Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı qadınlar şurasının V konfransı keçirilib. Konfrans iştirakçıları ilk öncə rayonun mərkəzində ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzüblər. Sonra konfrans Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının akt zalında davam etdirilib. Yeni Azərbaycan Partiyasının qurucusu və memarı, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi konfrans iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edilib.
Konfransı Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı qadınlar şurasının sədri Naibə Aslanova açaraq, rayon təşkilatı qadınlar şurasının fəaliyyəti haqda məlumat verib. N.Aslanova YAP Masallı rayon təşkilatının qadınlar şurasının sıralarının günbəgün genişləndiyini və rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiyini bildirib: "Hal-hazırda rayon təşkilatında qadınların sayı 2652 nəfərə çatmışdır. Bu göstərici tərkibi 9461 nəfərdən ibarət olan ümumi üzvlərin 28 faizi deməkdir. Təkcə 2013-ci ildə ərazi ilk partiya təşkilatlarına 203 qadın ərizə ilə müraicət edərək Yeni Azərbaycan Partiyası sıralarına daxil olmuşlar. 2014-cü ilin ilk 3 ayında partiya sıralarına 84 qadın daxil olmuş və onların da 37 nəfərini gənc qadınlar təşkil etmişdir. Partiyada gənc qadınların sayı 738 nəfərdir və bu da ümumi qadın üzvlərin 27,8 faizini təşkil edir. 661 nəfəri ali, 796 nəfəri orta ixtisas və 1195 nəfəri orta təhsillidir".
Konfransda partiya üzvlərindən Göyçək Ələsgərova, Əntiqə Tağıyeva və başqaları çıxış edərək, son illər ölkəmizdə aparılan quruculuq işlərindən, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Yeni Azərbaycan Partiyası Sədrini müavini, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən beynəlxalq tədbirlərin əhəmiyyətindən danışıblar. Müzakirələrdən sonra gündəlikdə duran təşkilati məsələyə baxılıb. YAP Masallı rayon təşkilatı qadınlar şurasının 25 nəfərdən ibarət yeni tərkibi təşkil edilib və Gülşən Seyfulla qızı Xəlilova YAP Masallı rayon təşkilatı qadınlar şurasının yeni sədri seçilib.
Konfransda iştirak edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev yeni seçilmiş tərkibə işlərində müvəffəqiyyətlər arzu edib. Tədbirdə, həmçinin YAP Qadınlar Şurasının növbəti konfransına nümayəndələr seçilib. Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının sədri Cənab İlham Əliyevə müraciət qəbul edilib.
RƏFİQƏ