PDF Oxu

Siyasət

  • 15

Milli Məclisin növbəti plenar iclası keçirildi

Milli Məclisin növbəti plenar iclası keçirildi

Deputatlar ATƏT-in Minsk Qrupunun hesabat vermək tələbini irəli sürdülər

Dünən Milli Məclisin növbəti plenar iclası keçirildi. İclasın gündəliyinə 12 məsələ daxil edilmişdi. Milli Məclisin spikeri Oktay Əsədov iclası açıq elan edərək cari məsələlərə yer verdi. İclasda "Transparency İnternational" təşkilatının Azərbaycandakı milli bölməsi olan "Şəffaflıq Azərbaycan" İctimai Birliyinin boykot edilməsi təklif olundu.

Əli Hüseynli: "Şəffaflıq Azərbaycan" təşkilatının dərc etdiyi hesabat layihəsində parlamentə aid olan hissədə yalan, əsassız və böhtan dolu materiallar əksini tapıb"

Cari məsələlərin müzakirəsi zamanı çıxış edən Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli bildirdi ki, Azərbaycan parlamenti dövlətin ictimai-siyasi, qanunvericilik həyatında mühüm rol oynayır, amma bir sıra beynəlxalq təşkilatlar məqsədli olaraq buna kölgə salmağa çalışır, parlamentin nüfuzuna xələl gətirən materiallar dərc edirlər: "Parlament açıq, şəffaf orqandır. İstənilən məsələləri müzakirə etməyə hazırıq".

Ə.Hüseynli onu da vurğuladı ki, "Şəffaflıq Azərbaycan" təşkilatının dərc etdiyi hesabat layihəsində parlamentə aid olan hissədə yalan, əsassız və böhtan dolu materiallar əksini tapıb: "Korrupsiyaya qarşı mübarizə məsələsində, bu yöndə qanunvericiliyin təkmilləşməsində bir çox milli QHT-lərlə yanaşı olmalıyıq. "Şəffaflıq Azərbaycan" təşkilatı bu qurumlardandır. Onlar hesabat verərkən bizim də rəyimizi almalı idilər. Ancaq təəssüflər olsun ki, onun rəhbəri Rəna Səfərəliyeva Azərbaycan dövlətçiliyi əleyhinə yönələn fəaliyyətlər ortaya qoyur. Məsələn, bu günlərdə Leyla Yunusun 100 minlərlə manat vəsaiti nağdlaşdırmasında Rəna Səfərəliyevanın özü də iştirak edib. Hesab edirəm ki, təşkilatın baş ofisi Azərbaycanda fəaliyyətini dayandırmalı və Azərbaycan parlamentinin nümayəndələri də onların tədbirlərində iştirak etməməlidir".

Azay Quliyev: "Leyla Yunus Azərbaycan dilindən ancaq söyüş söyəndə istifadə edir"

İclasda deputat, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bu günlərdə hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq dindirilən Leyla Yunus haqda danışdı. O bildirdi ki, L.Yunusun fəaliyyəti başdan-ayağa Azərbaycan dövlətinin əleyhinə yönəlib: "Təəssüf ki, xalq diplomatiyası adı altında çirkin oyunlar aparılır. Bu insanlar az qala bu məsələni inhisara alıblar. Həmin adamlardan biri olan Leyla Yunus Azərbaycan dilini necə təhqir edir? Bu dildən ancaq söyüş söyəndə istifadə edir. Bu gün bəzi səfirlər də bunun ətrafında birləşib. Biz bütün QHT-lərə imkan yaratmışıq. Ancaq bu, o demək deyil ki, bundan sui-istifadə edib dövlətçiliyimizin əleyhinə getməlidirlər".

Oqtay Əsədov: "Şəffaflıq Azərbaycan" İctimai Birliyi araşdırma təşkilatı olduğunu iddia etsə də, əslində qarşıdurma təşkilatıdır"

Spiker Oqtay Əsədov isə deputata cavab verərək bildirdi ki, QHT-lərə layihələr üçün qrantlar ayırarkən nəzərət edilməlidir: "Sizin ağıllı və alovlu çıxışınıza qulaq asdım. Amma mənə maraqlıdır, siz həm də QHT-lərə Dövlət Dəstəyi Şurasının sədrisiniz, QHT-lərə layihələr üçün qrantlar ayırırsınız. Bəs sizin nəzarətiniz olurmu ki, kim nəyi necə həyata keçirir? Layihələr varsa, onlar axıra çatmalıdır. Mən demirəm ki, bu, bir nəzarət kimi olmalıdır. Amma hər halda, bu məsələyə diqqət yetirmək lazımdır. Çünki vicdanlı, vicdansız QHT-lər də var. Mən təəssüf etdim ki, "Şəffaflıq Azərbaycan" İctimai Birliyi araşdırma təşkilatı olduğunu iddia etsə də, əslində qarşıdurma təşkilatıdır. O, bəzi təşkilatlar kimi aranı qarışdırmaqlə məşğuldur. Onlar öz hesabatlarında küçə yazılarını götürüb dərc edirlər. Bəzən bunun günahı bizim özümüzdə olur. Çünki onların dediklərinə reaksiya vermirik. Parlamentə qarşı haqsız iradlar bildirir, Milli Məclisi çox pis vəziyyətdə göstərirlər".

