PDF Oxu

Siyasət

  • 6

HEYDƏR ƏLİYEVİN AZƏRBAYCANÇILIQ SİYASƏTİ

HEYDƏR ƏLİYEVİN AZƏRBAYCANÇILIQ SİYASƏTİ

Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan tarixində ilk dəfə olaraq ölkəmizdə azərbaycançılıq ideyasını dövlətin siyasi ideologiyası səviyyəsinə qaldırmışdır. Azərbaycan və azərbaycançılıq anlayışları qədim tarixə malik olsalar da, uzun əsrlər boyu yalnız coğrafi yer adı kimi işlədilmiş, son yüzillikdən bir qədər artıq dövrdə həm də milli ideya olaraq formalaşmışdır. Azərbaycançılığın dövlət siyasətində milli ideologiyaya çevrilməsi, müstəqil dövlət quruculuğu ilə əlaqələndirilməsi Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan dövləti və xalqımız qarşısındakı böyük tarixi xidmətlərindən biridir.

Məlum olduğu kimi, ölkə olaraq qədim tarixə malik olan Azərbaycanda milli məfkurə anlayışı XIX əsrdən etibarən yaranmağa başlamışdır. Həmin epoxada azərbaycançılığın məfkurəyə çevrilməsi cəmiyyətin inkişafı, xüsusən, maarifçiliyin yeni tarixi mərhələyə qədəm qoymasından və milli-mənəvi özünüdərk proseslərinin formalaşmasının sürətlənməsindən doğan bir göstərici idi.

Müşahidələr göstərir ki, XIX əsrə qədər Azərbaycan xalqının necə adlandırılması məsələsi elmi-ideoloji mühitin ciddi maraq dairəsində olmamışdır. Azərbaycan adı qədim tarixə malik olsa da Azərbaycan dili, Azərbaycan xalqı, ümummiyyətlə azərbaycançılıq məfkurəsi nisbətən sistemli şəkildə XIX əsrin ikinci yarısından etibarən formalaşmağa başlamışdır. Bu vaxta qədərki uzun dövrlər ərzində Azərbaycan ya geniş mənada ümumtürk məkanında dəyərləndirilmiş, daha çox isə aid olduğu dövlətin adı altında ifadə edilmişdir. Bu mənada Atabəylər, Ağqoyunlulular, Şirvanşahlar, Səfəvilər və sair kimi dövlət adlarından hər biri mahiyyət etibarilə Azərbaycan anlayışına aid olsalar da, Vətən və məfkurə mənasında Azərbaycan məfhumunu bütün tamlığı ilə ifadə etmək imkanlarına malik deyildi. Ona görə də mövcud proses ümumtürk anlayışından sonra müsəlman, daha sonra isə tatar məfhumlarını meydana çıxarmışdı. Bu anlayışlar bəlkə də Azərbaycanı əritmək istəyən hərbi-siyasi qüvvələr, ümumi müsəlman doktrinalarını diqtə edən cərəyanlar ortaya atmışdı. Əgər belə demək mümkündürsə, ictimai mühitdə azərbaycançılığın ilk şəfəqləri milli teatrdan və Mirzə Fətəli Axundzadənin əsərləri əsasında hazırlanmış tamaşalardan doğmuşdur. Həsən bəy Zərdabinin nəşr etdirdiyi "Əkinçi" azərbaycançılığın səmasında doğan günəş idi. Mövcud elmi ədəbiyyatda azərbaycanlı mənasında "Azərbaycan milləti" kəlməsinin mətbuatda ilk dəfə "Kəşkül" qəzetində işlədildiyi öz əksini tapmışdır. Tədqiqatçılar bu məqamda 16 noyabr 1890-cı ildə "Kəşkül" qəzetində "Azərbaycanlı" imzası ilə çap olunmuş "Əvam gəzmək - yuxu yatmaqmı dedin" adlı məqalədə birinci dəfə "Azərbaycan milləti" ifadəsinin işlədildiyini qeyd etmişlər. Apardığımız axtarışlar isə "azərbaycanlı" sözünün "Kəşkül"dən səkkiz il qabaq, hələ 1882-ci ildə Məhəmmədağa Şahtaxtlı (1846-1931) tərəfindən işlədildiyini göstərir. Məhəmmədağa Şahtaxtlı Tiflisdə nəşr olunan "Qafqaz" qəzetinin 7 aprel 1882-ci il tarixli saında çap edilən "Müsəlmanlarda məktəb həyatı" adlı məqaləsində yazmışdı: "Bizi necə adlandırmalı? Dilimizdən söz düşəndə biz onu türk dili adlandırırıq... Qonşularımız farslar və ermənilər də bizi türk adlandırırlar. Bu baxımdan bizi ümumi qəbul edilmiş ad kimi türk adlandırmaq olardı. Ancaq ruslar bunu qəbul etməyə bilərlər. Çünki bütün Avropa xalqları kimi onlar da bizləri tanıyana qədər osmanlı türklərini belə adlandırmağa adət etmişlər. Tatar adını biz qəbul etmək istəmirik. Belə ki, həmin söz bizi aşağılamaq üçün işlədilir. Olmazmı ki, milli mənsubiyyətimizi müəyyən etmək üçün xalqımızın adını etnoqrafiyada və danışıq dilində işlədildiyi kimi azərbaycanlı adlandıraq? Ola bilsin ki, nə vaxtsa ədəbiyyatda da, rəsmi dairələrdə də bu ad qəbul ediləcəkdir. Həblik isə... biz İranda və müsəlman Zaqafqaziyasında yaşayan azərbaycanlıları müsəlman adlandırırlar. Müsəlman sözü... bütün dünya müsəlmanlarına deyil, Azərbaycan türklərinə, Zaqafqaziya və İran tatarlarına aid edilir".

Azərbaycançılıq anlayışnın daha da möhkəmləndirilməsi baxımından Məhəmmədağa Şahtaxtlının 1891-ci ildə "Kaspi" qəzetində çap edilmiş "Zaqafqaziya müsəlmanlarını necə adlandırmalı" məqaləsi mühüm əhəmiyyətə malikdir. Məhəmmədağa Şahtaxtlının fikrincə, "Zaqafqaziya müsəlmanlarını azərbaycanlılar, onun dilini isə Azərbaycan dili adlandırmaq məqsədəuyğun sayılmalıdır. "

"Kəşkül" qəzetinin 16 noyabr 1890-cı il tarixli sayında "Azərbaycanlı" imzası ilə çap edilmiş "Əvam gəzmək yuxu yatmaqmı dedin" adlı məqalə isə ana dili milli mətbuatda "Azərbaycan milləti" ifadəsinin işlədildiyi ilk məqalə idi. Məqalədə deyilirdi: "Şələ papaq başımda, qalın yapıncı çiynimdə, arşın yarım xəncər budumda durmuşdum Tiflis vağzalında... Hər millət desən tapılardı... Hər dil desən danışırdılar... Birdən keçisaqqal əcnəbi təmiz türk dili ilə məndən soruşdu:

...-Siz nə millətdənsiniz?

-Müsəlmanam.

-Xeyr, mən soruşuram nə millətdənsiniz?

-Müsəlmanam, - deyirəm.

-Əfəndim, millət ayrı, din ayrı.

-...Ancaq eyb də olsa, gərək dürüst ərz edəm. Mən bilmirəm ki, nə millətdənəm...

-...Siz o millət deyilsiniz ki, ruslar sizə tatar deyirlər?

-Bəli...

-Hə, indi bildim siz nə millətsiniz. Siz tatar deyilsiniz... Tatar Krımda, Kazanda olan müsəlmanlardılar. Sizin millət Azərbaycandır".

