Hazırda yüksək tərəqqi və zənginləşmə erasına qədəm qoymuş müasir Azərbaycanın inkişaf platforması ildən-ilə yeni iqtisadi proseslərin, industriual cəmiyyət quruculuğunun və innovativ iqtisadiyyatın yaradılması fonunda daha da zənginləşməkdədir. Sözsüz ki, respublikamızın yüksək artım templəri əldə etməsinin və indiki meqainkişaf erasına çatmasının başlıca məntiqi elmi-iqtisadi məzmunu Ulu Öndər Heydər Əliyevin yaratmış olduğu mükəmməl inkişaf doktrinasının təməlləri üzərində inkişaf etdirilən və yeni iqtisadi qanunauyğunluqlar üzərində diversifikasiya olunan fundamental konsepsiyanın həyata keçirilməsi ilə bağlıdır. Prezident İlham Əliyevin yaratdığı yeni makroiqtisadi platforma və inkişaf formulu Azərbaycanın son illər proqressiv meyillərlə irəliləməsinin əsas konsepsiyasını təşkil edib.
Ümumiyyətlə, regionların inkişafı Azərbaycanın iqtisadi diversifikasiya siyasətinin ön komponenti olmaqla yanaşı, yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern reformalar, innovativ iqtisadiyyata hazırlıq, kreativ quruculuq və digər sistemli hədəflərin reallaşmasında mühüm bir dövlət siyasətinin tərkib hissəsini təşkil edir. Regionların inkişafı ilə bağlı 2004-cü ildən başlayaraq həyata keçirilən təsirli və komleks tədbirlərin icrasının mövcud tendensiyası, qazanılmış misilsiz nailiyyətlər tam əsasla bir real tezisi meydana çıxarır: son 10 ildə Azərbaycan iqtisadi, sosial, siyasi, ictimai, humanitar, elmi-mədəni cəhətdən əsaslı dönüşə və yüksək indikatorlara nail olan, iqtisadiyyatını bir neçə dəfə inkişaf etdirməklə dünya üzrə ən proqressiv meyarlara malik olan tam modernləşən dövlətə çevrilib. Prezident İlham Əliyevin birbaşa nəzarəti altında davam etdirilən bu siyasi-iqtisadi regional inkişaf formulu ölkənin iqtisadi inkişafına yeni dinamizm elementlərinin yaranmasına, respublikanın hərtərəfli sosial-iqtisadi tərəqqisinə səbəb olub.
Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" (2004-2008 və 2009-2013-cü illərə dair) respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının yaxşılaşması, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynayıb. İstehsal müəssisələrinin fəaliyyətinin bərpası və yeni sənaye obyektlərinin yaradılması, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması, aqrar sektorda intensiv metodlardan istifadə, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə dəstək məqsədilə müxtəlif servis mərkəzlərinin, investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması və digər kompleks tədbirlərin görülməsi nəticəsində regionların sosial-iqtisadi inkişafında dönüş yaranıb. Şübhəsiz, regionların inkişafı bütövlükdə respublikanın ümuminkişaf göstəricilərinə təsir edən mühüm faktordur.
Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyev 2003-cü ildə vəzifəsinin icrasına başlarkən regionların sosial-iqtisadi inkişafını Özünün fəaliyyətinin əsas istiqamətlərindən biri kimi elan etmişdi. Bu hədəfə çatmaq üçün ötən 10 ildə regionların sosial-iqtisadi inkişafına dair 2 çoxşaxəli Dövlət Proqramı hazırlanıb və uğurla həyata keçirilib. 2004-cü il fevralın 11-də təsdiqlənmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nı bölgələri dirçəldən mühüm ilkin konsepsiya aldandırmaq olar. 2004-2008-ci illəri əhatə edən ilk proqramda qarşıya qoyulan hədəflərə vaxtından tez çatmaq mümkün olub.
