Bu gün Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Azərbaycan xalqımın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş "Ulu Öndər Heydər Əliyev - qaçqın və məcburi köçkün gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, həmçinin Ali Hərbi Məktəbə, Hərbi Liseyə qəbul" mövzusunda konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Nazirlər Kabinetinin, Müdafiə Nazirliyinin, Təhsil Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nümayəndələrinin, Milli Məclis üzvlərinin, əraziləri işğal olunmuş rayon icra hakimiyyətləri başçılarının, MKSİF-in rəhbərlərinin və Komitə əməkdaşları iştirak edib.Əvvəlcə qonaqlar Ulu öndər Heydər Əliyevin Komitənin Heydər Əliyev guşəsindəki büstünün önünə gül qoyublar.Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov konfransı giriş nitqi ilə açaraq deyib ki, Ulu Öndərin həyatı haqqında daha çox danışmaq olar: "Bu mövzuda tədbirin təşkili heç də təsadüfi deyil. Azərbaycan Respublikasının 20 faiz torpaqları hələ də işğal altındadır və biz hər an öz torpaqlarımızı Ali Baş Komandanın əmri ilə azad etməyə hazırıq. Azərbaycan ordusu regionun ən güclü ordusudur. Ümummilli lider hər zaman Azərbaycan ordusuna diqqət və qayğı göstərib və bu siyasi kurs hazırda cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan Prezidenti ordumuzu gücləndirib və tam müasir texniki silahlarla təchiz edib, Yəqin ki, hər biriniz bilirsiniz ki, dünyada nələr baş verir".Əli Həsənov bildirib ki, 20 ildən artıqdır ki, ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində beç bir iş görməyib: "Onların fəaliyyəti boş və mənasızdır. Biz gənclərimizi hərbə yönəltməli və orduya istiqamətləndirməliyik. Necə ki Sovet ordusunda bunlar mütləq idi. Hər bir gənc gələcəyini və prespektivini müəyyənləşdirərkən düzgün seçim etməlidir. Ulu Öndər dəfələrlə deyib ki, "Biz Azərbaycan gənclərini milli və vətənpərvərlik ruhunda böyütməliyik". Hesab edirəm ki, orduda xidmət edənlərin sayı artmalıdır".Daha sonra Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, Azərbaycan Respublikası müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov, Kəlbəcər rayonundan məcburi köçkün, mayor, Silahlı Qüvvələrin Hərbi Akademiyasının dinləyicisi Anar Əliyev və Xocalı rayonundan məcburi köçkün, Kosalar kənd orta məktəbinin 9-cu sinif şagirdi Məhəmmədəli Quliyev çıxş edərək Ulu Öndər Heydər Əliyevlə bağlı fikirlərini bölüşüblər.
sia.az