"Amerika Birləşmiş Ştatları (ABŞ) Leyla Yunus məsələsində çox böyük fəallıq nümayiş etdirmək istəyir". Bunu SİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirli xarici ölkə səfirliklərinin Azərbaycanın daxili işlərinə qarışmasına münasibət bildirərkən deyib.Politloqun sözlərinə görə, burada xeyli anlaşılmaz və qaranlıq məqamlar var: "Prinsip etibarilə Azərbaycan - Amerika Birləşmiş Ştatlarının (ABŞ) münasibətləri Strateji Tərəfdaşlığa hesablanıb. İki dövlət arasında müxtəlif sferalarda, xüsusilə də hərbi, siyasi və təhlükəsizlik sahəsində dialoq prosesi geniş imkanlara malikdir. Bununla yanaşı ikitərəfli münasibətlərdə bir sıra hallarda anlaşılmaz məqamlar olub. Hesab edirəm ki, bu gün də həmin məsələ davam etməkdədir. İlk növbədə belə anlaşılmaz proseslərdən biri 907-ci maddənin tətbiqidir ki, indiyədək də həmin məsələ həllini tapmayıb. Onun fəaliyyəti dayandırılsa da, faktiki olaraq ləğv edilməyib. Azərbaycan ABŞ-ın regionda əsas tərəfdaşlarından biridir. Beləcə, region siyasətində ölkəmiz mühüm rola malikdir. Bununla belə ABŞ Dövlət Departamenti ara-sıra Azərbaycanda demokratiyanın inkişafı, İnsan haqları və digər sahələrdə vəziyyətlə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayır. Hesab edirəm ki, indiki halda Leyla Yunusla bağlı məsələdə də biz həmin o ssenarinin tərkib hissəsini görürük. Yəni, bu ABŞ-ın siyasətində tez-tez müşahidə olunan hallardan biridir. Biz müqayisə üçün Türkiyəni nümunə göstərə bilərik. Belə ki, ABŞ-Türkiyə arasındakı münasibətlər Strateji müttəfiqliyə hesablanıb. Buna baxmayaraq, ABŞ Kürd açılımı, Ermənistan, eləcə də Qondarma "erməni soyqırımı" məsələlərində Türkiyənin və öz ölkəsinin maraq və mənafeyinə uyğun olmayan siyasət həyata keçirir.Bununla belə ABŞ ölkələrin daxili işlərinə qarışmamaq kimi prinsipləri də pozur. Buna nümunə olaraq Leyla Yunusun məsələsini göstərə bilərik. Hesab edirəm ki, ABŞ səfirliyinin eyni zamanda Fransa səfirliyi təmsilçilərinin Leyla Yunusu müşayiət etməsi və ona 5 illik müddətə viza açılması və s. bir ölkənin daxili işlərinə qarışmaq anlamındadır. Əgər biz nəzərə alsaq ki, hal-hazırda onların davranışları da Leyla Yunusun müdafiəsinə söykənir. Təbii ki, bunlar hamısı onu göstərir ki, ABŞ və onun müttəfiqləri heç bir halda ayrı-ayrı fərdlərin hüquqlarını bu şəkildə müdafiə etmir. Halbuki Azərbaycanın bir milyondan artıq qaçqın və məcburi köçkünü öz yurdlarından didərgin düşüb. Amma çox təəssüf ki, ABŞ Dövlət Departamentinin və ABŞ Konqresinin yanaşmalarında biz onların hansısa uğurlu addım atmasının şahidi olmamışıq".
sia.az