzərə alınır, həm də dünya təcrübəsindən, demokratik prinsiplərdən istifadəyə edilir".

Heydər Əliyev əhaliyə müraciət edir, gələcəyə baxmağı tövsiyə edir və hər bir kəsi dövlət quruculuğunda öz töhfəsini verməyə çağırırdı. Dövlət aparatının demokratik modeli Böyük Öndərin aşağıdakı fikirləri ilə həmahəng səslənir: "Siz gələcək övladlarınızı, nəvələrinizi də düşünməlisiniz ki, onlar necə yaşayacaqlar. Əgər biz bu dövləti, demokratik-hüquqi dövləti, bazar iqtisadiyyatı yolu ilə gedən dövləti qursaq və bunu qurmalıyıq - Azərbaycanın iqtisadi potensialı o qədər böyükdür ki, onu beləliklə, hərəkətə gətirib Azərbaycanın iqtisadiyyatını inkişaf etdirəcəyik və ölkəmizin hər bir vətəndaşına normal, firavan həyat sürməyi təmin edə biləcəyik, Bu, bizim hamımızın vəzifəsidir. Təkcə Prezidentin yox, hər bir vəzifəli şəxsin vəzifəsidir, hər bir vətəndaşın vəzifəsidir. Çünki bu ölkə bizimkidir, bu xalq, bu dövlət bizimkidir".

Ş.Əsgərov Ulu Öndərin demokratik dövlət quruculuğunun əsas istiqamətlərini belə müəyyənləşdirir:

* Azərbaycanın müstəqilliyi bütün Azərbaycan xalqının milli sərvətidir və heç cür yol vermək olmaz ki, bu ayrı-ayrı siyasi partiyaların, qurumların, şəxslərin müstəsna səlahiyyətinə, monopoliyasına çevrilsin;

* Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və qoruya bilərsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar;

* Bu gün bolşeviklərin və kommunistlərin özünü doğrultmayan təcrübələrindən yenidən istifadəyə yol verilməməlidir;

* Müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi hər şeydən əvvəl respublikada qanunların toxunulmazlığından, qanunun aliliyindən asılıdır. Totalitarizmdən tamamilə xilas olmaq yalnız demokratiyanın ardıcıl inkişafı siyasi plüralizm, insan azadlığı şəraitində mümkündür. Söhbət söz, vicdan, din, təşəbbüskarlıq və sahibkarlıq, mülkiyyətçilik, seçib-seçilmək azadlığından gedir.

Professor R.Aslanova yazır: "Dünyada baş verən hadisələr millı dövlətçilik maraqlarını "ləğv etmir." Məsələnin mahiyyəti əslində başqa müstəvidədir. Tarixdən məlumdur ki, dünya inkişafının keçid, dəyişiklik adlandırılan məqamlarında dövlətçilik və onun maraqlarının zamanın tələblərinə uyğun qurulması problemi bütün ölkələr qarşısında durmuşdur.

Hazırda dünya dövlətləri məhz belə bir transformasiya çağını, keyfiyyət dəyişikliyini yaşayırlar. Belə dövrlərdə hər bir ölkə dəyişikliklərin labüdlüyü meyili ilə milli dövlətçilik maraqlarının bu dəyişikliklərə uyğun çevik mexanizmini yaratmaq zərurətini həli etməli olurlar. Əgər "milli dövlətçilik" deyilirsə, burada həm "millilik " həm də "dövlətçilik" mənafelərinin vəhdətdə iştirak etdiyini unutmaq olmaz. Məlumdur ki, müxtəlif siyasi şəraitdə, müxtəlif qüvvələr millilik və dövlətçilik anlayışlarını bir-birindən öz məqsədlərinə uyğun təcrid edir, ictimai şüurun bu mövzuya həssas münasibətini manipulyasiya edirlər. Dövlətçiliyin maraq və mənafelərini arxa plana keçirərək milli maraqlar adı ilə öz şəxsi niyyətlərini həyata keçirirlər. Bütün hallarda millilik və dövlətçiliyin həssas və kövrək ahəngi, bütövlüyü nəzərə alınmadıqda nəticələr istənilən kimi olmur."

R.Aslanova daha sonra qeyd edir: "Ümummilli Liderimiz Heydər Əliyevin dövlətçilik siyasətinin bu baxımdan nəticələri günümüzün reallığı və ən böyük uğurlarımızdır. Dövlət müstəqilliyinin bütün sahələrdə möhkəm təməllərinin qurulması ilə bərabər, Azərbaycanın dünyaya tanıdılması, siyasi sabitliyin təmin edilməsi, iqtisadiyyata aparıcı beynəlxalq təşkilatların maliyyə və sərmayə qoyuluşunun cəlb edilməsi kimi müdrik siyasət dünya inkişafının mövcud meyillərini nəzərə almaqla həyata keçirilmiş, Azərbaycanın suverenlik statusunun mövcud problemlərin həlli mexanizmində hər an qətiyyətlə vurğulanmışdır. Ulu Öndərimiz dəyişən dünyanın indisi və gələcək perspektivlərinə adekvat cavab verən dövlətçilik siyasətinin əsas istiqamətlərinin strategiyasını Azərbaycana irs qoyub getmişdir."

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər