ADİU kollektivi Ulu Öndərin muzeydə sərgilənən hərbi və mülki geyimləri, dövlət əhəmiyyətli sənədlərə imza atdığı iş masası ilə tanış olublar
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov və ali təhsil ocağının müəllim-tələbə heyəti Heydər Əliyev Mərkəzini ziyarət edib. Ziyarət mərkəzlə bağlı ümumi məlumatın verilməsi ilə başlayıb. Universitetin kollektivinə bildirilib ki, mərkəz Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2006-ci il tarixli Sərəncamı əsasında inşa edilib. 2007-ci ildə təməli qoyulan bina 2012-ci ilin may ayının 10-u, Ulu Öndərin doğum günündə istifadəyə verilib. Mərkəz dünya şöhrətli memar Zaha Hadidinin layihəsi əsasında inşa edilib. Bu gün dünya memarlıq inciləri siyahısina daxil olan mərkəz Bakının simvollarından birinə çevrilib.
Mərkəzin nəzdində təşkil edilən Ümummilli Lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirildiyi muzey universitetin müəllim-tələbə heyətinin daha çox marağına səbəb olub. Üç mərtəbədən ibarət muzeydə Ümummilli Lider Heydər Əliyevin həyat yolu, Ulu Öndər barədə maraqlı faktlar foto və video materiallar, eyni zamanda Onun 1923-cü ildən 2003-cü ilədək davam edən həyat və fəaliyyətini əks etdirən məlumatlar saxlanılır. ADİU rəhbərliyi və kollektivi muzeydə Ümummilli Liderin Azərbaycanın ictimai-siyasi, mədəniyyəti, iqtisadiyyatı, idman həyatında gördüyü əvəzolunmaz işləri barədə interaktiv formada daha dolğun məlumat əldə edə biliblər.
Muzeyin "Azərbaycanın ictimai-siyasi həyatı", "Dövlətçiliyimiz, irsimiz, nailiyyətlərimiz" və "Şəkillərə həkk olunan ömür" bölmələrində Ulu Öndərin hakimiyyətinin müxtəlif dövrlərindəki fəaliyyətinin virtual formada təqdim edilməsi ali məktəbin müəllim və tələbə heyətinin diqqətini daha çox cəlb edib. Bu bölmələrdə bütün mövzulara dair materiallar səsli formada həm Azərbaycan, həm də ingilis dillərində təqdim edilib. Növbəti ziyarət məkanı Ulu Öndərin müxtəlif ölkələrin rəhbərləri və digər şəxslər ilə görüşlərini əks etdirən multimedia zalı olub. Buradakı qlobusdakı ölkələrin üzərinə toxunmaqla Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə xarici ölkələrin dövlət başçıları, hökumət rəsmiləri və digər tanınmış şəxslər ilə görüşlərini izləmək mümkündür. Bu bölümdə Ulu Öndərə edilən hədiyyələrin foto və video formada təqdimatı da var. Təbii ki, ziyarətçilərə bu hədiyyələri muzeydə orijinal şəkildə görmək daha maraqlı olub. Daha sonra universitet kollektivi Dahi Şəxsiyyətin muzeydə sərgilənən hərbi və mülki geyimləri, dövlət əhəmiyyətli sənədlərə imza atdığı iş masası ilə də canlı tanış olublar. Muzeyin ən qiymətli nümunələrindən olan Ulu Öndərin orden və medallarının ekspozisiyası ziyarətçilərə unudulmaz anlar yaşadıb.
Heydər Əliyev Muzeyi ilə tanışlıqdan sonra ADİU kollektivi Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən filmə tamaşa ediblər. Mərkəzin sərgi zalları, xüsusən də, "Azərbaycan inciləri: tarixin axarında" sərgisi ziyarətçiləri özünə çəkib. Müəllim və tələbələr Heydər Əliyev Mərkəzi və Heydər Əliyev Fondunun birgə layihəsi olan bu sərgidə Azərbaycanın tarixi və mədəniyyət incilərini əks etdirən bir sıra ekspozisiyalarla tanış olublar. Ölkənin çoxəsrlik tarixi, mədəni irsi, tükənməz təbii sərvətləri, müstəqillik dövründən bu yana reallaşdırılan iqtisadi layihələrə dair unikal eksponatlar universitet kollektivinə nümayiş etdirilib. Qədim sənət növləri, xüsusilə Azərbaycanın xalçaçılıq məktəbinin ən nadir nümunələri, misgərlik məmulatları, qədim dövrlərdən bu yana qorunub saxlanılan tarixi əşyaların təqdimatı xüsusi maraq doğurub. Qədim musiqi alətlərimizin orijinal qaydada - səsli formada nümayişi isə ziyarətçilərə xüsusi zövq verib.
ADİU rəhbərliyi və kollektivi Heydər Əliyev Mərkəzindən və muzeyindən xoş təəssüratla ayrılıblar.
Nəzakət ƏLƏDDİNQIZI