"Azərbaycana qarşı hər zaman müdaxilə etmək istəyənlər olub və olacaq. Bu insanlar öz məkirli niyyətlərini kimlərinsə hazırladığı planlar əsasında yürüdüblər". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov Fransa və ABŞ səfirliklərinin Leyla və Arif Yunusları ölkədən qaçırmaq cəhdlərinə, eyni zamanda diplomatik nümayəndəliklərin Venesiya Konvensiyasını pozmalarına münasibətini açıqlayarkən dedi. "Ölkədən müxtəlif məlumatları digər Azərbaycan əleyhinə çalışan dövlətlərə sızdırmaq, dövlətinə, xalqına xəyanət etmək belə insanlara xas olan xüsusiyyətlərdir"-deyə bildirən millət vəkili onu da bildirib ki, hüquq müdafiəçisi adı altında gizlənən bu insanı hər hansı bir dövlət və yaxud beynəlxalq təşkilatlar dəstəkləyirsə, bu əlbəttə ki, ölkəmizi istəməyən qüvvələrdir: "Düşünürəm ki, heç bir xarici qüvvə ölkəmizə müdaxilə edə bilməz. Çünki bütün dövlətlər bugünkü Azərbaycanın nə qədər güclü, nə qədər düzgün siyasət aparan dövlət olduğunu yaxşı dərk edirlər".Azər Badamov son olaraq vurğuladı ki, bu ölkənin qanunları var və hər kəs həmin qanunlar qarşısında cavabdehlik daşıyır: "Dövlətin qanunları var və hər kəs əməlinə görə cavab verir. Leyla Yunus da mütləq şəkildə öz hüquqi qiymətini almalıdır".
sia.az