Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı millət vəkili, QHT-lərin Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev də bu günlərdə hüquq mühafizə orqanları tərəfindən saxlanılaraq dindirilən Leyla Yunus haqda fikirlərini bildirib. SİA-nın xəbərinə görə, millət vəkili çıxışı zamanı qeyd edib ki, L. Yunusun fəaliyyəti başdanayağa Azərbaycan dövlətinin əleyhinə yönəlib və xüsusilə "fəaliyyət" xalq diplomatiyası altında aparılır.O bildirib ki, bu gün xalq diplomatiyası adı altında çirkin oyunlar aparılır: "Bir qrup insanlar az qala bu məsələni inhisara alıblar. Özünüz də görürsünüz ki, həmin adamlardan biri olan L. Yunus Azərbaycan dilini necə təhqir edir. Bu dildən ancaq söyüş söyəndə istifadə edir. Bu gün bəzi səfirlər də onun ətrafında sıx birləşib. Biz bütün QHT-lərə imkan yaratmışıq. Ancaq bu, o demək deyil ki, bundan sui-istifadə edib dövlətçiliyimizin əleyhinə getməlidirlər".Spiker Oqtay Əsədov isə millət vəkilinə "Sizin ağıllı çıxışınıza qulaq asdım"- deyə reaksiya verib: "Siz həm də QHT-lərə Dövlət Dəstəyi Şurasının sədrisiniz. QHT-lərə layihələr üçün qrantlar ayırırsınız. Əgər layihələr varsa, onlar axıra çatmalıdır. Mən demirəm ki, bu bir nəzarət kimi olmalıdır. Amma hər halda bu məsələyə diqqət yetirmək lazımdır. Çünki vicdanlı, vicdansız QHT-lər də var. Təəssüf etdim ki, Beynəlxalq Şəffaflıq Azərbaycan Təşkilatı araşdırma təşkilatı olduğunu iddia etsə də, əslində o, qarışdırma təşkilatıdır. Onlar öz hesabatlarında küçə yazılarını dərc edirlər. Bəzən bunun günahı elə özümüzdə olur. Çünki onların dediklərinə reaksiya vermirik. Parlamentə qarşı haqsız iradlar bildirirlər. Milli Məclisi çox pis vəziyyətdə göstərirlər".
yap.org.az