YAP Tərtər rayon təşkilatı akademik Zərifə Əliyevanın 91 illiyini qeyd etdi
Dünən YAP Tərtər rayon təşkilatında akademik Zərifə xanım Əliyevanın 91 illiyi ilə bağlı tədbir keçirilib. Tədbirdə giriş sözü ilə çıxış edən təşkilatın aparat rəhbəri Kamil Məmmədov görkəmli oftolmoloq alim, akademik Zərifə xanım Əliyevanın şərəfli həyat yolundan, elmi və yaradıcılıq fəaliyyətindən, Onun Azərbaycan oftalmologiyası qarşısında əvəzsiz xidmətlərindən danışdı. Qeyd etdi ki, son dərəcə humanist, mərhəmətli insan olan Zərifə xanım ailə səadətinin qoruyucusu, fədakar ana idi: "O, Ulu Öndər Heydər Əliyev kimi siyasətçinin ömür-gün yoldaşı olmuşdur. Zərifə xanım gecə-gündüz yorulmaq bilmədən Azərbaycanın dövlətçiliyi naminə çalışan bir Dahiyə əsil dost, yaxın silahdaş və mənəvi dayaq olmuşdur. Ümummilli Lider Heydər Əliyev Zərifə xanımla bağlı demişdir: "O, yaxşı ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri cəm halda özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr verən həkim-oftalmoloq idi. Allahın öz bəndəsinə bəxş etdiyi bütün müsbət keyfiyyətləri özündə cəmləşdirən bir insan idi, Onu hamı belə tanıyırdı".
YAP Tərtər rayon təşkilatı mərkəzi xəstəxana ərazi ilk partiya təşkilatının sədri Yaşar Hüseynov görkəmli alim, ictimai xadim Zərifə xanım Əliyevanın keçdiyi şərəfli ömür yolundan danışaraq, Azərbaycan tibb elminin inkişafına mühüm töfhələr verdiyini bildirib. O, qeyd edib ki, akademikin elmi-pedaqoji fəaliyyəti nəticəsində bu sahənin mütəxəssisləri yetişib və oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olub. Y.Hüseynov gərgin axtarışlarının, zəhmətinin, elminin nəticəsi kimi Zərifə xanımın Azərbaycan məkanında, eləcə də, dünyada tanınmasına səbəb olduğunu bildirib.
Tədbirdə rayon mərkəzi xəstəxanası baş həkiminin müalicə işləri üzrə müavini Sevda Əliyeva, rayon mərkəzi xəstəxanası baş həkiminin metodiki işlər üzrə müavini Mətanət Hüseynzadə, rayon uşaq xəstəxanasının baş həkimi, uşaq xəstəxanası ərazi ilk partiya təşkilatının sədri Hicran Rəhimli, rayon mərkəzi xəstəxanasında həkim-oftamoloq Lalə Rəhimli, Evoğlu kənd həkim ambulatoriyasının müdiri Şəfaqət Əzimova və başqaları çıxış edərək bütün həyatı boyu Ona pənah gətirənlərin gözlərinə şəfa verən Zərifə Əliyevanın alim kimi xidmətlərindən bir məqamı xüsusi diqqətə çatdırıblar. O, malyariya və traxomaya qarşı fədakarlıqla mübarizə aparan atası Əziz Əliyevin yolunu uğurla davam etdirmiş, oftalmologiya elminə çox böyük töhfələr vermişdir: "Sönməz Zərifə xanım ziyası, əbədi yaşayan Zərifə xanımın xatirəsi həmişə qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq".
R.HÜSEYNOVA