Nəhayət, mətbuatda, publisistikada azərbaycançılıq ideyası böyük demokrat ədib Cəlil Məmmədquluzadənin 27 noyabr 1917-ci il tarixdə "Molla Nəsrəddin" jurnalında çıxan məşhur "Azərbaycan" məqaləsi ilə daha da yetkinləşmişdir. "Azərbaycan" məqaləsi ölkəmiz, dilimiz və millətimiz haqqında böyük vətəndaşlıq yanğısı ilə ifadə olunmuş həyəcanlı ürək çırpıntılarının təbii səslənən əks-sədasıdır: "Bəzi vaxt otururam və papağımı qabağıma qoyub fikrə gedirəm... Özümdən soruşuram ki:

- Mənim anam kimdir?

Öz-özümə də cavab verirəm ki:

- Mənim anam rəhmətlik Zəhrabanu bacı idi.

- Dilim nə dilidir?

- Azərbaycan dilidir.

- Yəni Vətənim haradır?

- Azərbaycan vilayətidir".

Keçmiş sovet hakimiyyəti illərində isə ədəbiyyatda Azərbaycan əsasən tərənnüm olunmuş, milli ideya kimi yaşadılsa da, bolşevik rejiminin təsiri ilə bu ideyanın azərbaycançılıq səviyyəsinə çatdırılmasına imkan verilməmişdir. Bütün bunlara görə ölkəmizdə azərbaycançılığın mətbuatdan və ədəbiyyatdan ictimai-siyasi müstəviyə çıxarılması kimi çətin və şərəfli vəzifənin həlli görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlı olan tarixi xidmətdir. Məhz Ümummilli Lider Heydər Əliyev yaşadığı dövrün siyasi quruluşunun sərt qadağalarına baxmayaraq, Azərbaycan anlayışına geniş müstəvidə baxışlar sistemini formalaşdırmışdır. Heydər Əliyevin simasında tariximizdə ilk dəfə olaraq Azərbaycan məsələsinə dövlət səviyyəsində kompleks şəkildə yanaşılmış, problemə ardıcıl siyasi münasibət bəslənilmiş və konkret nəticələr əldə olunmuşdur. Azərbaycançılığın döviət ideologiyası səviyyəsində formalaşdırılması və təsdiq edilməsi, qəbul olunması Heydər Əliyevin müstəqil dövlətçilik uğrunda mübarizəsinin əsas ana xətlərindən birini təşkil edir. Görkəmli dövlət xadimi Heydər Əliyev azərbaycançılıq siyasətini özünün çoxcəhətli fəaliyyətinin bütün mərhələlərində əsas kimi götürmüş, bu ideologiyanın xalqın milli şüurunda və dövlətçilik təfəkküründə inkişaf etdirilib möhkəmləndirilməsi işini həyatının mənasına, siyasətinin əsas hərəkətverici qüvvəsinə çevirmişdir. Məhz Heydər Əliyevin çoxcəhətli və ardıcıl siyasəti nəticəsində azərbaycançılıq ictimai-ədəbi mühitdə milli hərəkat, siyasi müstəvidə isə dövlət ideologiyası mahiyyəti qazanmışdır. Qeyd etdiyimiz kimi, Heydər Əliyev çoxillik siyasi fəaliyyətinin bütün dövrlərində azərbaycançılıq məsələsini ən ali məqsəd hesab etmişdir. Tarixin verdiyi şansların, yaratdığı imkanların hamısında bu böyük dövlət xadimi özünü Azərbaycana həsr etmiş, Azərbaycan idealı uğrunda daim dönmədən mübarizə aparmışdır. Bütün bunlara əsasən qətiyyətlə demək olar