"Azərbaycanın Şuşanı azad edəcək əsgəri də, generalı da, Ali Baş Komandanı da var"
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının "Şuşaya Azadlıq" kampaniyası çərçivəsində hazırlanan "Şuşaya Azadlıq 22 dildə" video çarxının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə millət vəkilləri, QHT rəhbərləri və media nümayəndələri iştirak edib.Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev təəssüflə qeyd edib ki, Azərbaycan hələ də torpaqlarının işğal günlərinin qeyd edilməsinə məhkumdur. O, həmçinin Dağlıq Qarabağ probleminin həllində irəliləyiş əldə olunmamasına görə ATƏT-in Minsk qrupunu da ittiham edib: "ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ probleminin həlli ilə deyil, onun uzadılması ilə məşğuldur. Təəssüf ki, hələ də Dağlıq Qarabağ probleminin həllində sülhə, irəliləyişə nail olunmayıb. Hesab edirəm ki, problemin həll olunmamasının hesabını artıq yaradılmasının 20 ili tamam olacaq ATƏT-in Minsk qrupundan tələb etmək lazımdır. Azərbaycan xalqı və vətəndaşlarının tam haqqı var ki, ATƏT-in Minsk qrupundan niyə bu məsələnin həllində irəliləyişin olmamasının hesabını soruşsun. Bu gün ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ probleminin həlli ilə deyil, onun uzadılması ilə məşğuldur".A.Quliyev təəssüflə qeyd edib ki, Minsk qrupunun bəzi üzvləri, xüsusən də ABŞ-lı həmsədr Ceyms Uorlik açıq şəkildə ermənipərəst mövqe sərgiləyir. Artıq elə həmsədr diplomatlar peyda olub ki, onlar ən azından görüntü xatirinə də olsa, bitərəfliyini qorumaq əvəzinə, tam şəkildə erməni maraqlarını müdafiə edən mövqe sərgiləyirlər. Hesab edir ki, Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimovun bu məsələ ilə bağlı ortaya qoyduğu mövqe haqlıdır və ABŞ buna öz münasibətini rəsmi şəkildə bildirməlidir".Şura sədri vurğulayıb ki, Ceyms Uorlik həmsədr kimi vəzifəsindən uzaqlaşdırılmalıdır: "ABŞ bu məsələyə münasibət bildirməlidir. Ən azından bizim heysiyyatımızla oynayan və bizim problemimizə laqeyd yanaşan bir diplomatı görmək istəmirik. Bu, çox haqlı mövqedir. ABŞ səfirliyi bu yanaşma ilə razı deyil, amma biz də ABŞ-ın yanaşması ilə razı deyilik. Ən azından bu şəxs erməniləri açıq şəkildə müdafiə edən bəyanatlarından və ya mövqeyindən əl çəkməlidir".Daha sonra "Şuşaya Azadlıq 22 dildə" video çarxının təqdimatı olub.Tədbirdə çıxış edən "Şuşaya ədalət" video çarxının müəllifi, "QHT xəbər" saytının baş redaktoru Sənan Nəcəfov bildirib ki, kampaniya çərçivəsində bu filmin internet vasitəsilə geniş miqyasda yayılması, 5 dildə "Şuşaya azadlıq" saytının yaradılması, eləcə də bir neçə ölkədə aksiyaların keçirilməsi nəzərdə tutulur: "İnformasiya müharibəsinin əsas məqsədi qarşı tərəfi səhv addım atmağa sövq edərək siyasi, hərbi, iqtisadi, psixoloji və sosioloji sahələrdə qələbə qazanmaq, rəqibdən üstün olmaqdır. Öz istəklərini həyata keçirmək məqsədi ilə mübarizə aparan tərəflər bir-birilərini informasiya və intellektual sahələrinə təsir göstərə biləcək hər bir vasitələrdən istifadə edirlər. Müharibə şəraitində yaşayan və 20 faiz torpaqları təcavüzkar Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan kimi dövlət üçün informasiya müharibəsi daha böyük əhəmiyyət kəsb edir"S.Nəcəfov qeyd edib ki, mövzunun əhəmiyyəti və qarşı tərəfin imkan və səyləri də nəzərə alınaraq bu işlər peşəkar səviyyədə aparılmalıdır: "Prosesdə reklam, təbliğat, ictimaiyyətlə əlaqələr, informasiya, lobbiçilik və digər təqdimat vasitələrindən peşəkar şəkildə istifadə edilməsi şərtdir. Siyasi, hüquqi, iqtisadi, mədəni, təhsil və digər sahələrdə strateji planlama və strateji idarəetmə modelinə sahib yaxşı təşkilatlanma vacibdir. Bununla yanaşı, keçirilən tədbirlərin təsirinin azaldılması məqsədilə düşmən tərəfin aparacağı əks təbliğatlara da hazırlıqlı olmaq lazımdır".Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Gülsel Səfərova deyib ki, Avropada bir sıra ölkələrdə Şuşanın işğalı ilə bəyanatlar yayılacağını, təbliğatı xarakterli digər tədbirlər keçiriləcəyini bildirib. Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asif Əsgərov "Şuşaya azadlıq" kampaniyasının da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən başladılmış "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası kimi səmərəli olacağına ümid etdiyini bildirib. O, da öz növbəsində rəhbərlik etdiyi təşkilatın bir sıra beynəlxalq təşkilatlarda və tədbirlərdə "Şuşaya azadlıq" şüarı altında müxtəlif aksiyalar keçirəcəklərini açıqlayıb.Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev bu kampaniyanın mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Milli Məclisin digər üzvü Qənirə Paşayeva bildirib ki, "Şuşaya azadlıq" video çarxı bütün dünyada geniş şəkildə yayımlanmalıdır. Onun fikrincə, hazırda bəzi beynəlxalq təşkilatlar Dağlıq Qarabağ probleminə məqsədli şəkildə laqeydlik nümayiş etdirir. Onun fikrincə, bu kampaniya çərçivəsində beynəlxalq təşkilatlara da müraciət və çağırışlar ünvanlanmalıdır.Tədbirdə hamının bu kampaniyanın həyata keçirilməsində yaxından iştirak etməyə çağırış səslənib. Qeyd edilib ki, Azərbaycanın Şuşanı azad edəcək əsgəri də, generalı da, Ali Baş Komandanı da var.Tədbirdə çıxış edən digər natiqlər də kampaniyanın səmərəliliyinin artırılması məqsədilə müxtəlif fikir və təkliflərlə çıxış ediblər.Sonda Sənan Nəcəfov "Şuşaya azadlıq" beynəlxalq kampaniyasının koordinatoru seçilib.
sia.az