Dünən Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümü münasibətilə "Oftalmologiyanın problemləri və son nailiyyətləri" mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın adını daşıyan Milli Oftalmologiya Mərkəzində keçirilən konfransda Azərbaycanın tibb ictimaiyyətinin tanınmış nümayəndələri, eləcə də Rusiya Federasiyasının tanınmış tibb mütəxəssisləri iştirak ediblər.
Konfrans iştirakçıları ilk öncə Fəxri Xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, məzarı önünə gül-çiçək dəstələri düzüblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə əklil qoyublar.
Konfransın açılışında çıxış edən mərkəzin direktoru, Səhiyyə Nazirliyinin baş oftalmoloqu Elmar Qasımov bildirib ki, tibb elmində böyük xidmətləri olan görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva Azərbaycanın XX əsrdə ən tanınmış alimlərindən və şəxsiyyətlərindəndir: "Alimin Azərbaycanda oftalmologiya elminin inkişafında və dünyada tanıdılmasında müstəsna xidmətləri vardır. Bu səbəbdən də hər il unudulmaz alimin anadan olmasının ildönümü münasibətilə konfrans və digər tədbirlərin keçirilməsi ənənə halını almışdır. Bu isə xeyirxahlıq mücəssəməsi, bütün ömrü boyu insanlara nur və xoşbəxtlik bəxş etmiş Zərifə xanım Əliyevaya xalqımızın dərin hörmətinin ifadəsidir".
Böyük elmi əsərləri ilə Azərbaycan oftalmologiya elmini yüksəklərə qaldıran görkəmli alimin əvəzsiz xidmətlərini xüsusi qeyd edən mərkəzin direktoru bildirdi ki, o, ötən əsrin 40-50-ci illərində Azərbaycanın cənub rayonlarında əhali arasında geniş yayılmış traxoma xəstəliyinə qarşı aparılan bütün mübarizə tədbirlərində fəallıq göstərmişdir:"Bu böyük praktiki iş Zərifə xanım Əliyevanın bir sıra elmi əsərlərinin əsasını qoymuşdur. Sonralar böyük alim sənaye müəssisələri işçilərində görmə üzvünün peşə zərərləri təsiri nəticəsində zədələnmələrinin öyrənilməsi ilə ciddi məşğul olmuşdur. Peşə xəstəlikləri ilə bağlı elmi axtarışlarına görə SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdür".
Tədbirdə akademik Zərifə Əliyevanın tələbələri görkəmli alimin Azərbaycan oftalmologiya elminin inkişafında gördüyü işlərdən danışıb, müəllimləri ilə bağlı xatirələrini bölüşüblər. Konfransda rusiyalı alim İqor Karnelovskiy və digər qonaqlar çıxış edərək bütün mənalı ömrünü oftalmologiya elminin inkişafına həsr etmiş Zərifə xanım Əliyevanın zəngin elmi irsindən və yüksək insani keyfiyyətlərindən danışıblar. Qeyd olunub ki, görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım Əliyeva Ulu Öndər Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı olub. Onun xidmətlərindən biri də budur ki, Azərbaycana Prezident Cənab İlham Əliyev kimi Lider bəxş edib.
Konfransda təqdim olunan akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş "Göz xəstəlikləri" kitabı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Konfransın elmi hissəsi mövzuya dair məruzələrlə davam etdirilib.
Nəzakət ƏLƏDDİNQIZI