Aprelin 28-də Bakıda İkinci Qlobal Açıq Cəmiyyətlər Forumunun rəsmi açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılışında iştirak edib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı, BMT, Dünya Elmlər və Mədəniyyət Akademiyası, Roma Klubu, İsgəndəriyyə Kitabxanası və digər təşkilatların birgə əməkdaşlığı çərçivəsində keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumu 2015-ci il və ondan sonrakı mərhələdə dünyanın davamlı inkişafına həsr olunmuşdur. İki gün davam edəcək bu mötəbər beynəlxalq tədbirdə 30 ölkədən sabiq dövlət və hökumət başçıları, ümumilikdə 200-dək tanınmış siyasi və ictimai xadim, ekspert və elm adamı iştirak edir.
II Qlobal Açıq Cəmiyyətlər Forumunun açılışında çıxış edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi idarə heyətinin həmsədri, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin bildirdi ki, dünyada insanları bir araya gətirməyi, onlar üçün daha yaxşı həyat şəraitinin yaradılması ilə bağlı təşəbbüslərin irəli sürülməsinə nail olmağı əsas məqsədinə çevirən bu Forum qloballaşma dövründə açıq cəmiyyətlərin qurulmasına xüsusi əhəmiyyət verir:
- Zati-aliləri!
Xanımlar və cənablar!
Belə bir möhtəşəm toplantıya xoş gəlmisiniz. Bizim buraya toplaşmaqda məqsədimiz bütün dünyada yaşayan insanları bir araya gətirmək, onların arasında təmaslar yaratmaq, onlar üçün daha yaxşı həyat tərzini və səviyyəsini təmin etməkdir.
Bu gün biz dünyada olan vəziyyətə, havanın qlobal istiləşməsi, münaqişələr, müharibələr, su resurslarının idarə edilməsi və digər problemlərə diqqət yetirəcəyik. Cəmiyyətlər daxilindəki təcridolunma hallarına nəzər yetirsək görə bilərik ki, açıq cəmiyyətlərin qurulması xüsusi əhəmiyyət kəsb edir. Buna görə, biz diqqətimizi məhz tariximizin səhifələrinə yetirməliyik, özümüz üçün müəyyən etməliyik ki, həyatın cövhəri nədir, biz həyati dəyərlərimizi nə dərəcədə qoruyub saxlaya bilmişik, yoxsa biz onları itirmişik, yoxsa biz onları diqqətdən kənarda qoymuşuq?! Buna görə, bu il yenidən bizim Bakıda toplaşmağımız 2013-cü ildə keçirilmiş birinci Forumda qaldırılmış məsələləri daha ətraflı şəkildə müzakirə etmək imkanı yaradır.
Hər zaman biz belə bir mühüm tədbirləri ilk növbədə ev sahibinə, Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıq sözləri ilə başlayırıq. Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında qeyd edib ki, Forumun gündəliyi çox genişdir və həyatımızın bütün mühüm aspektlərini əhatə edir:
"Hörmətli xanımlar və cənablar.
Hörmətli qonaqlar.
Sizin hamınızı Azərbaycanda salamlayıram və ümidvar olduğumu bildirmək istəyirəm ki, ölkəmizdə olacağınız günlər uzun müddət ərzində sizin yaddaşınızda qalacaqdır. Burada Azərbaycana ilk dəfə səfər edən qonaqlarımız da vardır. Ümidvaram ki, bizim ölkəmiz, tariximiz, mədəniyyətimiz haqqında yaxşı təəssüratlarınız olacaqdır. Mən xüsusi olaraq həmkarlarımı - keçmiş dövlət və hökumət başçılarını salamlamaq istəyirəm. Təxminən otuzdan artıq keçmiş dövlət və hökumət başçısı qonaqlarımız sırasındadır. Bu, əlbəttə ki, tədbirimizin əhəmiyyətini göstərir. Mən, həmçinin Madrid Klubuna təşəkkürümü bildirmək istəyirəm ki, onlar bizim ölkəmizin yaxşı tərəfdaşıdır. Bizim əməkdaşlığımız bir neçə il öncə qurulub və bu, çox məhsuldar və fəal işbirliyidir. Mən, həmçinin çox məmnunam ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bu yaxınlarda yaradılmış bir qurum kimi olduqca qısa müddət ərzində kifayət qədər nüfuzlu beynəlxalq təsisata çevrilmişdir və artıq Madrid Klubu ilə birlikdə bu cür mühüm toplantını təşkil edir. Dostlarımıza, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə dəstək verənlərə apardıqları fəaliyyətə görə olduqca minnətdaram. Bu Mərkəz Azərbaycan xalqının istedadının və müdrikliyinin rəmzi olan Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyır.
