Suraxanı rayonunda görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümü qeyd edilib
Dünən Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin və rayon icra hakimiyyətinin təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, ictimai xadim, əməkdar elm xadimi, AMEA-nın ilk qadın həqiqi üzvlərindən biri, tibb elmləri doktoru, professor Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümünə həsr olunmuş konfrans keçirilib. Konfrans iştirakçıları əvvəlcə, Ulu Öndərin Heydər Əliyev Parkında ucaldılan abidəsini ziyarət edərək, önünə tər güllər düzüblər. Sonra Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümü münasibətilə yaradılmış guşədə qoyulmuş büstü önünə tər güllər düzmüş, foto və kitab sərgisinə baxıblar.
Tədbir mərkəzin elektron lektoriya zalında davam etdirilib. Konfrans iştirakçıları bir dəqiqəlik sükutla akademik Zərifə xanım Əliyevanın əziz xatirəsini yad edərək, Zərifə xanım Əliyeva haqqında filmə baxıblar. Konfransı giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov açaraq qeyd edib ki, görkəmli elm xadimi, dünyaşöhrətli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümü həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda geniş qeyd edilərək, əziz xatirəsi sonsuz məhəbbətlə yad edilir. Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elmində ayrıca bir mərhələ təşkil edir, alimin elmi fəaliyyəti çox zəngin və əhatəlidir.
İ.Abbasov onu da qeyd edib ki, gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə daha yaxından tanış olduqca yaddaşımızda Ulu Tanrının ən yüksək mənəvi xüsusiyyətlər bəxş etdiyi böyük insanın obrazı canlanır: "Zərifə xanım elə insan idi ki, bir dəfə ünsiyyətdə olanlar Onu ömrü boyu unuda bilmirdilər. Bu böyük şəxsiyyət elə ilk andan onunla ünsiyyətdə olanların yaddaşında yüksək vətəndaşlıq, humanizm və ürək saflığının mücəssəməsi kimi əbədi qalırdı".
Tədbirdə Zərifə xanımın zəngin elmi fəaliyyəti, qazandığı uğurlardan danışan 24 nömrəli şəhər poliklinikasının baş həkimi Rəsul Abbasov, 24 nömrəli Birləşmiş şəhər xəstəxanasının həkimi Sülhiyyə Səmədova, 15 nömrəli Birləşmiş şəhər xəstəxanasının həkimi Dürdanə Kəngərli, 23 nömrəli şəhər poliklinikasının baş həkimi Şərəbanu Yusifzadə və başqaları akademik Zərifə Əliyevanın oftalmologiya elminin inkişafı istiqamətində apardığı tədqiqat işlərinin verdiyi bəhrələri xüsusi vurğuladılar. Qeyd olundu ki, görkəmli alim həm də nəcib, qayğıkeş insan, səmimi dost kimi yadda qalıb. Zərifə Əliyeva peşəkar həkim olmaqla yanaşı, həm də ictimai xadim, millətinə, vətəninə, peşəsinə, ailəsinə bağlı bir ziyalı, xeyirxah əməllər sahibi kimi yaddaşlara həkk olunub.
Konfransa yekun vuran rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları çox olduğunu bildirib: "Bu adların hər biri qürur və iftixar mənbəyidir. Ancaq bu adlar sırasında ən şərəflisi ana adıdır. Zərifə xanım Ümummilli Liderimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin anasıdır. Akademik Zərifə xanım Əliyeva özünün səmimiliyi, xeyirxahlığı, insansevərliyi, vətənpərvərliyi, bəşəri duyğuları ilə ölməzliyə qovuşub. Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, Onun parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır".
Konfransın sonunda akademik Zərifə xanım Əliyeva haqqında mahnı səslənib.
ZÜMRÜD BAYRAMOVA