ki, Azərbaycanın çoxəsrlik tarixində Heydər Əliyev qədər uzun müddət və ardıcıl şəkildə azərbaycançılıq siyasəti ilə məşğul olan ikinci bir dövlət xadimi olmamışdır. Azərbaycan SSR-in Dövlət Təhlükəsizlik Komitəsinin rəhbərliyindəki fəaliyyətini də nəzərə alsaq, Heydər Əliyev qırx ildən artıq böyük bir dövrdə azərbaycançılıq ideyası ilə dövlət işi səviyyəsində məşğul olmuşdur. Sovet İttifaqının rəhbərliyi ilə anlaşıqlı münasibətlər qurmağı bacarmış Heydər Əliyevin Azərbaycanı geridə qalmış aqrar respublikadan hərtərəfli inkişaf etmiş bir ölkəyə çevirməsi mühüm tarixi hadisədir. Eyni zamanda, Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə, konkret olaraq 1978-ci ildə Azərbaycan dilinin ölkəmizin Konstitusiyasına dövlət dili kimi daxil etdirməyə nail olması da misilsiz tarixi hadisələrdən biridir. Nəzərə almaq lazımdır ki, həmin dövrdə nəinki Orta Asiya respublikalarında, heç Siyasi Büroda böyük təmsilçiləri olan Ukraynada da xalqın dili dövlət dili səviyyəsinə çatdırıla bilməmişdi. Buna görə də Sovet İttifaqında vahid beynəlmiləlçilik prinsiplərinin həyata keçirildiyi bir zamanda Azərbaycan dilinin rəsmi olaraq dövlət dili kimi qəbul olunması çoxəsrlik dövlətçilik tariximizin nadir hadisəsidir. Azərbaycan dilinin sovet hakimiyyəti dövründə dövlət dili statusu qazanması Azərbaycan Respublikasının gələcək müstəqilliyinin mühüm təminatlarından biri idi. Bu hadisə Heydər Əliyevin dövlət xadimi olaraq hələ sovet hakimiyyəti illərindəki azərbaycançılıq ideyalarının ayıq və parlaq təzahürü və böyük qələbəsi idi. Bu yolla Heydər Əliyev keçmiş sovet rejimi dövründə bütün çətinliklərə baxmayaraq, ölkəmizdə milli istiqlal düşüncəsinin əsasını formalaşdırmaq kimi məsuliyyətli və şərəfli bir vəzifəni böyük bacarıqla həyata keçirmişdir. Bundan başqa, sovetlər ölkəsi ilə münasibətləri tərs gələn milli istiqlalçıların - Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadovun, xalq yazıçısı Mirzə İbrahimovun, böyük vətəndaş-alim Abbas Zamanovun, xalq şairi Bəxtiyar Vahabzadənin, Xəlil Rzanın və başqalarının böyük dayağı ölkə rəhbəri Heydər Əliyev olmuşdu. İndi Azərbaycan Respublikasının keçən əsrin yetmiş-səksəninci illərində baş verən əsas siyasi-iqtisadi, elmi-mədəni hadisələri yenidən təhlil edilərkən görünən və görünməyən bütün proseslərin alt qatında, fəlsəfəsində, mahiyyətində millilik amilinin, müstəqillik düşüncəsinin, milli dövləlçilik təfəkkürünün varlığını, mövcudluğunu çox aydınlıqla görmək olur. Lakin ən böyük dahilik çətin ideoloji məhdudiyyəllər mühitində həmin prosesləri yaşayıb-hazırlayıb həyata keçirərkən böyük gələcəyi görmək