PDF Oxu

Siyasət

  • 12

Azərbaycan milli mədəniyyətin Qərb və Şərqin vəhdəti kimi

Azərbaycan milli mədəniyyətin Qərb və Şərqin vəhdəti kimi

Təsadüfi deyildir ki, hələ XX əsrin əvvəllərində - Bakıda kapitalizmin meydana gəldiyi ilk dövrlərdə Qərb sivilizasiyasına, Avropaya seçkili münasibətin zəruriliyini dərk edən H.Cavid yazırdı ki, "Avropada işıq da var, zülmət də var".

AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov göstərir ki, müasir Qərb dünyası daxilən ziddiyyətli olduğundan və rasional düşüncəni mütləqləşdirdiyindən onun birtərəfli tərəqqisi labüd surətdə mənəvi deqradasiya gətirir. Lakin Avropa böyük cidd-cəhdlə bu böhrandan xilas olmağa çalışır. Biz isə bəzən onu tərəqqi etdirən amillərdən xəbərsiz halda, onun iflas məqamını Qərb sivilizasiyası ilə qarışıq salır, Qərbin xilas olmaq istədiyi və məmnuniyyətlə bizə ixrac etdiyi bayağı mədəniyyətdən ikiəlli yapışaraq "müasir" olmağa çalışırıq. İstisinə isinmədiyimiz bir şeyin tüstüsünü bəh-bəhlə qəbul edirik.

Şərq təfəkkür tərzini atıb Qərb təfəkkür tərzindən yapışmaq (yeri gəlmişkən, təfəkkür tərzi uzun müddətə formalaşır və onun dəyişilməsi də çox mürəkkəb və uzun prosesdir) nə deməkdir? Əsas məqsəd hər hansı təfəkkür tərzinin zəif cəhətlərindən, birtərəfliyindən azad olmaq deyilmi?

Məsələ burasındadır ki, müasir dövrdə Şərq və Qərbin qarşılaşdırılması, onların fikir tərzində olan özünəməxsusluğun mütləqləşdirilməsi və yalnız bu və ya digər tərəfə üstünlük verilməsi heç bir müsbət nəticəyə gətirə bilməz. Müasir təfəkkür hətta müxtəlif sivilizasiyaların bir-birindən köklü surətdə fərqli olan düşüncə tərzlərini "barışdırmağı", onların mütərəqqi cəhətlərini birləşdirməyi nəzərdə tutur. Son zamanlar hamını heyrətləndirən "Yaponiya müəmmasının" açarını da məhz Şərq və Qərb təfəkkür tərzlərinin uğurlu vəhdətində, başqa sözlə, Şərqə məxsus yüksək mənəvi potensialın Qərbə məxsus rasional düşüncə mədəniyyəti ilə birləşdirilməsində axtarmaq lazımdır.

Şərq və Qərb mədəniyyətlərinin və müvafiq təfəkkür tərzlərinin üstün cəhətlərinin aşkar edilməsi həm tarixi, həm də məntiqi planda xüsusi tədqiqat tələb edir. Müasir cəmiyyətşünaslığın vəzifələrindən biri də xalqımızın milli mədəniyyətini və təfəkkür tərzini Şərq və Qərb mədəniyyətləri kontekstində araşdırmaqdan və onun inkişaf perspektivlərini müəyyənləşdirməkdən ibarətdir. Ciddi elmi tədqiqata əsaslanmayan qənaətlər, empirik müşahidədən çıxarılan nəticələr isə çox vaxt qüsurlu olur.

