PDF Oxu

Siyasət

  • 9

Pakistanda “Heydər Əliyev Su Təchizatı layihəsi”- nin açılış mərasimi keçirilib

Pakistanda “Heydər Əliyev Su Təchizatı layihəsi”- nin açılış mərasimi keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Pakistanda həyata keçirilən silsilə tədbirlər çərçivəsində 4 may 2014-cü il tarixində Azərbaycan Respublikasının Birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü və himayəsi altında Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) və Azərbaycan Respublikasının Pakistandakı Səfirliyinin dəstəyi ilə Pakistanın Dera İsmayil Xan ərazisinin Tank bölgəsində inşa edilmiş "Heydər Əliyev Su Təchizatı layihəsi"-nin açılış mərasimi keçirilib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Tank bölgəsində təşkil edilən təntənəli mərasimdə Pakistan Parlamentinin sabiq sədr müavini, Azərbaycan-Pakistan Parlamentlərarası dostluq qrupunun üzvü Fəysəl Kərim Kundi, Xayber Paxtunxva əyalət hökumətinin təmsilçiləri, əyalət məclisinin deputatları, ətraf kəndlərin ağsaqqalları və kütləvi informasiya nümayəndələri iştirak ediblər.Tədbirdə çıxış edən Azərbaycan-Pakistan Parlamentlərarası dostluq qrupunun üzvü Fəysəl Kərim Kundi, Heydər Əliyev Fondu tərəfindən Pakistanın mütəmadi olaraq terrora məruz olan və iqtisadi inkişafdan geri qalan regionunda belə bir aksiyanın keçirilməsi faktını yüksək qiymətləndirərək, Fondun Prezidenti Mehriban Xanım Əliyevaya ərazi sakinlərinin adından öz dərin minnətdarlığını bildirib. O, Azərbaycan tərəfinin bu addımının əsl mənada dostluq və qardaşlıq münasibətinin göstəricisi olduğunu vurğulayıb. Bildirilib ki, Heydər Əliyev Su Təchizatı layihəsi, içməli sudan məhrum olan və daim təhlükə ilə üzləşən bölgə sakinləri üçün böyük bir dəstək mənbəyidir.Azərbaycan Respublikasının Pakistandakı səfiri Daşqın Şikarov mərasimin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin andan olmasının 91-ci ildönümünə təsadüf etdiyini deyərək, Heydər Əliyevin həyat və fəaliyyəti barəsində geniş danışıb. O, Heydər Əliyevin xatirəsinin Azərbaycanın xalqı tərəfindən əbədi olaraq əziz tutulduğunu və Azərbaycan Respublikasının Birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev fondunun Ulu Öndərin Azərbaycanın inkişafı haqqında ideyalarını reallaşdıraraq, ölkədə və xaricdə elm, mədəniyyət, səhiyyə və digər sahələrdə irimiqyaslı layihələr həyata keçirdiyini qeyd edib. Səfir Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində səhiyyə, təhsil və humanitar sahələrdə silsilə humanitar yardımlar proqramının icra edildiyini bildirib. Bölgə sakinləri adından danışan Məhəmməd Ecaz 100 illər boyu ərazinin quraqlıqdan ciddi əziyyət çəkdiyini və insanların içməli sudan məhrum olduqlarını qeyd edərək, indiyə kimi bölgə sakinlərinin içməli suya olan tələbatlarını əsasən 10 kilometr uzaqlıqda yerləşən yağış suyu kollektorundan ödədiklərini vurğulayıb və bu günün bölgə sakinləri üçün əsl bayram olduğunu qeyd edərək, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva başda olmaqla, dost və qardaş Azərbaycan xalqına və dövlətinə dərin minnətdarlığını bildirib. Əvvəllər bölgədə bir neçə dəfə 200-300 metr dərinliyində artezian quyularının qazıldığını, amma içməli su mənbəyinin tapılmadığını deyən Məhəmməd Ecaz "Heydər Əliyev Su Təchizatı layihəsi" vasitəsilə on millərlə kəndlinin nəhayət ki, keyfiyyətli içməli su əldə etdiklərini diqqətə çatdırıb."Heydər Əliyev Su Təchizatı layihəsi" dərinliyi 700 metrdən artıq olan quyu, su ehtiyatı, fasiləsiz elektrik təchizatı qurğusu və su paylaşdırıcı sistemdən ibarət olaraq, gün ərzində 150 tondan çox içməli su istehsal edir və bölgədə yerləşən 40 minə qədər insanı içməli su ilə təmin edir. Mərasimin sonunda səfir D.Şikarov tədbirə qatılan Xayber Paxtunxva əyalətinin aparıcı KİV mənsublarına müsahibə verib. Müsahibədə səfir Azərbaycan -Pakistan dostluğu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu siyasət, ölkəmizin Birinci Xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu və eləcə də Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikası Beynəlxalq İnkişafa Yardım Agentliyinin fəaliyyəti haqqında ətraflı məlumat verib.

sia.az

Digər xəbərlər