istedadına malik olmaqdan ibarət idi. Heydər Əliyev dövlətçilikdə qeyri-adi müdriklik və uzaqgörənlik istedadına malik olan qüdrətli liderdir. Bu böyük dövlət xadiminin müdriklik və uzaqgörənliyinin hərəkətverici qüvvəsi Vətənə, xalqa, doğma torpağa sonsuz inamı və məhəbbətdən və sınaqlardan çıxmış böyük siyasi təcrübədən yoğrulmuşdur. Heydər Əliyev keçdiyi çətin və şərəfli yolla Sovet İttifaqında beynəlmiləlçi ideologiyanın sərt dövlətçilik prinsipi kimi qəbul edildiyi dövrlərdə vətənpərvər dövlət xadimi olub, Kremlin zirvəsinə qədər yüksəlməyin mümkünlüyünü isbat etmişdir. Azərbaycanda Sovet İttifaqmın ən sərt dövrlərində Heydər Əliyevin özünəməxsus bir siyasətlə azərbaycançılıq istiqamətində həyata keçirdiyi böyük tədbirlər gələcək dövlət müstəqilliyinin təməllərinə çevrilmişdir. Bütün bunlara görə Heydər Əliyev üçün uzaqgörən bir dövlət xadimi olaraq çökmüş sovet ideologiyasından yeni müstəqii dövlətçilik siyasətinə keçmək heç bir çətinlik yarada bilməmişdir. Keçmiş sovet dövlətinin mərkəzdəki və respublikalardakı rəhbərlərinin bir çoxlarının adları dağılmış imperiya ilə birlikdə arxivə getdiyi halda, Heydər Əliyevin portretləri milli azadlıq hərəkatının bayraqları ilə birlikdə meydanlarda yüksəklərə qaldırılırdı. Deməli, Azərbaycanda xalq hərəkatı, milli azadlıq mübarizəsi böyük dövlət xadimi Heydər Əliyevin böyük azərbaycançılıq ideallarından keçib gəlmişdi. Bu mənada Sovet İttifaqı dağıldıqdan sonra müstəqillik qazanmış gənc respublikaların demək olar ki, mütləq əksəriyyətinin rəhbərlərindən fərqli olaraq Heydər Əliyev xüsusi bir "keçid dövrü" yaşamamışdır. Əksinə, Azərbaycan üçün Heydər Əliyev epoxasının birinci mərhələsi sovet sosialist sistemindən müstəqil dövlətçilik erasına keçid dövrü xarakteri daşımışdır. Milli ideologiyanın formalaşdırılması baxımından digər keçmiş sovet respublikalarının müstəqilliyin ilk illərində üzləşdikləri çətinlikləri uzaqgörən dövlət xadimi Heydər Əliyevin apardığı məqsədyönlü siyasət sayəsində Azərbaycan xalqı müstəqil dövlətçiliyi qazanana qədər yaşamışdı. Ona görə də müstəqillik dövrünün başlanğıcının Heydər Əliyevsiz keçən ilk illərinin yaratdığı mürəkkəbliyə və törətdiyi böyük çətinliklərə baxmayaraq, xalqın tələbi ilə yenidən rəhbərliyə qayıtmış Heydər Əliyevin qüdrətinin işığında Azərbaycanda keçid prosesləri sürətlə getmiş, zaman etibarilə qısa bir müddətdən sonra ölkəmizdə müstəqil dövlət quruculuğu öz təbii, qanunauyğun məcrasına salınmışdır. Məhz buna görədir ki, Azərbaycan müstəqillik qazanmış keçmiş sovet respublikaları ilə müqayisədə milli ideologiya baxımından bir mərhələ qabaqdadır.

