3 may 2014-cü il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə "Şahin" hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib. SİA-nın verdiyi məlumata görə, Gənclər və İdman, Təhsil, Müdafiə və Fövqəladə Hallar nazirliklərinin nümayəndələrinin və məktəb şagirdlərinin valideynlərinin iştirak etdikləri tədbirdə BŞGİBİ-nin rəisi Raqif Abbasov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, liseyin rəhbərliyi çıxış edərək gənc nəslin xalqa, dövlətə sədaqət ruhunda yetişməsində, onların mənəvi-psixoloji və fiziki hazırlığında, komanda düşüncə tərzinin təbliğində, vətənpərvərlik hisslərinin aşılanmasında, sabahın əsgər və zabitlərinin formalaşmasında ənənəvi "Şahinlər" hərbi-idman oyununun əhəmiyyətindən danışıblar.Natiqlər Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğuna xüsusi diqqət və qayğı göstərdiyini qeyd edərək, dövlətimizin gənclər siyasətində hərbi vətənpərvərlik sahəsinin mühüm yer tutduğunu vurğulayıblar.Yarışda paytaxtın 11 rayon komandası ilə yanaşı, Zəngilan, Şuşa və Laçın rayonlarının ümumtəhsil məktəblərindən komandalar birincilik uğrunda mübarizə aparıblar. Yekun nəticələrə əsasən Nərimanov rayon komandası I yeri, Nizami rayon komandası II yeri və Yasamal rayon komandası III yeri tutublar.Yarışda ilk üç yeri tutan komandalar C.Naxçıvanski adına Hərbi Liseydə keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanıblar.
sia.az