Bu gün Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Azərbaycan xalqımın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş "Ulu Öndər Heydər Əliyev - qaçqın və məcburi köçkün gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, həmçinin Ali Hərbi Məktəbə, Hərbi Liseyə qəbul" mövzusunda konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Nazirlər Kabinetinin, Müdafiə Nazirliyinin, Təhsil Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nümayəndələrinin, Milli Məclis üzvlərinin, əraziləri işğal olunmuş rayon icra hakimiyyətləri başçılarının, MKSİF-in rəhbərlərinin və Komitə əməkdaşları iştirak edib.Əvvəlcə qonaqlar Ulu öndər Heydər Əliyevin Komitənin Heydər Əliyev guşəsindəki büstünün önünə gül qoyublar.Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov konfransı giriş nitqi ilə açaraq deyib ki, Ulu Öndərin həyatı haqqında daha çox danışmaq olar: "Bu mövzuda tədbirin təşkili heç də təsadüfi deyil. Azərbaycan Respublikasının 20 faiz torpaqları hələ də işğal altındadır və biz hər an öz torpaqlarımızı Ali Baş Komandanın əmri ilə azad etməyə hazırıq. Azərbaycan ordusu regionun ən güclü ordusudur. Ümummilli lider hər zaman Azərbaycan ordusuna diqqət və qayğı göstərib və bu siyasi kurs hazırda cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan Prezidenti ordumuzu gücləndirib və tam müasir texniki silahlarla təchiz edib, Yəqin ki, hər biriniz bilirsiniz ki, dünyada nələr baş verir".
Əli Həsənov bildirib ki, 20 ildən artıqdır ki, ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində beç bir iş görməyib: "Onların fəaliyyəti boş və mənasızdır. Biz gənclərimizi hərbə yönəltməli və orduya istiqamətləndirməliyik. Necə ki Sovet ordusunda bunlar mütləq idi. Hər bir gənc gələcəyini və prespektivini müəyyənləşdirərkən düzgün seçim etməlidir. Ulu Öndər dəfələrlə deyib ki, "Biz Azərbaycan gənclərini milli və vətənpərvərlik ruhunda böyütməliyik". Hesab edirəm ki, orduda xidmət edənlərin sayı artmalıdır".
Azərbaycan təhsil naziri Mikayıl Cabbarov bildirib ki, dünyəvi dövlətin yaradılması, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış, eləcə də ölkəmizdə elmin təhsilin mədəniyyətin inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Azərbaycana rəhbərlik etdiyi dövrdə gənclərin təhsili, ölkəmiz üçün yüksək ixtisaslı milli kadrlar, o cümlədən hərbiçi kadrların yetişdirilməsi, bütövlükdə təhsilin inkişafı dövlətimizin üçün prioritet istiqamət hesab olunur. Ötən əsrin 70-80-ci illərində Ulu Öndərin təşəbbüsü ilə keçmiş SSRİ-nin 170-dən artıq nüfuzlu ali məktəbində respublikamız üçün 250-dən çox ən zəruri ixtisas üzrə 15 minədək yüksək ixtisaslı mütəxəssisin hazırlanması onun uzaqgörən siyasətinin bariz nümunəsi idi. Onların arasında milli kadrlarımızın olması xüsusi əhəmiyyətə malikdir. Bu gün hədsiz qürur hissi ilə qeyd etməliyik ki, müstəqil Azərbaycanın milli ordusuna rəhbərlik edən zabitlərin böyük əksəriyyəti məhz Ulu öndər Heydər Əliyevin o illərdə təhsil alıblar".
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə diqqətə çatdırıb ki, Azərbaycanda hər bir vətəndaş may ayında Ümummilli lider Heydər Əliyevlə bağlı hesabat verir: "Bizim ölkəmiz indiki zamanda regionda və beynəlxalq aləmdə öz sözünü deyib. Cənab Prezident İlham Əliyevin dediyi hər hir sözü artıq bütün dünya eşidir. Ulu öndər Heydər Əliyev gənclərin, ələlxüsus işğal edilmiş rayonlardan olan gənclərin təhsilinə xüsusi fikir verirdi. Məhz Ulu öndərin diqqət və qayğısının nəticəsidir ki, Azərbaycanın işğal olunmuş rayonlarından olan məzunlardan 1993-cü ildə ali məktəblərə 300 nəfər qəbul olunmuşdusa, 2000-ci ildə bu göstərici 812 nəfər, 2013-cü ildə isə 3160 nəfər olub. Torpağını işğal etmiş düşmənə qalib gəlmək üçün Azərbaycan gəncləri mütləq yüksək intellektə və biliyə sahib olmalıdırlar. Müharibə davam edir. Səngərlərdə müharibəni udmaq üçün əvvəlcə gərək bilik müharibəsini udaq".
Azərbaycan Respublikası müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov qeyd edib ki, Ulu öndər Heydər Əliyevin bütün həyatı vətənpərvərliklə bağlı idi: "Bu, tarix boyunca da belə olacaq. Ulu öndərin hakimiyyətdə olduğu illərdə Azərbaycan yüksək nailiyyət və irəliləyiş əldə edildi. Dahi şəxsiyyətin xüsusi ilə orduya göstərdiyi diqqət və qayğı onun bir daha vətənpərvərlik, vətənə olan sevgisindən xəbər verirdi. Ümummilli lider milli şüur, ruh və vətənpərvərlik dahisidir. Onun vətənpərvərliyi müdafiə ruhlu idi. Dahi şəxsiyyətin hakimiyyətdə olduğu ildə Azərbaycanın sənayesi, kənd təsərrüfatı çiçəkləndi, paytaxt Bakıda, eləcə digər şəhər və rayonlarımızda avadlıq-quruculuq işləri həyata keçirildi".
Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov isə Ümummilli lider Heydər Əliyevin statı ilə başlayıb. "Bütün peşələrdən xalq, millət hər bir vətəndaş, dövlət üçün ən vacib və ən dəyərli peşə milləti, xalqı, torpağı qorumaq peşəsidir". Ulu öndərin uzaqgörənliyi sayəsində hələ hakimiyyətinin biirnci dövründən başlayaraq vətənpərvərlik tərbiyyəsi yalnız ideologiyada deyil, həmçinin yüksək hərbi kadrların hazırlanması işinin təşkilində özünü göstərib. Bu baxımdan Naxçıvanski adına Hərbi Lisey Azərbaycanın gələcək ordu quruculuğunun əsasını təşkil edib. Digər tərəfdən onun hərbi peşəyə verdiyi belə yüksək qiymət gənclərin hərbi vətənpərvərlik ruhunda, tərbiyyəsində həmişə əsas istiqaməti müəyyənləşdirəcək".
Sonda isə Kəlbəcər rayonundan məcburi köçkün, mayor, Silahlı Qüvvələrin Hərbi Akademiyasının dinləyicisi Anar Əliyev və Xocalı rayonundan məcburi köçkün, Kosalar kənd orta məktəbinin 9-cu sinif şagirdi Məhəmmədəli Quliyev çıxş edərək Ulu Öndər Heydər Əliyevlə bağlı fikirlərini bölüşüblər.
sia.az