Azərbaycanın müstəqillik dövrünün də vəzifələrini görkəmli dövləl xadimi Heydər Əliyev dönmədən, qətiyyətlə həyata keçirmişdir. Cəmiyyət həyatında bütün sahələr üzrə dövlət idarəçiliyinin genişmiqyaslı islahatlarını apararaq yenidən qurmaq işinin baş memarı Heydər Əliyev oldu. Məktəb islahatları da, torpaq islahatları da, cəmiyyəti yeniləşdirməyin, möhkəmləndirməyin təməl prinsipləri də Heydər Əliyev tərəfindən qətiyyətlə həyata keçirilmişdir. Heydər Əliyev keçmiş sovet hakimiyyəti ilə yeni müstəqil dövlətçilik anlayışı arasında elə bir möhkəm sədd yaratdı ki, daha heç kimsədə bir daha geriyə qayıtmağa cürət və cəsarət qalmadı. Uzaqdan-yaxından Azərbaycanı parçalamaq niyyətində olanlar da Heydər Əliyevə dərindən inam bəsləyən və Onun ətrafında sıx birləşən xalqın bütövlüyünün qarşısında geri çəkilməyə məcbur oldular. Çox mürəkkəb ictimai-siyasi şəraitdə çevriliş cəhdləri, separatçılıq meyilləri ilə çıxış edən hərbi müxalifətlə demokratik müxalifəti bir-birindən ayıraraq özgə dəyirmanlarının daşını fırlatmağa can atanların arxalarını kəsməklə Heydər Əliyev müstəqil hüquqi dövlətin çarxının dünyəvi prinsiplər əsasında ahəngdar işləməsini təmin etməyi bacarmışdır. Görkəmli dövlət xadiminin Naxçıvan Muxtar Respublikasındakı nailiyyəti dövrü Azərbaycanda müstəqil dövlət quruculuğunun laboratoriyası funksiyasını daşımışdır. Bu məsuliyyətli və şərəfli illər Azərbaycan dövlətçiliyinin çətin və zəruri sınaq mərhələsi idi. Ali Məclisin Sədri kimi Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasında qəbul etdiyi tarixi qərarlar o zamankı Azərbaycan rəhbərliyi üçün "yolverilməz hallar" səviyyəsində anlaşılsa da, xalqımız tərəfindən ölkənin gələcəyinə, müstəqilliyin yaşadılacağına böyük ümidlər kimi qəbul edilmişdi. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin rəhbərliyinə vətənpərvər Azərbaycan xalqının arzularının və ümidlərinin dalğasında gəlmişdi. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar Azərbaycanı rəsmi və ya qeyri-rəsmi olaraq tanımamışdan çox qabaq Heydər Əliyevi tanıdıqları üçün qısa müddətdə ölkəni də tanımalı oldular və Azərbaycan qısa müddətdə dünya birliyində öz yerini tuta bildi. Bu mənada möhtəşəm Heydər Əliyev abidəsinin Naxçıvan-pyedestalı, Bakı-böyük baş meydanı, bütövlükdə Azərbaycan isə onun əzəmətli heykəlidir. Heydər Əliyev ölkəmizin bütün hüdudlarını əhatə edən Azərbaycan xəritəsidir. Yaxud da Heydər Əliyev dünya xəritəsində Azərbaycanın nadir kompasıdır. Azərbaycanı tapmaq üçün Heydər Əliyevi tanımaq yetərli idi. Azərbaycançılıq ideologiyası Azərbaycan tarixinə Heydər Əliyevin dövlətçilik təlimi kimi daxil olmuşdur. Azərbaycanın dövlət müstəqilliyinin inkişaf etdirilməsi təliminin əsasları da Heydər Əliyev tərəfindən yaradılmışdır.

