"Azərbaycanda dövlət quruculuğunun, iqtisadi dirçəlişin, sosial-siyasi həyatda tərəqqinin Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olması tarixi faktdır. Məhz bu illərdə Heydər Əliyev rəhbəri olduğu Azərbaycanı bir dövlət, xalqımızı isə bir millət kimi tarixin ağır və sərt sınaqlarından uğurla çıxarıb, müasir Azərbaycanın etibarlı bünövrəsini yaradıb". SİA-nın xəbərinə görə, bu fikirləri millət vəkili Ağalar Vəliyev deyib.Onun sözlərinə görə, Azərbaycan dövlətini dünya dövlətləri arasında irəli çıxaran, ölkəmizi parçalanmaq təhlükəsindən xilas edən, respublikamızın inkişafına möhkəm zəmin yaradan məhz Ulu öndər Heydər Əliyev olub: "Tarixi təcrübə sübut edir ki, yalnız güclü siyasi lider yetişdirən xalqlar onların gücü, iradəsi sayəsində öz milli sərvətlərinə sahib olmaq və onları gələcək inkişafa yönəltmək imkanı qazanırlar. Ümummilli lider Heydər Əliyev də Azərbaycan xalqı üçün eyni missiyanı yerinə yetirib. Onun irəli sürdüyü strategiya indiki nəslin gözü önündə reallığa çevrilib. Ölkəmizin bugünkü uğurları, müstəqilliyimizin daha da möhkəmlənməsi Heydər Əliyev yolunun, onun azərbaycançılıq ideyasının davamıdır". O həmçinin qeyd edib ki, Azərbaycanın bu gün əldə etdiyi uğurlar, beynəlxalq aləmdəki nüfuzu Heydər Əliyevin həyata keçirdiyi siyasət nəticəsində qazanılıb: "Məhz onun xalqın rəyinə əsaslanmaqla gerçəkləşdirdiyi müdrik və uzaqgörən siyasət ölkəmizin XXI əsrin başlanğıcında regional liderliyini təmin edib. Ulu Öndər Heydər Əliyev elə bir şəxsiyyət, görkəmli siyasətçi olub ki, onun gördüyü işləri tarixçilər uzun illər boyu öyrənəcək, tədqiq edəcək, əsərlər yazılacaq, ideyaları nəsildən-nəsillərə keçərək yaşayacaq. Qüdrətli şəxsiyyətin müəyyən etdiyi yol dinamik inkişafı təmin edən strateji xətt olaraq ölkəmizə və xalqımıza daim uğur gətirib"."Dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq. Bu gün onun adı Azərbaycan dövlətinin rəmzi kimi səslənir. O, bugünkü güclü, qüdrətli Azərbaycanı öz zəhməti ilə yaradıb, inkişaf etdirib, bütün dünyaya tanıdıb. Ümummilli Lider ölkəmizin siyasi, sosial-iqtisadi inkişaf konsepsiyalarını işləyib hazırlayıb, həyata keçirilməsini təmin edib. Bu dahi şəxsiyyət müstəqil Azərbaycanın sosial-iqtisadi və siyasi əsaslarının möhkəmləndirilməsində, dünyanın aparıcı dövlətlərinin etibarlı tərəfdaşına çevrilməsində, sözün həqiqi mənasında, böyük işlər görüb. Xalqımız Heydər Əliyev kimi dahi şəxsiyyətlə qürur duyur, ideyalarını həyata keçirməyə çalışır" - deyə, millət vəkili fikirlərinə əlavə edib.
sia.az