"Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri hələ Sovet dövründə hakimiyyətdə olduğu zaman milli dövlətçilik təfəkkürünü yaratmasından və müstəqilliyə doğru ideologiyanın əsaslarını formalaşdırmasından ibarətdir". SİA-nın xəbərinə görə, bu fikri AMEA-nın vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli deyib. Onun sözlərinə görə, Ulu Öndərin digər misilsiz xidməti isə müstəqil Azərbaycanın təməlini qoymasıdır: "Dahi siyasətçi Azərbaycanı təhlükələrdən xilas etdi və müstəqilliyimizin əbədiliyini təmin etdi. Ümummilli Lider Heydər Əliyev tarixdə ilk dəfə olaraq Azərbaycançılıq ideyasını dövlətin siyasi ideologiyası səviyyəsinə yüksəldib. Azərbaycan və Azərbaycançılıq anlayışları qədim tarixə malik olsalar da, uzun əsrlər boyu yalnız coğrafi yer adı kimi işlədilib, son yüzillikdə həm də milli ideya olaraq formalaşıb. Azərbaycançılığın dövlət siyasətində milli ideologiyaya çevrilməsi Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı böyük tarixi xidmətlərindən biridir".
sia.az