Forumun gündəliyi çox genişdir və həyatımızın bütün mühüm aspektlərini əhatə edir. Əlbəttə ki, bu gün və sabah keçiriləcək sessiyalar zamanı hər kəs üçün bərabər imkanlar və lazımi həyat standartlarını təmin etmək məqsədilə keçmişdə baş verənlər və gələcəkdə görülməli işlər barədə mühüm bəyanatlar veriləcəkdir. Açıq cəmiyyət elə bir cəmiyyətdir ki, onun bütün üzvləri özlərini rahat hiss edir, şərəfli həyat tərzi sürür, iş yerləri vardır və öz övladlarının gələcəyinə əmindirlər.
Bizim öz təcrübəmiz vardır. Müstəqillik baxımından ölkəmiz gəncdir. Müstəqilliyimizin əldə edilməsindən sonra cəmi 22 il keçməsinə baxmayaraq, belə bir qısa tarixi müddətdə müxtəlif məsələləri həll etməli olduq. Başlanğıcda bir çox problemlərdən, siyasi və iqtisadi çətinliklərdən əziyyət çəkmişik. İndi isə, Azərbaycan dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biri olduğu dövrdə bu dəyişiklik sadəcə gözlərimiz qarşısındadır və şadıq ki, biz bu prosesin bir hissəsi olmuşuq və həmçinin Azərbaycanın müasir dövlətə çevrilməsində fəal iştirak edirik. Xalqımızın gözəl tarixi, adət-ənənələri, mədəniyyəti vardır, lakin müstəqil ölkə kimi biz gəncik. Ötən əsrin əvvəlində müstəqillik dövrümüz olub, lakin bu, rus imperiyası dağıldıqdan və bolşevik inqilabından sonra baş verib və qısa sürüb, yalnız iki il çəkib. İnqilabın o vaxt şüarları var idi: Zavodlar fəhlələrə, torpaqlar kəndlilərə verilməli, azadlıq isə rus imperiyasının bütün xalqları üçün təmin edilməli idi. Lakin həmin vədlərin heç biri reallığa çevrilmədi.
Buna görə, iki ildən sonra biz müstəqillikdən məhrum olduq və Azərbaycan digər ölkənin bir hissəsinə çevrildi. Əlbəttə ki, bu, həyatımızın, tariximizin bir hissəsi olub. Ona görə keçmiş sovet məkanında yaşayan insanlar, fikrimcə, onlar öz müstəqilliyini, müstəqil seçimini, azad olmaq, öz dövlətinə malik olmaq hüququnu daha yüksək dəyərləndirirlər və onlar öz dövlətləri ilə fəxr edirlər. Azərbaycanın təcrübəsi göstərir ki, gələcəyimiz, taleyimiz öz əlimizdə olduğu zaman biz əvvəlki vaxtlarla müqayisədə daha çox iş görə bilərik. Çünki qısa müstəqillik dövrümüz göstərir ki, bütün çətinliklərə, iqtisadi və siyasi böhranlara, 1990-cı illərin əvvəlində vətəndaş müharibəsinə baxmayaraq, biz həmin çətinliklərin öhdəsindən gələ bildik. Bu gün gələcəyimizi planlaşdırdıqda həyat tərzimizi daha da yaxşılaşdırmaq və daha güclü olmaq haqqında düşünürük.
