Laçın rayon Taxta-körpü qəsəbəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə YAP Laçın rayon təşkilatının gənclər birliyi tədbir keçirib. Tədbirdə Laçın rayon icra hakimiyyətinin başçısının 1-ci müavini Tofiq Mirzəyev, YAP-ın Laçın rayon təşkilatının gənc fəalları və rayonun idarə, müəssisə və təşkilatlarında çalışan gənclər iştirak ediblər.
İlk öncə tədbir iştirakçıları Ulu Öndərin büstü önünə gül dəstələri qoyublar. YAP Laçın rayon təşkilatının sədr müavini-aparat rəhbəri Xaliq Musayev yığıncağı açıq elan edib və Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. X.Musayev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar "Heydər Əliyev və Azərbaycan" mövzusunda məruzə edib.
Tədbirdə Laçın rayon icra hakimiyyətinin başçısının 1-ci müavini Tofiq Mirzəyev çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyununda son dərəcə mürəkkəb, ağır bir dövrdə xalqın təkidli tələbi ilə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürməsəydi, biz çətin ki, bugünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycandan danışa bilərdik: "Olduqca çətin bir şəraitdə yaranan bu YAP-ın çox qısa bir müddətdə əsil siyasi qüvvə kimi formalaşması, minlərlə vicdanlı və əqidəli insanın YAP-ın sıralarında birləşməsi bu gün bir daha Heydər Əliyev fenomeninin və dühasının qüdrətindən xəbər verir".
Tədbirdə YAP Laçın rayon təşkilatının gənclər birliyinin sədri Vüsal Həsənov çıxış edərək bildirib ki, Ulu Öndərimiz Heydər Əliyevin yaratmış olduğu Yeni Azərbaycan Partiyasının üzvü olmaq bizim üçün fəxr və qürur hissi ilə bərabər, həm də böyük bir məsuliyyətdir: "Bu məsuliyyəti ötən illər ərzində hər an dərk edən partiya üzvləri öz fəaliyyətlərində onu bir nömrəli vəzifə kimi qəbul etmişlər. Yeni Azərbaycan Partiyası yarandığı gündən xalqın maraqlarını üstün tutan, fəaliyyətini xalqın istəkləri üzərində quran, ölkəmizin inkişafında, müasir siyasi sistemin formalaşmasında mühüm rol oynayan aparıcı və yeganə partiyadır".
Sonra YAP-ın gənc fəalları Yasin Həsənov, Nuranə Alışanova, Şamo Qasımov çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycanda göstərdiyi fəaliyyətdən danışıblar. Tədbirin sonunda partiya sıralarına yeni qəbul olunan bir neçə gəncə YAP-ın vəsiqələri təqdim edilib.
S.Feyruzov