İran tədqiqatçı Seyid Müstəba Müsavalarinin fikrincə, gənc nəslin düşüncə tərzi müasir dövrün zərərli ideoloji hücumlarına məruz qalıb, hər gün bu zəhərli ideyalar ona öz ziyanlı təsirini göstərməkdədir. Belə bir şəraitdə islam alimlərinin vəzifəsi çox şərəfli və qürurvericidir. Onlar gərək elmi anlayışlar və məntiqi yollarla gənclər və yeniyetmələr üçün hidayət yolunu göstərsinlər, böyük islam mədəniyyəti və maarifini onlara təqdim etsinlər. Son illərdə alimlər tərəfindən bu istiqamətdə diqqətəlayiq işlər görülməsinə baxmayaraq, hələ də islam ideologiyası cavanların bütün təbəqələrinin düşüncə və təfəkkürünə yol tapmayıb. Bu böyük və çox qiymətli mənəvi irs kifayət qədər tanıtdırılmayıb. İslam, müxtəlif millətləri bir-birinə yaxınlaşdırmaq, mədəniyyəti inkişaf etdirmək və dünyada kamil bir maarifin əsasını qoymaq üçün bütün müsbət elementləri səfərbər etməyə qadirdir.

Xristianlığın əksinə olaraq, islamda heç vaxt elm və din arasında çəkişmələr mövcud olmayıb. Daha doğrusu, alimlər islam dininin sayəsində elmdə çox yüksək nəticələr əldə etmişlər. Onlar elmi tədqiqatlar, yaşayışın təkamülü və hamının qəbul edə biləcəyi təbii və fitri qanunlar baxımından, beş əsr ərzində bəşəriyyətin öncülləri olmuşlar. Müsəlmanlara maddi və mənəvi tərəqqi bəxş edən, onları elm öyrənməyə təşviq edən məhz islam dininin özüdür. İslam, müasir dövrdə hakim olan təəssübkeş fikirlərdən uzaq olub, insanlar arasında qarşılıqlı həmkarlıq ideyasını təbliğ edir.

Maddi meyar və dəyərlərin əsiri olmuş müasir dünyada hələ də yalnız islam dini öz əbədi təlimlərini çəkinmədən göstərə bilir. İslamın mahiyyət və özülü həqiqətdən yoğrulub. O, həmişə olub və olacaq, islam təlimləri həmişə təravətlidir və bütün dövrlərlə ayaqlaşa bilir.

Hər bir əsrdə insan öz hədəfini və həyatının mənasını islam dini ilə müəyyənləşdirə bilər, onun qanunlarına tabe olaraq, maddi həyatın tufanlarından xilas olar. Əgər cəmiyyət bu ali səmavi proqramları tətbiq etmək üçün çalışsa, həqiqi səadət qapılarını öz üzünə açar və məntiqli, sağlam həyat tərzini əldə etmiş olar.

S.Xəlilov göstərir ki, Şərq təfəkküründə ənənəçilik çox güclüdür. O, hər cür yenilikçi fəaliyyət qarşısında böyük sədlər çəkir. Şərqə məxsus ətalət də buradan yaranır. Lakin bu ətalətə qeyd-şərtsiz pis hadisə kimi, geriliyimizin səbəbi kimi qiymət vermək dayazlıqdır, metafizik yanaşmadır. Ətalət həm də vəznin ağırlığı deməkdir ("ağır otur, batman gəl"). Əlbəttə, fizikadan məlum olan "ətalət - kütlə ölçüsüdür" fikrini kor-koranə surətdə sosial-mənəvi həyata aid etmək düzgün olmazdı. Lakin buradakı açıq-aşkar uyğunluğu da inkar etmək mümkün deyil. Şərqdə fikir sahəsində, mənəvi sferada dəyişkənlik, mütəhərriklik "yüngüllük" kimi - mənfi mənada; sabitlik, ətalətlilik isə "ağırlıq" kimi - müsbət mənada qiymətləndirilir.