Siyavuş Novruzov: "XİN başqa dövlətin vətəndaşlığını qəbul edib oranın pasportunu alanların Azərbaycan vətəndaşlığına dərhal xitam veriləcəyi haqqında bəyanat yaymalıdır"

YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Xarici İşlər Nazirliyini ölkə vətəndaşlarına başqa ölkələrin pasportlarının verilməsinə qarşı bəyanat verməyə çağırdı. Siyavuş Novruzov onu da vurğuladı ki, XİN başqa dövlətin vətəndaşlığını qəbul edib oranın pasportunu alanların Azərbaycan vətəndaşlığına dərhal xitam veriləcəyi haqqında bəyanat yaymalıdır: "Hər bir vətəndaş bunu başa düşməlidir. Ola bilər ki, kimsə xarici ölkələrdə ticarətlə məşğul olmaq istəsin. İnanmıram ki, kimsə könüllü şəkildə Azərbaycan pasportunu qoyub başqa ölkənin pasportunu üzərində daşısın. Yox, əgər başqa məqsədlər üçün bunu həyata keçirirsə, o zaman həmin şəxs mütləq şəkildə Azərbaycan vətəndaşlığından uzaqlaşdırılmalıdır. Bu gün dünyada baş verən hadisələrə nəzər salsaq, görərik ki, dövlət müstəqilliyinin qorunması məsələsi öndə duran məsələlərdən birincisidir. Bütün Azərbaycan vətəndaşları bu gün yekdil olmalı, dövlətin və Prezidentin, eləcə də müstəqilliyin ətrafında birləşməlidir".

Siyavuş Novruzovun sözlərinə görə, bu gün dünyada baş verən hadisələr dövlət təhlükəsizliyi məsələlərinin önəmini artırır: "Biz görürük ki, vətən xainləri, Azərbaycan əleyhinə işləyənlər, erməniyə işləyənlər səngərdə dayanan ermənilərdən daha betərdir. Çünki onlar bizə arxadan bıçaq sancan insanlardır ki, Azərbaycanda yaşayaraq Azərbaycan əleyhinə işlər görürlər. Azərbaycan barədə yalan məlumatlar verirlər. ABŞ Dövlət Departamenti də hesabat yayır, indi bu hesabatların mənbəyi bəlli oldu. "Beşinci kolon"un nümayəndələrinə qarşı biz öz işimizi düzgün qurmalıyıq ki, vətənə xəyanət edən insanlar ifşa olunsun. Hüquq-mühafizə orqanlarına təhvil verilsinlər və hesabat versinlər. Burada heç nədən çəkinmək lazım deyil. O, Azərbaycan hökumətinə, xalqa, millətə qarşı çıxış edib, ona görə də buna qarşı ciddi addımlar atılmalıdır, həmin insanlar cəzasını almalıdır".

Oqtay Əsədov: "Azərbaycan mətbuatında ürəkaçan heç nə görmürəm, hərdən xəcalət çəkirəm"

İclasda Milli Məclisinin sədri O.Əsədov bəzi televiziyaların parlamenti biabırçı durumda təqdim etməsindən narazılığını bildirdi. O.Əsədov xüsusilə TV-ləri tənqid edərək Milli Məclisi rüsvay etdiklərini söylədi və buna görə deputatları da qınadı: "Aranızda eləsi var ki, gedib müsahibə verirsiniz elə televiziyaya. Niyə? Getməyin də..."

Parlamentin sədri mətbuatdakı kompramat müharibəsi ilə bağlı da çağırış etdi: "İşimizi-gücümüzü qurtarmışıq, o bundan yazdırır, bu da ondan yazdırır. Qurtarmaq lazımdır bunları... Bəzən qəzet və jurnalları açanda utanıram ki, bütün bunlar Azərbaycanda baş verir. Azərbaycan mətbuatında ürəkaçan heç bir şey, analitik material yoxdur. Elə bizimkilərə də aiddir. Bəsdir, bunlara son qoymaq lazımdır! Bizim yüz dərdimiz var, dünyada aləm bir-birinə qarışıb, onunla məşğul olmalıyıq".

O.Əsədov onu da vurğuladı ki, ATƏT-in Minsk Qrupunun yeni həmsədrlərinin Dağlıq Qarabağ məsələsinin kökündən xəbəri yoxdur. O, ATƏT-in Minsk Qrupunun həmsədrlərini tənqid edərək qeyd edib ki, onlar fəaliyyətlərinə təzə, anlaşılmaz qayda gətiriblər: "Adını da qoyublar Dağlıq Qarabağ ilə tərəfdaşlıq və sair. Amma məsələ bu cür qoyulmalıdır ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra olunsun. Hətta bu yaxınlarda ABŞ-da bir tədbir hazırlanmışdı, orada amerikalı həmsədrin də iştirakı gözlənilirdi. Bu, yolverilməzdir!"

Milli Məclisin spikeri ATƏT-in Minsk Qrupunu hesabat verməyə səslədi: "ATƏT-in Parlament Assambleyasının 30-cu iclası Bakıda keçiriləcək. Yaxşı olardı ki, həmin sessiyada ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlarla bağlı hesabat versin. Bununla bağlı məsələ Milli Məclisin ya budəfəki, ya da növbəti iclasının gündəliyinə salınsın".

Təklif parlament tərəfindən dəstəklənərək qəbul olundu.

Milli Məclis gündəlikdə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin Nizamnaməsini müzakirə etdi. Layihə barədə MM-in sədr müavini Valeh Ələsgərov məlumat verdi. Müzakirələrdən sonra Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin Nizamnaməsi təsdiq edildi. Həmçinin, Milli Məclis İnzibati Xətalar və Cinayət- Prosessual Məcəllələrinə dəyişikliklər layihəsini də müzakirə etdi. Layihə barədə Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli məlumat verdi.

Müzakirələrdən sonra məcəllələrə təklif olunan çoxsaylı dəyişikliklər qəbul olundu.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər