PDF Oxu

Siyasət

  • 9

Aytən Mustafayeva: “Sarkisyan layiqli cavabını aldı"

Aytən Mustafayeva: “Sarkisyan layiqli cavabını aldı"

"Cənab Prezident sübut etdi ki, Azərbaycan-Türkiyə qardaşlığına xətər yetirmək qeyri-mümkündür"

AMEA İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayevanın SİA-ya müsahibəsi:

- Aytən xanım, Prezident İlham Əliyevin Praqadakı çıxışını, eyni zamanda Ermənistan prezidenti Serj Sarkiyana verdiyi cavabın əhəmiyyətini necə qiymətləndirirsiz?

- Cənab İlham Əliyevin aprelin 24-də Praqada Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramının 5 illiyinə həsr olunmuş sammitdəki çıxışı zamanı Serj Sarkisyana verdiyi tutarlı cavab beynəlxalq arenada Ermənistanın onsuz da aşağı olan imicinə çox böyük zərbə vurdu. Cənab Prezident bir daha sübut etdi ki, Azərbaycanla Türkiyə qardaş dövlətlərdir, bu qardaşlığa və dostluğa xətər yetirmək qeyri-mümkündür. Azərbaycanın Sammitdə təmsil olunması həm də Türkiyənin orada olması demək idi. Sarkisyan özünün səviyyəsiz çıxışlarını etməmişdən əvvəl bunu fikirləşməli idi. O bilməli idi ki, harda və necə olursa olsun Azərbaycan Türkiyənin, Türkiyə də Azərbaycanın mövqeyini həmişə müdafiə edib. Biz Sarkisyanın sammitdəki çıxışına baxsaq görərik ki, o özünü dövlət başçısı kimi yox, terrorçu təşkilatın rəhbəri kimi aparır. Sarkisyan prezident olduğunu unudur, nə beynəlxalq qanunlara, nə də insan haqlarını müdafiə edən konvensiyalara məhəl qoymur. O, özünü terrorçu qurumun rəhbəri kimi aparır. Hər kəs görür ki, o bununla da fəxr edir. Cənab İlham Əliyev çıxışı zamanı dünyadakı ikilistandartlardan danışdı, dünyada sülhə əngəl olan ən mühüm məsələlərə aydınlıq gətirərək böyük bir tezis verdi. Sübut etdi ki, göz önündəki cinayətkarları görmək istəmirlər. Bunu hər kəs bilir ki, Qarabağda həyata keçirilən cinayətlərin başında duranlardan biri də Sarkisyan olub. Onun əli Qarabağda minlərlə insanın qanına batıb, onun rəhblərliyi altında minlərlə günahsız insan qətlə yetirilib. Məhz belə bir adamın sammitdə düşüncəsiz çıxışı Cənab İlham Əliyevi biganə qoya bilməzdi və Sarkisyan layiqli cavabını aldı. Cənab Prezident həm də Türkiyə və Ermənistan arasındakı sərhədlərin nəyə görə bağlı qaldığına da aydınlıq gətirdi. Bir sözlə, Cənab Prezidentin çıxışı həm də dünya üçün böyük bir göstəricidir.

- Azərbaycanda bəzi QHT-lər demək olar ki, tamamilə siyasiləşiblər. Ümumiyyətlə, QHT-lərin siyasiləşməsinə münasibətiniz necədir?

- QHT-lərin siyasiləşməsi yolverilməzdir, qanun buna yol vermir. Fakt budur ki, o QHT-lər siyasiləşiblər ki, onlar xaricdən pul alırlar və ermənilərin pulu hesabına ölkəmizdə öz məkrli niyyətlərini reallaşdırmaq istəyirlər. Mən çox təəssüf edirəm ki, mənim belə həmvətənlərim var. Belə insanlar pula görə erməniyə də "dayı" deyirlər. Mən həmişə onlara nifrət etmişəm. Elə götürək Leyla Yunusu. Bu insan aldığı pullar hesabına o qədər mənasız yerə səs-küy salır ki, ölkəmizin imicinə, görülən bu qədər işlərə ləkə vurmaq istəyir. Mən Leyla Yunusdan sizə bir fakt deyim. Polşada ATƏT-in iclasında iştirak edirdim. Orada İsveçli bir xanım Leyla Yunusun məsələsini qaldırdı və ölkəmizdəki hadisələrdən danışmağa başladı. Sual olunur, o nə üçün Azərbaycandakı hansısa hadisəyə münasibət bildirir, kimdir o? Avropanın özündə islamofobiya, dini ayrı seçkilik baş alıb gedir, müsəlmanlara qarşı dözümsüzlük nümayiş olunur. Qısası, xaricdən pul alıb, onların maraqlarını təmin edən QHT rəhbərləri sifarişlə işləyən satqınlardır. Məhz Qərbin Azərbaycan haqqında mütəmadi olaraq yaydığı qərəzli hesabatlar da Leyla Yunus kimi satqınların verdiyi əsassız informasiyalar əsasında hazırlanır.

- Müxalifət rəhbərlərinin hər dəfə yeni bir qurum yaratması və bu qurumların qısa müddətdən sonra iflasa uğramasının səbəbi nədir?

- Radikal müxalifət rəhbərləri indi də "Starateji Düşüncə Mərkəzi" adlı yeni bir qurum yaratmaq istəyirlər. Bəs "İctima Palata"nın, "Milli Şura"nın taleyi necə oldu? Axı müxalifət rəhbərləri bu qurumları yaradanda öyünürdülər ki, biz istəyimizə nail olacağıq. Bəs nə oldu? Onlar heç bir reallığa, aydın məntiqə, sağlam ideologiyaya söykənməyən, sosial bazası və təməl prisipiləri olmayan işlərlə məşğuldurlar. Müxalifət rəhbərlənin yaratdıqları qurumlar da ona görə iflasa uğrayır ki, əvvəla bu qurumların hamısını eyni adamlar yaradır. Artıq onlar siyasətdən getməlidirlər. Həmçinin, vahid ideologiya, konsepsiya olmayanda qurumlar da dağılmağa məhkumdur. İndi yaratdıqları düşüncə mərkəzində düşüncə boşluğu var, onlar bu mərkəzdə hansı düşüncə tərzi ilə işləyəcəklər, bax bu bilinmir. Bu qurum da özündən əvvəlki qurumların taleyini yaşayacaq. Adını müxalifət qoymaqla, mühafizəçilərlə və bahalı maşınlarda gəzməklə iş bitmir. Gərək müxalifətdə alternativ proqram olsun. Təəssüf ki, bizim müxalifət bütün keyfiyyətlərdən məhrumdur.

sia.az

Digər xəbərlər