YAP Qəbələ rayon təşkilatının qadınlar şurasının növbəti konfransı keçirilib. Konfrans iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin adını daşıyan parka gedərək, Onun xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, önünə gül dəstələri düzüblər. Konfrans YAP Qəbələ rayon təşkilatının iclas zalında öz işini davam etdirdi. Konfransı giriş sözü ilə açan YAP Qəbələ rayon təşkilatının sədr müavini Elçin Tağıyev gündəlikdə duran məsələlər barədə məlumat verib.
YAP Qəbələ rayon təşkilatının qadınlar şurasının sədri Arifə Bayramova hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, YAP Qəbələ rayon təşkilatının uçotunda olan 5700 nəfər üzvünün 2317 nəfərini qadınlar təşkil edir: "Qadınlar şurası öz fəaliyyətində partiyanın Proqram və Nizamnaməsini əldə rəhbər tutmuş, öz işini YAP Qadınlar Şurasının Əsasnaməsinin tələblərinə uyğun qurmağa çalışmışdır və bundan sonra da bu istiqamətdə fəaliyyət göstərəcəkdir". Məruzədə rayonda keçirilən siyasi kampaniyalarda qadınların fəallığından və qadınların ölkəmizin ictimai-siyasi həyatındankı rolundan danışılıb.
Məruzə ətrafında Müalicə-Diaqnostika Mərkəzinin həkimi Şəhla Məlikova, Mədəniyyət və Turizm şöbəsinin müdiri Nargilə Qafarova, Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə İsayeva, şəhər 2 saylı tam orta məktəbin müəllimi Vüsalə Nemətova, Hacallı kənd klubunun müdiri Afət Əliyeva çıxış edərək, qadınların müxtəlif sahələrdəki uğurlarından və dövlətimizin qadınlara göstərdiyi qayğıdan danışıblar. Sonra YAP Qəbələ rayon təşkilatının sədr müavini Elçin Tağıyev hesabat məruzəsi ətrafında çıxış edərək ölkəmizin və rayonumuzun ictimai-siyasi və sosial həyatında qadınların rolunun son dərəcə yüksək olduğunu qeyd edib, rayonda qadınlara göstərilən diqqət və qayğıdan danışdı, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Konfransın işində iştirak edən Qəbələ rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova çıxış edərək, qadınların cəmiyyətdəki rolundan ətraflı danışaraq onlara dəyərli tövsiyələr verdi. Eyni zamanda, YAP Qəbələ rayon təşkilatının qadınlar şurasının üzvlərindən Şəhla Məlikova, Arifə Bayramova və Nargilə Qafarova Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının Respublika Konfransına nümayəndə seçiliblər.
Samir Feyruzov