Bu, doğrudur ki, insanı insan edən məhz mənəvi qadağanlar, əxlaqi sədlərdir, nəfsi buxovlayan ətalət qüvvəsidir. Lakin bu sədlər özü də hər bir inkişaf mərhələsində ağıl süzgəcindən keçməli, bir növ filtr - təmizləyici rolunu oynamalıdır. Şərqi geri qoyan ətalət qüvvəsinin böyüklüyü yox, hərəkətverici qüvvənin kiçikliyidir; mənəvi sədlərin yüksəkliyi yox, intellektual cəhdlərin zəifliyidir. Qərb dünyası intellektual yüksəliş yürüşündə mənəvi sədləri dağıtdı. Yaponiya intellekti mənəvi sədlə həmahəng surətdə inkişaf etdirərək onun üzərindən keçməyə müvəffəq oldu. Biz isə elmi tərəqqi və intellektual inkişafın qayğısına qalmadığımızdan və yeganə böyük sərvətimiz olan mənəvi səddin üstündən keçə bilmədiyimizdən onun altından keçməyə çalışırıq. Lakin görəsən bünövrəsi artıq oyulmaqda olan bu nəhəng səddin tarixin sınağına davam gətirəcəyinə ümid etmək olarmı? Azərbaycan mədəniyyətinin müxtəlif tarixi dövrlərə bölünən zəngin və çoxsahəli keçmişinin öyrənilməsi ciddi çətinliklərlə bağlıdır və bu sahədə yalnız elm və sənət adamlarının birgə səyi nəticəsində nailiyyət əldə etmək mümkündür.

S.Xəlilov qeyd edir ki, Azərbaycan mədəniyyəti müxtəlif dövrlərdə müxtəlif sivilizasiyaların nailiyyətlərindən bəhrələnmiş və eyni zamanda, onların bəzilərinin beşiyi başında dayanmış elə mürəkkəb və zəngin bir fenomendir ki, onu bəsit, standart təfəkkürlə dərk etmək, mənimsəmək mümkün deyil. Tarixi keçmişə etinasız və bəsit münasibətin nəticəsidir ki, müasir Azərbaycan bədii təfəkkürünün qaynaqlarını təşkil edən və özünəməxsus ənənələrə malik olan milli əfsanə və əsatirlər, şifahi xalq yaradıcılığının istər xarici təsirlər üzündən yarı yolda qalan, istərsə bu gün də yaşamaqda davam edən müxtəlif qolları, əsrlər boyu xalqımızın mədəni-mənəvi sərvətlərinin daşıyıcısı, qoruyucusu və ötürücüsü rolunu oynamış əvəzsiz ozan sənəti, zərdüştilik fəlsəfəsindən miras qalmış düşüncə tərzi və adət-ənənələr, Alban dövləti dövründə xristianlığın təsiri ilə formalaşmış sənət nümunələri və xüsusən yeni dövrə gəlib çatmış arxitektura abidələri və sənət yüklü arxeoloji tapıntılar, atəşpərəstliyin, xristianlığın və əcdadlarımızın etiqad bəslədiyi digər dinlərin öz yerini tədricən islama verdiyi keçid mərhələsində incəsənətdə baş verən təbəddülatlar və islamın təsiri ilə yeni keyfiyyət halına qədəm qoyan orta əsr sintetik Azərbaycan mədəniyyəti - bütün bunlar uzun müddət xüsusi tədqiqat obyektinə çevrilməmiş, müasir milli mədəniyyətimizin strukturunda hələ də nəzərə çarpacaq yer tutan qədim ünsürlərin mənşəyi və təkamül yolu layiqincə araşdırılmamışdır.

Çarizm və daha sonra sovet dövründə heç bir əsas olmadan adət və ənənələrimizin, milli sənətimizin spesifik xüsusiyyətlərinin ancaq islamla bağlanması və islama bəslənilən qeyd-şərtsiz mənfi münasibətin az qala bütün mədəni keçmişimizə şamil edilməsi müasir milli mədəniyyətimizi öz tarixi kökləri ilə əlaqəni itirmək təhlükəsi qarşısında qoymuşdur. Min illər boyu milli mədəniyyətimizin inkişafına təsir göstərmiş Zərdüşt təliminə biganəlik o həddə çatmışdır ki, başqa xalqların çoxdan faydalandığı "Avesta"nın bu günə qədər gəlib çatmış hissələrinin öz dilimizdə çap olunması və müasir mədəni həyatımızda bu təlimin izlərinin aşkar edilməsi sahəsində ciddi addımlar atılmamışdır. Zərdüştün təlimindən xəbərsiz halda onun adı ilə fəxr etsək də, heç olmazsa bu adın konkret bir xatirə ilə yad olunması sahəsində də demək olar ki, heç bir tədbir görülməmişdir. Gec də olsa vaxtilə könüllü surətdə imtina etdiyimiz və başqalarının sərəncamına verdiyimiz Alban mədəniyyətinin sələflik hüququnu şifahi şəkildə bərpa etsək də, Alban mənbələrindən öz dilimizdə istifadə etmək imkanından hələ də məhrumuq və bu, milli mədəniyyət tariximizin öyrənilməsi işində böyük çətinliklər törədir.