Bu cür dəyişikliklərin əsas səbəblərindən birinə, yəni, ilkin şərtlərə gəldikdə, bu, islahatlar siyasətidir. Çünki həyatımızın hər bir aspektini dəyişməli idik, biz azad və müstəqil, öz dövlətimizə malik olmağı və bir siyasi sistemdən digər sistemə keçməyi öyrənməli idik. Bunu isə etmək asan deyildi. Lakin bu, baş verdi. Bu gün dövlətçiliyimizin möhkəm əsasları vardır. Biz geniş şəkildə ölkəmizi müasirləşdirən siyasi və iqtisadi islahatlar apardıq. Demokratiyanı inkişaf etdirdik, əsas azadlıqları, o cümlədən indiki həyatımızın ayrılmaz hissəsi olan toplaşmaq azadlığı, media azadlığı, azad interneti təmin etdik.
İyirmi iki il öncə biz bunu sadəcə arzulaya bilərdik. Eyni zamanda, aydın anladıq ki, möhkəm iqtisadi əsaslar olmasa, müstəqilliyimiz tam ola bilməz. Buna görə də siyasi islahatlarla iqtisadi islahatlar paralel həyata keçirilir. Burada qeyd etməliyəm ki, uğurlarımızın əsas səbəblərindən biri xarici sərmayələrin cəlb edilməsi idi. İyirmi il öncə üzləşdiyimiz eyni çətinliklərlə üzləşən ölkələrə gəldikdə isə, bizim təcrübəmiz ölkəni necə dəyişmək, vətəndaşlara daha yaxşı həyat təmin etmək üçün yaxşı nümunə ola bilər.
Biz xarici sərmayələri cəlb etməyi bacardıq. Həmin sərmayələri inkişaf etdirmək istədiyimiz, həmçinin sərmayədarlar üçün cəlbedici olan iqtisadiyyat sahələrinə istiqamətləndirdik. Biz münbit sərmayə şəraitini yaratdıq və çox çalışdıq ki, hətta 15 il öncə mövcud olmuş məhdud resurslarla çox sayda iş yerləri yaradaq. Biz bu gün də düzgün istiqamətdə irəliləyirik. Aydın şəkildə anladıq ki, müstəqilliyimizin gücləndirilməsində, onun əbədi, dönməz olmasında irəliyə doğru yol ondan ibarətdir ki, biz iqtisadi baxımdan azad, müstəqil və güclü olmalıyıq. İndi isə mən söyləyə bilərəm ki, illər boyu aparılan və bu gün də davam edən islahatlardan sonra Azərbaycan çox aydın gələcəyə malik olan ölkə kimi qəbul edilə bilər. Biz son 10 il ərzində dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biri olmuşuq. Bizim üçün davamlı inkişaf gələcək üçün planlaşdırma deməkdir. Bizim "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyamız vardır. Bu sənəd gələcəyimizin əsas bələdçi sənədi kimi qəbul edilib."
Prezident İlhan Əliyev diqqətə çatdırıb ki, bu gün Azərbaycan açıq şəkildə bəyan edilən mövqeyə malik olan ölkədir. Bu, bir daha ədalətə və beynəlxalq hüquqa əsaslanır:
"Lakin, eyni zamanda, biz on, iyirmi, otuz il əvvələ baxmalıyıq və siyasətimizi elə planlaşdırmalıyıq ki, dayanıqlı inkişaf davam etsin. Davamlı inkişaf isə bu gün hər bir ölkə üçün ən vacib prioritetlərdən biridir. Hətta ən inkişaf etmiş ölkələrə gəldikdə, onların öz problemləri vardır. Onların iqtisadi problemləri, miqrasiya məsələləri vardır. Onlara əlavə işçi qüvvəsi lazımdır. Lakin, eyni zamanda, bu, cəmiyyətlərdə müəyyən gərginlik yaradır. Bizim fərqli problemlərimiz vardır. Fikrimcə, bu, problem deyil, əslində üstünlükdür. Bizim artan, gənc, dinamik əhalimiz vardır. Bu, o deməkdir ki, iqtisadiyyatımız hər zaman əhalinin artım tempindən daha surətlə inkişaf etməlidir. Çünki belə olmasa, biz günlərin bir günündə çətinliklər və işsizliklə üzləşə bilərik. Buna görə, surətli iqtisadi inkişaf, yeni iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi və enerji əməliyyatlarından əldə edilən gəlirlərin iqtisadiyyatımızın ən vacib sahələrinə istiqamətləndirilməsi prioritetdir. Biz bu yolla davamlı inkişafa nail ola bilərik.
Cəmiyyətimizdə sosial və siyasi razılığın ən vacib elementlərindən biri multikulturalizmdir. Biz bir neçə beynəlxalq tədbir keçirmişik. Sivilizasiyalararası dialoq mövzusunda söhbətlər aparmışıq, beynəlxalq humanitar forumlar təşkil etmişik ki, bu mühüm mövzuları nəzərdən keçirək. Fikrimcə, bu kimi məsələlər bu günə qədər belə açıq şəkildə müxtəlif beynəlxalq təsisatlarda müzakirə olunmur. Çünki bu vəziyyətlə bağlı müxtəlif yanaşmalar vardır. Bəzi insanlar hesab edir ki, bu ideya baş tutmayıb. Lakin hesab edirəm ki, yaxşı misallar vardır və onlar yaxşı şəkildə nəzərdən keçirilməlidir ki, burada hər hansı bir bədbinlik olmasın. Multikulturalizm uçurum kimi qəbul edilərsə, bu dünyada yaşamağın başqa üsulu yoxdur. Çünki belə olmasa, xalqlar özlərini təcrid olunmuş vəziyyətdə hiss edəcəklər. Bu, nə iqtisadi, nə də sosial baxımdan mümkün deyildir. Buna görə, fikrimcə, Azərbaycanın, o cümlədən digər ölkələrin tarixi ənənələrinə əsaslanan müsbət misallar var ki, onlar təfərrüatlı şəkildə nəzərdən keçirilməlidir. Biz bu dəyərləri təşviq etməliyik. Bu da bizim vacib elementlərimizdən biridir ki, mən onları qeyd edirəm. Müsbət təcrübənin təşviqi bəzən bizim üçün çatışmır. Lakin, fikrimcə, dəyərlərin qorunması, qlobal siyasətdə müsbət meyllərin gücləndirilməsi üçün biz müsbət təcrübəyə diqqətimizi yönəltməliyik və bunu yaymalıyıq. Çünki bunun başqa bir yolu yoxdur ki, ölkələr gələcəkdə başqa yolla əməkdaşlıq etsinlər.
Əminəm ki, Forum çərçivəsində bir çox maraqlı müzakirələr aparılacaq və gələcək inkişafla bağlı hökumətlər üçün tövsiyələr veriləcəkdir."
Sonra Finlandiya Respublikasının keçmiş Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin idarə heyətinin və Madrid Klubunun üzvü xanım Tarya Halonen, Latviya Respublikasının sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri və Madrid Klubunun prezidenti xanım Vayra Vike-Freyberqa çıxış etdilər. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Madrid Klubu və Roma Klubunun təşkilatçılığı ilə, Dünya Elm və Mədəniyyət Akademiyası, BMT, İsgəndəriyyə Kitabxanası və digər təşkilatların birgə əməkdaşlığı çərçivəsində keçirilən tədbirdə 57 ölkədən 200-dək nüfuzlu ictimai-siyasi xadim, rəsmi şəxs, ekspert və elm adamı iştirak edir. Forumun gündəliyinə açıq cəmiyyətlərin əhatə dairəsi və əsasları, iqtisadi dayaqlar, mürəkkəb vəziyyətlərdə münaqişələrin həlli üsulu, davamlı inkişaf prosesinin təmin edilməsi üçün multi idarəetmə və institusional çərçivəyə olan ehtiyac və digər mühüm məsələlərin müzakirəsi daxildir. Xatırladaq ki, Forum işini sessiyalarla davam etdirib.