PDF Oxu

Siyasət

  • 13

GÜCLÜ PREZİDENTİN QƏTİYYƏTLİ SÖZÜ

GÜCLÜ PREZİDENTİN QƏTİYYƏTLİ SÖZÜ

İlham Əliyev: "Bilirsiniz ki, Türkiyə burada təmsil olunmur, istifadə edirsiniz. Amma mən buradayam, sizə cavab verirəm!"

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 24-də Praqada Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramının 5 illiyinə həsr olunmuş sammitdə iştirak edib. Sammitdə Prezident İlham Əliyevin Ermənistan prezidenti Serj Sarkisyana verdiyi cavab bütün dünya ictimaiyyəti tərəfindən diqqətlə qarşılanılıb. Belə ki, Ermənistan prezidenti Serj Sarkisyanın Türkiyənin ünvanına ittihamlar səsləndirməsinə cavab olaraq Prezident İlham Əliyev Sarkisyana Türkiyənin sammitdə təmsil olunmamasından istifadə etdiyini deyib: "Bilirsiniz ki, Türkiyə burada təmsil olunmur, istifadə edirsiniz. Amma mən buradayam, sizə cavab verirəm!" - deyə dövlət başçısı bildirib.

Sammitdə ölkə Prezidenti İlham Əliyev konkret arqumentlərlə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, qondarma "erməni soyqırımı" məsələsi ilə Türkiyəni şantaj etməsi məsələlərini sammit iştirakçılarının nəzərinə çatdırıb. Prezident İlham Əliyev çıxışında Türkiyə-Ermənistan sərhədinin 1993-cü ilin aprelində Azərbaycanın Kəlbəcər rayonunun işğalından sonra bağlandığını diqqətə çatdırıb: "Bundan əvvəl isə bütün azərbaycanlılar Dağlıq Qarabağdan qovulub. Dağlıq Qarabağ əhalisinin 30 faizi azərbaycanlılar idi. Kəlbəcərdən əvvəl 1992-ci ildə ermənilər Şuşanı və Laçını işğal etdilər. Daha sonra Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl - Dağlıq Qarabağın inzibati sərhədlərindən kənarda olan, ümumilikdə, 7 Azərbaycan rayonunu işğal etdilər ki, bu da Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin 20 faizini təşkil edir...".

Ölkə Prezidenti, həmçinin bildirib ki, öz müqəddəratını təyinetmə ölkələrin ərazi bütövlüyünün pozulması hesabına əldə olunmamalıdır: "Ermənilər artıq öz müqəddəratını təyin ediblər, onların müstəqil Ermənistan dövləti var. Təsəvvür edin, əgər ermənilər hər yaşadıqları yerdə öz müqəddəratını təyin etməyi davam etdirsələr, nə baş verər. Onlar burada - Çex Respublikasında, Gürcüstanda, Rusiyada, Amerikada, yaşadıqları istənilən yerdə eyni yanaşma göstərə bilərlər...".

Türkiyə-Ermənistan əlaqələri ilə bağlı məsələyə də münasibət bildirən dövlət başçısı Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın bir neçə il öncə Ermənistanın rəhbərliyinə bütün arxivləri açmaqla bağlı etdiyi təklifi yada salıb: "Ancaq bu təklif adekvat cavabla qarşılanmadı. Dünən isə Baş nazir Ərdoğan erməni əsilli insanlara başsağlığı verdi, ancaq təəssüf ki, buna da Ermənistan tərəfindən müvafiq reaksiya verilmədi. Baxmayaraq, mən bilirəm ki, Birləşmiş Ştatlar və Avropa İttifaqı Türkiyə Baş nazirinin mövqeyini yüksək qiymətləndirdilər, ancaq görünür, bu, Ermənistan hökuməti üçün kifayət deyildir. Bu, aydın göstərir ki, regionda sülh istəməyən kimdir".

Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi Türkiyəyə qardaşlıq münasibətinin bariz göstəricisi kimi dəyərləndirilir

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Serj Sarkisyana cavabı Türkiyə mətbuatında geniş rezonans doğuraraq, "İlham Əliyevdən Sarkisyana Türkiyə dərsi" kimi başlıqlarla materiallar dərc edilib. Bunu qardaş ölkənin kütləvi informasiya vasitələrində Prezident İlham Əliyevin çıxışı ilə bağlı yayımlanan yazıların, televiziya və radio reportajlarının müəllifləri də xüsusi vurğulayırlar. Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi Türkiyəyə qardaşlıq münasibətinin bariz göstəricisi kimi dəyərləndirilir. Belə ki, nüfuzlu "Sabah" qəzetində "Əliyevdən Ermənistana sillə kimi cavab" sərlövhəli məqalə dərc olunub. Müəllif məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından sitat gətirərək yazır: "Bu gün təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək, Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm".

Azərbaycan Prezidenti İlham Əliyevin Serj Sarkisyana cavabı ilə bağlı Türkiyənin digər KİV-lərində - "Milliyet" ("Zirvə görüşündə Sarkisyan Türkiyəni günahlandırdı, Əliyev dərhal sərt cavab verdi"), "Radikal" ("Sarkisyanın Türkiyəni tənqid etməsinə Əliyevdən sərt təpki"), "Akşam" ("Türkiyə nümayəndələri burada yoxdursa, mən varam"), "Posta" ("Əliyevdən Ərdoğana dəstək"), "Cumhuriyet" ("Türkiyəni tənqid edən Sarkisyana Əliyevdən sərt cavab"), "Hurriyet Daily News" ("Praqa Sammitində Sarkisyan Türkiyəni tənqid edərkən Əliyev rəsmi Ankaranın müdafiəsinə qalxdı"), qəzetlərində dərc olunub. Həmçinin, "Yeni Şafak", "Sözcü", "Star" qəzetləri və digər mətbu nəşrlər də Prezident İlham Əliyevin qətiyyətli mövqeyindən bəhs ediblər.

Eyni zamanda, Türkiyənin "TGRT", "TRT Türk", "TRT Avaz", "TRT Haber" və digər televiziya kanallarında yayımlanmış, eləcə də "Doğan", "İhlas" agentlikləri, "Haberler", "Sondakika", "Haberciniz", "Haber" və s. xəbər portallarında yerləşdirilmiş şərhlərdə qeyd edilir ki, Türkiyə nümayəndələrinin təmsil olunmadığı Praqa sammitində Ermənistan prezidenti fürsətdən istifadə edərək rəsmi Ankaranı qondarma "erməni soyqırımı" ilə bağlı konstruktiv mövqe tutmamaqda, digər tərəfdən isə Ermənistanla sərhədlərini açmamaqda əsassız olaraq ittiham etmiş və bu ölkənin Avropa İttifaqına üzvlüyünün yolverilməz olduğunu deyib. Azərbaycan Prezidenti İlham Əliyev bu çıxışdan dərhal sonra Ermənistan prezidentinə sərt cavab verib. Prezident İlham Əliyevin çıxışından sitatların yer aldığı şərhlərdə diqqətə çatdırılır ki, bu sammitdə Azərbaycan dövlətinin başçısı Ermənistan prezidentinin səsləndirdiyi əsassız iddialar qarşısında Türkiyəni qətiyyətlə müdafiə edib. Bu, sarsılmaz Azərbaycan-Türkiyə qardaşlığının daha bir təsdiqidir.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər