"I- TeLe" televiziya kanalının Moskva bürosunun müxbiri İrina Voloşina Bakıdan deportasiya edilib. O, hüquq müdafiəçisi Leyla Yunusla bağlı televiziyaya reportaj hazırlamaq üçün dünən Moskvadan Bakıya gələrkən, sərhəd nəzarəti məntəsindən buraxılmayaraq geri qaytarılıb.
Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın "I- TeLe" televiziya kanalının Moskva bürosunun müxbiri İrina Voloşinanın ölkəyə buraxılmamasını şərh edərkən bildirilib ki, bunun üçün müəyyən prosedurları keçmək lazımdır. Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev İrina Voloşinanın akkreditasiya üçün Xarici İşlər Nazirliyinə müraciət etmədiyini qeyd edib və bildirib ki, ölkəmizdə fəaliyyətə başlamazdan əvvəl xarici jurnalistlər sorğu ilə fəaliyyətləri barədə məlumat verib Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən akkreditə olmalıdırlar. Fransa telekanalının jurnalisti isə bu istiqamətdə heç bir addım atmayıb.
Qeyd edək ki, İrina Voloşina Fransa vətəndaşıdır və o, bir müddət öncə qondarma erməni soyqırımına həsr olunmuş reportajları ilə yadda qalıb.
sia.az