Regionların inkişafına dair birinci Dövlət Proqramının uğurla həyata keçirilməsinin ardınca 2009-cu il aprelin 14-də "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiqləndi. Həmin proqramda qarşıya qoyulan vəzifələr də uğurla yerinə yetirildi. Nəticədə yerlərdə istehsal və emal potensialı gücləndirildi. 10 il ərzində ümumi daxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru 2,6 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə artdı. Hesabat dövründə regionlarda ümumi məhsul buraxılışı 3,2, sənaye məhsulu 3,1, rabitə xidmətləri 6,1, əhalinin gəlirləri 6,3, orta aylıq əməkhaqqı 7,3, əhaliyə göstərilən pullu xidmətlər isə 6 dəfə artdı. Xüsusilə qeyd etmək lazımdır ki, bir çox göstəricilər üzrə artım tempi ölkə üzrə müvafiq göstəricilərdən daha yüksək olub. Belə ki, hazırda 5 şəhər və rayonda xərclər yerli gəlirlər hesabına maliyyələşdirilir.
Regionların inkişafının mühüm amillərindən olan infrastruktur təminatının yaxşılaşdırılması məqsədilə 10 ildə yol-nəqliyyat infrastrukturunun, elektrik, qaz və su təchizatının yenilənməsi işləri aparılıb, nəticədə regionlarda kommunal xidmətlərin səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib. Bundan əlavə, su anbarları, hidroqovşaqlar, kanallar, drenaj şəbəkələri, yüzlərlə subartezian quyusu inşa və ya əsaslı təmir olunub. Rabitə xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə regionlarda telefon stansiyaları və poçt binaları istifadəyə verilib, bütün rayon mərkəzlərinə fiber-optik kabel çəkilib.
Regionların inkişafı ilə bağlı dövlət proqramları çərçivəsində "Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən regionlarda 3430 kilometr içməli su xətti, 1225 kilometr kanalizasiya kollektorları və şəbəkəsi, 96 ədəd su anbarı, 39 ədəd su və kanalizasiya-nasos stansiyaları tikilib. Dövlət proqramlarının icrasından əvvəl ölkə üzrə xidmət göstərilən əhalinin cəmi 26 faizi fasiləsiz içməli su alırdısa, hazırda bu rəqəm 55 faizə çatdırılıb.
Şübhəsiz, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bölgələrin sosial-iqtisadi inkişafına yönəldilmiş siyasət neftdən əldə edilmiş gəlirlərin səmərəli istifadəsi və iqtisadiyyatın şaxələndirilməsi baxımından həlledici əhəmiyyət kəsb edir. Ötən 10 ildə neftdən əldə edilən gəlirlərdən regionlarda həyata keçirilən layihələrə hər il milyardlarla manat vəsait ayrılıb. Bu investisiyalar bölgələrdə sosial-iqtisadi inkişaf üçün ən vacib şərti - infrastrukturun yenidən qurulması ilə yanaşı, hər bir bölgənin ümumi inkişafını təmin edib. Ümumilikdə, proqramların icrasına bütün mənbələr hesabına 50,7 milyard, o cümlədən birinci proqramın icrasına 16 milyard, ikinci proqramın icrasına isə 34,7 milyard manat vəsait yönəldilib.
Hesablamalar göstərir ki, 2004-2008-ci illəri əhatə edən "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın həyata keçirildiyi müddət ərzində ölkə üzrə ümumi daxili məhsulun (ÜDM) real həcmi 2,6 dəfə artaraq 38 milyard manata çatıb. Qeyri-neft sektoruna qoyulan investisiyanın həcmi 2004-2008-ci illər ərzində 6,2 dəfə artaraq ümumi investisiyaların strukturunda xüsusi çəkisi 2003-cü ildəki 26,8 faizdən 2008-ci ildə 69 faizə çatdırılıb. Dövlət investisiya xərclərində regionlardakı layihələrin həyata keçirilməsinə ayrılan vəsaitin məbləği 2004-cü illə müqayisədə 2008-ci ildə 6 dəfə artaraq 3,9 milyard manat təşkil edib ki, bu da ümumi investisiyaların 83 faizinə bərabər olub.
Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafi ilə bağlı birinci Dövlət Proqramının icra dövrü ərzində Azərbaycanın müxtəlif bölgələrində çoxsaylı infrastruktur layihələrinin həyata keçirilməsinə 6,8 milyard manat həcmində dövlət investisiyaları yatırılıb. Regionların inkişafına dair 2009-2013-cü illəri əhatə edən ikinci Dövlət Proqramı çərçivəsində hökumət tərəfindən bölgələrə yatırılan investisiyaların həcmi də ilbəil artırılıb.
Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin etməklə yanaşı, işsizliyin aradan qaldırılması prosesinə əhəmiyyətli zəmin yaradıb. Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul edilən inkişaf proqramlarının əsas hədəflərindən biri regionlarda işsizlik probleminin aradan qaldırılmasıdır. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla həyata keçirilməsinin nəticəsi olaraq ötən müddət ərzində respublika ərazisində 1,2 milyondan çox yeni iş yeri yaradılıb. Belə ki, son 10 il ərzində regionlarda 500-dən çox sənaye müəssisəsi, o cümlədən, Sumqayıtda texnologiyalar və tekstil parkları, Naxçıvanda sement, mərmər və avtomobil, Qazaxda sement, Gəncədə alüminium, Goranboyda gips və gips məhsulları, Mingəçevirdə polietilen borular, elektron avadanlıqları, Sumqayıtda kağız emalı, bitki yağları, günəş panelləri, Masallıda və Abşeronda kərpic, Hacıqabulda seramik plitələr, Gədəbəy və Daşkəsəndə qızıl emalı, Oğuzda qarğıdalı emalı və qlükoza, İmişlidə şəkər, bitki yağları və qarışıq yem zavodları, Masallıda mebel fabriki, yüzlərlə tikinti materialı, mebel, emal, çörək və digər müasir müəssisələr fəaliyyətə başlayıb. Təkcə güzəştli kreditlər hesabına ümumi dəyəri 730 milyon manat olan 104 sənaye layihəsi maliyyələşdirilib, bu layihələr üzrə 80 müəssisə istifadəyə verilib, 24-ü üzrə işlər davam etdirilir. Yaradılan yeni iş yerlərindən 900 mini daimidir. Ötən 10 ildə respublikada açılan yeni iş yerlərinin təxminən 700 mindən çoxu bölgələrin payına düşüb ki, bu da ölkənin əmək bazarında qeyri-proporsional vəziyyətin radikal şəkildə dəyişməsinə gətirib çıxarıb.
Şübhəsiz, regionların sosial-iqtisadi inkişafını əsaslandıran dövlət proqramlarının ən mühüm tədbirlərindən biri yoxsulluğun azalmasına yönəlib. Yoxsulluğa qarşı mübarizənin vacib şərtlərindən birini bölgələrdə yaşayış şəraitini yaxşılaşdırmaq və çoxlu sayda yeni iş yerləri yaratmaq təşkil edir. Bölgələrdə yeni iş yerlərinin açılması və işsizlik probleminin demək olar ki, həlli ölkəmizdə yoxsulluğun aradan qaldırılmasına əhəmiyyətli təsir edib. Ötən dövrdə yoxsulluq təqribən 50 faizdən 5,3 faizə düşüb, işsizlik 5 faiz təşkil edir. Bu göstəricilərə görə Azərbaycan, hətta inkişaf etmiş ölkələri qabaqlayır. Belə ki, bəzi inkişaf etmiş ölkələrdə bu rəqəm 10 faiz, 15 faiz, 25 faiz səviyyəsinə qalxıb. Beləliklə, dövlət proqramlarının əsas hədəflərindən biri uğurla reallaşdırılıb. Bölgələrdə işsizlik səviyyəsi kəskin aşağı düşüb, əhalinin regionlardan iş dalınca paytaxta axını azalıb. Əksinə, bölgələrdə əmək bazarının genişlənməsi nəticəsində işçi qüvvəsinin paytaxtdan regionlara hərəkəti də müşahidə olunmağa başlayıb.