Əlbəttə, məsuliyyətsizlik, biganəlik pis keyfiyyətdir. Lakin o, yalnız Şərqin ənənəvi mənəviyyat tərzi kimi izah oluna bilməz, çünki daha çox dərəcədə sosial mühitlə, sahibkarlıq hissinin olmaması ilə bağlıdır. Utancaqlıq və ətalətli düşüncə kimi keyfiyyətləri ancaq qara rənglə boyamaq düzgün olmazdı. Utancaqlıq nədə isə bizə mane olur deyə, əsrlər boyu formalaşmış bu yüksək mənəvi keyfiyyətləri azadmı olmağa çalışmalıyıq? Əgər ali hisslər intellekti üstələyirsə birincidən azad olmaq əvəzinə ikincini inkişaf etdirmək barədə düşünməli deyilikmi? Elə yüksək intellektual səviyyəyə, praktik fəaliyyət və təfəkkür mədəniyyətinə yüksəlmək mümkün deyilmi ki, öz sözünü demək və haqqını müdafə etmək işində abır, utancaqlıq, təvazökarlıq hüdudu daha mane ola bilməsin?

Hər hansı çəpəri, bəndi keçməyin üç yolu var: bəndin altından sürünüb keçmək, bəndi dağıdıb keçmək və nəhayət, bəndin üstündən keçmək. Birinci yol - alçalmaq, axırıncı - yüksəlmək tələb edir. Bəndin dağıdılması isə min illər ərzində yaradılmış bir abidənin - mənəvi meyarın aradan götürülməsidir ki, bu zaman ölçü itir, yüksəkliklə alçaqlıq eyniləşir. Vaxtilə, burjua inqilabı aristokratiyanın böyük səylə əməl etdiyi adət-ənənələri, əxlaq və davranış qaydalarını alt-üst etməklə intellektin əxlaqi meyarı üzərində birtərəfli qələbəsini təmin etdi. Rasional düşüncə və işküzarlıq təşəbbüslərinin qarşısını ala biləcək heç bir mənəvi məhdudiyyət saxlanmadı. Bir sahədəki ifratçılığın yerini başqa sahədəki ifratçılıq əvəz etdi. Əvvəl bir istiqamətdə pozulan müvazinət sonra başqa istiqamətdə pozulmuş oldu. Qərb intibahı şərqçilikdən qərbçiliyə keçid prosesində müvəqqəti müvazinət mərhələsi oldu. Lakin bu mərhələdə qərar tutmaq Avropaya müyəssər olmadı. Kəfkir ətaləti ilə o biri qütbə hərəkət etdi. Mənəvi qadağanlar rasional fikir süzgəcindən keçirilərək hüquq qaydaları ilə məhdudlaşdırıldı. İntellekt isə yüyənsiz at kimi baş alıb elə uzaqlara getdi ki, insan tezliklə öz əməllərinin peşimançılığını çəkir.

Bəli, Şərq təfəkkürü nöqsanlardan azad deyil. Lakin kim belə hesab edirsə ki, müasir dövrdə xalqımızın tərəqqisinə mane olan Şərq təfəkkür tərzidir, əlbəttə səhv edir. Şərq təfəkkürünün müəyyən çatışmazlıqları varsa, bu, onun üstün cəhətlərinə də neqativ planda baxmaq üçün əsas vermir. Digər tərəfdən də, ona qarşı qoyulan Qərb təfəkkür tərzi də özünəməxsus nöqsanlara malikdir. Yağışdan çıxıb yağmura düşmək nailiyyət hesab oluna bilməz. Təcrübə göstərir ki, biz Qərb mədəniyyətinin, Qərb təfəkkür tərzinin məhz nöqsanlı cəhətlərini qəbul etməyə daha çox meyilliyik.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər