Prezident İlham Əliyev Sarkisyana tutarlı cavab verməklə düşmənə yerini göstərdi
Bu gün dünya mətbuatı, xüsusilə də, qardaş ölkə Türkiyə mediası Prezident İlham Əliyevin böyük bir siyasətçi kimi atdığı addımdan danışır. Bu, əlbəttə ki, Praqada dövlət və hökumət başçılarının iştirakı ilə "Şərq tərəfdaşlığı" Proqramının 5 illiyinə həsr olunmuş sammitdə Ermənistan prezidenti Sarkisyanın sərsəmləmələrinə tutarlı cavab verməsilə əlaqədardır. "Bu gün təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm" - deyən Prezident İlham Əliyev regional medianın gündəmini dəyişmiş olub.
Belə ki, Türkiyənin "Haber 53" portalı "Ermənistan prezidenti Türkiyəni ittiham edərkən elə sərt təpki ilə üzləşdi ki..." başlığı altında Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 24-də Praqada "Şərq tərəfdaşlığı" Proqramının 5-ci ildönümünə həsr olunmuş sammitdə çıxışı zamanı Ermənistan prezidenti Serj Sarkisyana tutarlı cavabını gündəmə gətirib. Həmçinin, "Hürriyet" qəzetinin saytında, "Ensonhaber", "Haber 7", "Medya 365", "Haberjet", "Sondakikahaberleri", "Haberpolitik", "Turktime" və digər portallarda da Azərbaycan Prezidentinin Praqa Sammitindəki çıxışından bəhs edən şərhlər yerləşdirilib. Şərhlərdə Prezident İlham Əliyevin nümayiş etdirdiyi qətiyyətli mövqe Türkiyəyə qardaş münasibətin bariz nümunəsi kimi yüksək qiymətləndirilir. "Əl-Cəzirə Türk" Televiziyasının saytında yerləşdirilən "Əliyevdən Sarkisyana Türkiyə cavabı" sərlövhəli məqalədə də dövlətimizin başçısı İlham Əliyevin cəsarətli çıxışından bəhs olunur. Nüfuzlu "Sabah" qəzetində "Əliyevdən Ermənistana sillə kimi cavab" sərlövhəli məqalə dərc olunub. "Haber Türk" qəzetində dərc olunmuş məqalədə isə bildirilir ki, "Çexiyanın paytaxtı Praqada keçirilmiş "Şərq tərəfdaşlığı" Sammitində Ermənistan prezidenti Serj Sarkisyanın Türkiyənin ünvanına söylədiyi tənqidi fikirlərə Azərbaycan Prezidenti İlham Əliyev sərt cavab verdi".
Azərbaycan Prezidenti İlham Əliyevin Serj Sarkisyana cavabı ilə bağlı məqalələr Türkiyənin "Milliyet" ("Zirvə görüşündə Sarkisyan Türkiyəni günahlandırdı, Əliyev dərhal sərt cavab verdi"), "Radikal" ("Sarkisyanın Türkiyəni tənqid etməsinə Əliyevdən sərt təpki"), "Akşam" ("Türkiyə nümayəndələri burada yoxdursa, mən varam"), "Posta" ("Əliyevdən Ərdoğana dəstək"), "Cumhuriyet" ("Türkiyəni tənqid edən Sarkisyana Əliyevdən sərt cavab"), "Hurriyet Daily News" ("Praqa Sammitində Sarkisyan Türkiyəni tənqid edərkən Əliyev rəsmi Ankaranın müdafiəsinə qalxdı") qəzetlərində dərc olunmuşdur. Həmçinin "Yeni Şafak", "Sözcü", "Star" qəzetləri və digər mətbu nəşrlər də Prezident İlham Əliyevin qətiyyətli mövqeyindən bəhs ediblər.
Türkiyənin "TGRT", "TRT Türk", "TRT Avaz", "TRT Haber" və digər televiziya kanallarında yayımlanmış, eləcə də "Doğan", "İhlas" agentlikləri, "Haberler", "Sondakika", "Haber 3", "Haberciniz", "f 5 haber" və s. xəbər portallarında yerləşdirilmiş şərhlərdə qeyd edilir ki, Türkiyə nümayəndələrinin təmsil olunmadığı Praqa Sammitində Ermənistan prezidenti fürsətdən istifadə edərək rəsmi Ankaranı qondarma "soyqırımı" ilə bağlı konstruktiv mövqe tutmamaqda, digər tərəfdən isə Ermənistanla sərhədlərini açmamaqda əsassız olaraq ittiham etmiş və bu ölkənin Avropa İttifaqına üzvlüyünün yolverilməz olduğunu deyib.
Göründüyü kimi, bütün yazılarda bir daha Azərbaycan Prezidentinin mövqeyi Türkiyəyə əsil qardaşlıq dəstəyi kimi dəyərləndirilir. Həmçinin, qeyd olunur ki, Azərbaycan dövlətinin başçısı Ermənistan prezidentinin səsləndirdiyi əsassız iddialar qarşısında Türkiyəni qətiyyətlə müdafiə edib. Bu, sarsılmaz Azərbaycan-Türkiyə qardaşlığının daha bir təsdiqidir. Qardaş ölkənin mətbuatında verilmiş yazılarda bildirilir ki, Prezident İlham Əliyevin sammitdəki çıxışı Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu daha da yüksəklərə qaldırıb. Prezident İlham Əliyev Praqadakı cəsarətli çıxışı ilə Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu nümayiş etdirib, təcavüzkar Ermənistanın işğalçılıq siyasətini və riyakarlığını ifşa edib.
Bundan başqa, Prezident İlham Əliyevin faktlarla zəngin çıxışı dünyanın elə özünü fakt qarşısında qoyub. Çünki dövlətimizin başçısı dünyanı erməni təhlükəsilə bağlı məlumatlandırıb. Prezident İlham Əliyev söyləyib ki, bizim əhali etnik təmizləməyə məruz qalıb və bu işğal BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə, Avropa Parlamentinin və Avropa Şurası Parlament Assambleyasının qətnamələrinə baxmayaraq, bu günədək davam edir: "Ermənistan bu qətnamələrə məhəl qoymur və nə tarixən, nə də beynəlxalq hüququn normalarına əsasən onlara aid olmayan ərazinin işğalını davam etdirir. Eyni zamanda, onlar Azərbaycanı qeyri-konstruktiv yanaşmada günahlandırmaqda davam edirlər. Bizim torpaqlarımız işğal altındadır. Helsinki Yekun Aktında ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə prinsipləri çox aydın əks olunub. Öz müqəddəratını təyinetmə ölkələrin ərazi bütövlüyünün pozulması hesabına əldə olunmamalıdır. Üstəgəl ermənilər artıq öz müqəddəratlarını təyin ediblər, onların müstəqil Ermənistan dövləti var. Təsəvvür edin, əgər ermənilər hər yaşadıqları yerdə öz müqəddəratını təyin etməyi davam etdirsələr, nə baş verər. Onlar burada - Çex Respublikasında, Gürcüstanda, Rusiyada, Amerikada, yaşadıqları istənilən yerdə eyni yanaşma göstərə bilərlər. Onların öz dövləti var, onlar öz müqəddəratını təyin ediblər.
Münaqişənin tez bir zamanda həlli Azərbaycanın marağındadır. Mən əminəm ki, bu, həmçinin Ermənistan xalqının marağındadır, Cənubi Qafqaz əməkdaşlıq baxımından da maraq dairəsindədir. Türkiyə-Ermənistan əlaqələrinə gəldikdə, Baş nazir Ərdoğan bir neçə il öncə bəyanatla çıxış edərək Ermənistanın rəhbərliyinə bütün arxivləri açmağı təklif etmişdi ki, tarixçilər iki xalq arasındakı münasibətlərin tarixi məqamlarını nəzərdən keçirsinlər. Ancaq bu təklif adekvat cavabla qarşılanmadı. Dünən isə Baş nazir Ərdoğan erməni əsilli insanlara başsağlığı verdi, ancaq təəssüf ki, buna da Ermənistan tərəfindən müvafiq reaksiya verilmədi. Baxmayaraq, mən bilirəm ki, Birləşmiş Ştatlar və Avropa İttifaqı Türkiyə Baş nazirinin mövqeyini yüksək qiymətləndirdilər, ancaq görünür, bu, Ermənistan hökuməti üçün kifayət deyildir. Bu, aydın göstərir ki, regionda sülh istəməyən kimdir. Biz sülh istəyirik, biz ərazilərimizin geri qaytarılmasını istəyirik. Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmağa başlamalıdır. Bunu etmək çox asandır. Yalnız Ermənistan tərəfində siyasi iradə olmalıdır.
Nəhayət, sonuncu məsələ, Azərbaycan xalqı bir sual verir: Niyə Ermənistana sanksiyalar qoyulmur? Niyə Avropa Şurasındakı Ermənistan nümayəndə heyəti səsvermə və söz hüququndan məhrum edilmir? Onlar digər bir ölkənin ərazilərini işğal ediblər, beynəlxalq hüquq normalarını pozurlar, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini kobud şəkildə pozurlar və heç bir sanksiya tətbiq edilmir, heç bir cəza verilmir. Qanunsuz, kriminal Dağlıq Qarabağ rejiminin qondarma nümayəndələri Avropa paytaxtlarına vizalar alırlar. Bu dözülməzdir və buna son qoyulmalıdır".
Bir sözlə, göründüyü kimi, Azərbaycan artıq beynəlxalq münasibətlər sistemində sözünü deyə bilən, hətta qardaşını, dostlarını müdafiə edə biləcək qədər müstəqil və güclü ölkəyə çevrilib. Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun dediyi kimi, bu gün Türkiyə artıq meydanda tək deyil: "Regionda mövqelərini kifayət qədər möhkəmləndirmiş, fəal xarici siyasət yürüdən, xaricdə mütəşəkkil diaspor təşkilatları ilə proseslərə aktiv təsir göstərmək iqtidarında olan Azərbaycan kimi müttəfiqi var".
"Səs" Analitik Qrupu
Azərbaycan Prezidenti İlham Əliyev Yaponiya Olimpiya Agentliyinin rəhbəri, Baş nazirin xüsusi müşavirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Yaponiya Nazirlər Kabineti nəzdində Olimpiya Agentliyinin rəhbəri, Baş nazirin səhiyyə və idman məsələləri üzrə xüsusi müşaviri Takeo Hiratanı qəbul edib. Yaponiya Olimpiya Agentliyinin rəhbəri, Baş nazirin səhiyyə və idman məsələləri üzrə xüsusi müşaviri Takeo Hirata Azərbaycana ötən səfərlərini və xalqımızın ümummilli lideri Heydər Əliyev ilə görüşünü böyük ehtiramla xatırladı. O, ötən dövr ərzində ölkəmizdə gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi. Dövlətimizin başçısı ölkəmizdə bütün sahələrin inkişafı ilə bağlı ardıcıl tədbirlərin həyata keçirildiyini vurğuladı.
Görüşdə Azərbaycan ilə Yaponiya arasında müxtəlif sahələrdə, o cümlədən energetika sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.