Prezident İlham Əliyevin ölkənin sosial-iqtisadi inkişafına yönələn siyasəti insan amili üzərində qurulub və bunun nəticəsi olaraq regionların inkişafına yönələn proqramlarda sosial təyinatlı obyektlərin tikilməsi, yenidən qurulması xüsusi diqqət mərkəzindədir. Ötən 10 ildə regionların sosial-iqtisadi inkişafına dair həyata keçirilən 2 Dövlət Proqramı çərçivəsində Azərbaycanın bölgələrində tikilən və yenidən qurulan - xəstəxanaların, məktəblərin, uşaq bağçalarının, kitabxanaların, mədəniyyət mərkəzlərinin, idman komplekslərinin və s. sosial obyektlərin sayı minlərlədir. 2004-2008-ci illəri əhatə edən birinci Dövlət Proqramının həyata keçirilməsi çərçivəsində regionlarda 636 yeni məktəb tikilib, 192 məktəb əsaslı təmir olunub, ayrı-ayrı məktəblərdə 243 yeni sinif otağı tikilib. Hesabat dövründə respublikada onlarla xəstəxana, poliklinika və diaqnostika mərkəzi tikilərək əhalinin istifadəsinə verilib, səhiyyə müəssisələri müasir tibbi ləvazimat və avadanlıqla təchiz edilib.
2009-2013-cü illəri əhatə edən ikinci Dövlət Proqramı isə, daha çox sosialyönümlülüyü ilə diqqəti cəlb edir. Belə ki, sözügedən proqram çərçivəsində 2012-ci ilin yekunlarına əsasən, regionlarda 450-dən çox təhsil, 100-ə qədər səhiyyə müəssisəsi tikilib istifadəyə verilib. Bütövlükdə, 10 ildə dövlət proqramları çərçivəsində 2700 məktəb, 500-dən çox tibb müəssisəsi tikilib və təmir edilərək istifadəyə verilib. 41 Olimpiya İdman Kompleksi yaradılıb, 8 belə kompleksin tikintisi davam etdirilir. Mədəniyyət ocaqları bərpa edilib.
Regionların inkişafına dair Dövlət Proqramı çərçivəsində sosial təminat sahəsində əlillərin və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması və əlillər üçün bərpa mərkəzlərinin yaradılması ilə bağlı zəruri tədbirlər həyata keçirilib. Məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 12 çadır şəhərciyi ləğv olunaraq 77 qəsəbə salınıb, burada 37 min ailə yerləşdirilib. Eyni zamanda, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi işləri davam etdirilib, 2788, o cümlədən regionlarda 2041 mənzilli yaşayış binaları və 450-dən çox fərdi ev tikilib.
Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına təkan verən addımlarından biri də sahibkarlara güzəştli kreditlərin ayrılmasıdır. Dövlət başçısının müvafiq göstərişlərindən sonra respublikada iri, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi, sahibkarlara güzəştli kreditlərlə maliyyə dəstəyinin verilməsi, müasir texnologiyalara əsaslanan istehsal və emal sahələrinin inkişafını stimullaşdıran infrastruktur layihələrinin maliyyələşdirilməsi, yüksək keyfiyyətli, idxalı əvəz edən, rəqabətədavamlı ixrac qabiliyyətli məhsullar istehsalının stimullaşdırılması istiqamətində işlər görülüb. Xüsusən bölgələrdə kiçik sahibkarlığın inkişafı iqtisadiyyatın qeyri-neft sahəsində yeni iş yerlərinin açılmasına imkan yaradıb.
Ötən 10 ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 19 mindən çox sahibkarın ümumi dəyəri 2 milyard manat olan layihələrinin maliyyələşməsinə, 45 faizi qaytarılmış vəsait olmaqla, 1,2 milyard manat güzəştli kredit verilib və bu layihələr hesabına 110 minədək yeni iş yeri yaradılıb. Kreditlərin 78 faizi, açılan iş yerlərinin isə 81 faizi regionların payına düşür.
Nəticə etibarilə, ölkəmizin ümumi iqtisadi, sosial inkişafını şərtləndirən əsas amillər arasında mütləq şəkildə regionların inkişafını nəzərdə tutan konkret proqram və layihələrin rolu əvəzsizdir. Bunun nəticəsidir ki, ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsinə nail olunub. Hazırda Azərbaycanın bütün rayonlarında böyük infrastruktur layihələri həyata keçirilir. İqtisadiyyatın yeni sektorlarına fəal qaydada sərmayə yatırılır. Həmçinin, davamlı olaraq regionların sosial-iqtisadi inkişafı ilə bağlı proqramlara əlavə xarakteri daşıyan tədbirlər planı hazırlanır və həyata keçirilir. Bu əlavələr yeni şəraitin tələblərindən, innovasiyaların tətbiqi zərurətindən irəli gəlir. Bu gün bölgələrdə quruculuq işlərinin aparılması, yeni yolların çəkilməsi, su və kanalizasiya xətlərinin dəyişdirilməsi, qazlaşdırmanın aparılması, məktəb, xəstəxana və digər sosial obyektlərin istifadəyə verilməsi hazırkı müasir inkişaf mərhələsinin reallıqlarıdır. Fevralın 5-də Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunan konfransda çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, bu gün Azərbaycan gələcəyə çox böyük ümidlərlə, nikbinliklə baxır: "Birinci beşillik proqram demək olar ki, regionlarda böyük dönüş yarada bilmişdir. Ondan sonra ikinci proqram qəbul edildi. 2009-2013-cü illəri əhatə edən proqram başa çatdı. Deyə bilərəm ki, regionların inkişafında, ümumiyyətlə, Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində bu proqramların çox böyük rolu olmuşdur. Azərbaycanda aparılan islahatlar, düşünülmüş siyasət ölkəmizin hərtərəfli inkişafına təkan verdi".
Birinci və ikinci dövlət proqramlarında nəzərdə tutulan məqsədlərin yerinə yetirilməsi, xüsusilə də rayonlardakı mövcud sosial infrastrukturların və kommunal xidmət sektorlarının tam yenidən qurulması artıq 2013-cü ildən sonrakı dövrdə başqa hədəflər üzrə tədbirlərə yol açacaq, sürətlə inkişaf edən Azərbaycanın qarşısında yeni proqressiv meyillərə uyğun sosial-iqtisadi vəzifələr yaradacaq. Yəni regionlarda elektrik enerjisi, qaz, su, kanalizasiya, yol və digər sosial infrastrukturların yaradılması başa çatdırıldıqdan sonra əsas məqsədlər birbaşa rayonların iqtisadi potensialının səfərbər edilərək, tam hərəkətə gətirilməsinə yönəldiləcək.
Yaxın dövrdə orta gəlirli dövlətlər statusuna malik ölkə kimi respublikamızda inkişaf meyillərinin tələblərinə uyğun layihələrin icrası da zərurətə çevrilirəcək. Ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən 2014-2018-ci illərə dair yeni regional inkişaf proqramının təsdiq olunması da məhz bu zərurətlərdən irəli gəlir. Dövlət İnkişaf Proqramı adlanan konsepsiyanın əsas hədəfi regionların və paytaxtın potensial iqtisadi resurslarının ümumi inkişafa cəlb olunması yolu ilə ÜDM-in yüksək artımını və Azərbaycanın daha da güclü dövlətə çevrilməsini təmin etməkdən ibarətdir. Yeri gəlmişkən, yuxarıda qeyd etdiyimiz konfransdakı çıxışında dövlət başçısı yeni proqramda bu günə həll edilməmiş bütün məsələlərin əksini tapacağını bəyan etmişdir: "Birinci və ikinci dövlət proqramları artıqlaması ilə yerinə yetirilib. İndi üçüncü Dövlət Proqramının qəbulu gözlənilir. Əminəm ki, bu günə qədər görə bilmədiyimiz işləri biz növbəti 5 il ərzində görəcəyik və beləliklə, regionlar qarşısında duran bütün vəzifələr icra ediləcəkdir".
Onu da bildirmək istəyirəm ki, möhtərəm Prezidentimizin diqqət və qayğısı nəticəsində Beyləqan rayonunda da sosial-iqtisadi quruculuq işləri sürətlə gedir. Təkcə 2013-cü ildə rayon Gənclər Mərkəzi, Şahmat Məktəbi, 120 yerlik uşaq bağçası, 6 yeni orta məktəb tikilib istifadəyə verilib. 38 kilometrlik Beyləqan-Kəbirli yolu yenidən qurulub, Beyləqan şəhərinin su-kanalizasiya sisteminin qurulması işləri həyata keçirilib. Bütün bunlardan əlavə, kənd yollarının əsaslı təmiri, müvafiq obyektlərin tikintisi və digər abadlıq-quruculuq işləri davam etməkdədir. Bütün bunlarla yanaşı rayonda sahibkarlığın inkişafına da xüsusi diqət yetirilir, kənd təsərrüfatı məhsullarının daha da artımı, heyvandarlığın inkişafı üçün zəruri addımlar atılır. Bütün bu məsələlər daim diqqət mərkəzindədir.
Ümumiyyətlə, dövlət başçısı ötən 10 ildə bütün rayonlara səfər edib, ən mühüm infrastruktur obyektlərinin, sosial, təhsil, mədəniyyət, səhiyyə, idman və digər bölmələrdə inşa olunan müəssisələrin tikintisinin vəziyyəti ilə yaxından tanış olub. Prezident İlham Əliyev rayonlara səfərləri çərçivəsində iri istehsal və xidmət müəssisələrinin açılış və təməlqoyma mərasimlərində iştirak edib. Dövlət başçısı, həmçinin, bir sıra infrastruktur və nəqliyyat obyektlərinin tikintisinin və bərpasının vəziyyəti ilə də yaxından tanış olub.
Prezident İlham Əliyevin sistemli və davamlı xarakter alan bu səfərləri regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsində müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda, hər bir rayonun inkişafı ilə bağlı qarşıda duran spesifik vəzifələrin müəyyən edilməsini və həyata keçirilməsini təmin edir. Azərbaycanın dövlət başçısı istər Bakı kəndləri olsun, istərsə də regionlardakı kənd və qəsəbələr, ölkənin hər bir yaşayış məntəqəsinin sosial infrastrukturunun yaxşılaşdırılması, abadlaşdırılması üçün tələb olunan maliyyə vəsaitlərinin ayrılmasını təmin edir. Bütün ölkə üzrə aparılan yenidənqurma işlərinin və inkişaf proqramlarının həyata keçirilməsinə dövlət büdcəsindən ayrılan xərclərlə yanaşı, Prezidentin Ehtiyat Fondundan əlavə maliyyə vəsaitləri yönəldilir ki, bu da insanların rahatlığına, firavan yaşamasına, hər bir kommunal vasitələrlə təmin olunmasına səbəb olur.
Qeyd edək ki, dövlət başçısı baş çəkdiyi hər bir rayonun, qəsəbənin, kəndin mövcud problemləri, çatışmayan kommunal xidmət növlərinin vəziyyəti ilə tanış olduqdan sonra dərhal bu kimi məsələlərin operativ həllinə nail olmaq üçün müvafiq sərəncamlar imzalayır. Həmin sərəncamlara əsasən, hər bir iqtisadi rayon üzrə yeni tədbirlər planı müəyyənləşir. Bu isə Prezident İlham Əliyevin bölgələrdəki inkişafı, yeni proqressiv meyilləri nəzarətdə saxladığını göstərir.
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı proqramlara əlavə xarakteri daşıyan tədbirlər planları da yeni dövrün tələblərindən meydana çıxır, innovasiyaların tətbiqi zərurətindən yaranır. Bu gün bölgələrin hər bir guşəsində quruculuq işlərinin aparılması, yeni yolların çəkilməsi, su və kanalizasiya xətlərinin dəyişdirilməsi, qazlaşdırmanın aparılması, məktəb, xəstəxana və digər sosial obyektlərin istifadəyə verilməsi hazırkı müasir inkişaf mərhələsinin reallıqlarıdır. Amma qarşıdakı illərdə yeni dövrün tələbləri başqa cür olacaq. Azərbaycan inkişaf etdikcə ölkə qarşısında yeni proqressiv meyillərə uyğun sosial-iqtisadi məsələlər meydana çıxmaqdadır. Dövlət isə bütün bu tədbirləri də perspektiv inkişaf planında nəzərə alacaq, gələcəkdə daha yeni layihələrin hazırlanaraq həyata keçirilməsinə qərar verəcək. Bütün bunlar isə Azərbaycan Ümummilli Lider Heydər Əliyev siyasətinin təntənəsini, bu siyasətin xalqımızın firavan gələcəyinə xidmət etdiyini bir daha təsdiqləyir.
Vaqif Abdullayev,
Beyləqan RİH-in başçısı, YAP Siyasi Şurasının üzvü