Azərbaycanda milli birlik və həmrəylik ideyasının həyata keçirilməsi də azərbaycançılıq idealına xidmətin ifadəsidir. Azərbaycan dili kimi Azərbaycan xalqı anlayışının da ölkəmizdə bərqərar olması müstəqil dövlətin daxili sabitliyinin təmin edilməsinə, tolerantlıq mühitinin formalaşdırılmasına xidmət edir. Heydər Əliyevin adı ilə bağlı olan Azərbaycan xalqı anlayışı azərbaycançılıq prinsiplərinin ölkəmizdəki bütün etnik qruplar tərəfindən vahid prinsip kimi qəbul edilməsinə imkan yaradan müdrik bir dövlətçilik təlimidir.

Dünya azərbaycanlıları anlayışı da Azərbaycanın dövlət siyasətində Heydər Əliyevin adı ilə bağlı olan mühüm xidmətlərdən biridir. Sovet hakimiyyəti illərində mövcud rejimin yaratdığı çətinliklərə baxmayaraq məhdud şəkildə olsa da dünya azərbaycanlıları ilə yaradılan əlaqələrin cığırları dövlət müstəqilliyinin ilk illərindən etibarən genişləndirilmiş, yeni əlaqələr yaradılmış, dünya azərbaycanlılarının birliyinə və həmrəyliyinə doğru böyük addımlar atılmışdır. Bu baxımından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyərkən görkəmli dövlət xadimi Heydər Əliyevin "31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Günü haqqında" imzaladığı 16 dekabr 1991-ci il tarixli qərar son yüzillikdə dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizin varlığını təsdiq edən və onlarla əlaqələrin zəruriliyini dövlət səviyyəsində rəsmiləşdirən ilk mühüm qərar kimi xüsusi əhəmiyyətə malikdir. Bu, dünya azərbaycanlılarının həmrəyliyinin dövlət tərəfindən verilmiş birinci bəyamnaməsi idi. "Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Günü haqqında"kı qərar muxtar respublika Ali Məclisi tərəfindən verilsə də, bütövlükdə Azərbaycanda, geniş mənada dünyada soydaşlarımız, həmvətənlərimiz arasında geniş əks-səda doğurmuşdur. Mühüm tarixi əhəmiyyətə malik olan qərarın priambula hissəsində azərbaycançılıq, müstəqillik uğrunda mübarizənin şərəfli və keşməkeşli tarixinin mükəmməl siyasi mənzərəsi canlandırılmış, əsas vəzifələri müəyyən olunmuşdur. Beləliklə, dünya azərbaycanlılarının hər ilin 31 dekabrında yer kürəsinin müxtəlif qitələrində qeyd olunan həmrəylik günü həmvətənlilərimizin Azərbaycan Respublikasının dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi uğrunda səylərinin birləşdirilməsinə, ölkəmizin reallıqlarının beynəlxalq aləmdə yayılmasına geniş meydan açan dövlət əhəmiyyətli proqram statusu qazanmışdır.

Ölkəmizdə 2001, 2006 və 2012-ci illərdə dünya azərbaycanlılarının üç dəfə qurultaylanın keçirilməsi də möhtəşəm siyasi-tarixi hadisələrdir. Ulu Öndərə məxsus "Dünya azərbaycanlılarının bir vətəni var, bu - Azərbaycandır" kəlamı müasir dövrün azərbaycançılıq təliminin siyasi-ideoloji əsasını təşkil edir. Dünya azərbaycanlılarının birinci qurultayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin tarixi nitqi azərbaycançılıq məfkurəsinin siyasi manifestidir. Heydər Əliyevin azərbaycançılıq təlimi dünya azərbaycanlılarının tarixi vətən və vahid ideologiya ətrafinda birləşdirir. Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 5 iyul 2002-ci il tarixli Fərmanı ilə Xarici Ölkələrdə yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsini yaratması dünya azərbaycanlılarının diaspora fəaliyyətinin təşkilinin milli dövlət siyasəti səviyyəsinə qaldırıldığını nümayiş etdirir. Azərbaycan diasporasının formalaşması və inkişafı sahəsində qazanılan nailiyyətlər məhz həyata keçirilən həmin siyasətin bəhrələridir. Azərbaycanın xarici siyasətinin uğurla həyata keçirilməsində dünya ölkəbrindəki diaspora təşkilatlarımızın səmərəli fəaliyyəti atılmış addımların uzaqgörənliyini bir daha təsdiq edir. Heydər Əliyevin müdrik siyasəti azərbaycançılığı ölkə sərhədlərindən dünya birliyi səviyyəsinə çatdırmışdır. Azərbaycançılıq dünyada yaşayan bütün azərbaycanlılarının birliyinin və həmrəyliyinin ideologiyasıdır. Görkəmli dövlət xadimi Heydər Əliyev ölkə miqyasında və dünya azərbaycanlıları müstəvisində azərbaycançılığın ən uca zirvələrini fəth etmişdir. Sözün obrazlı mənasında Heydər Əliyev dünyada azərbaycançılığın rəmzinə çevrilmişdir.

Hazırda Azərbaycan Respublikasında Heydər Əliyevin müstəqil dövlətçilik təlimi, azərbaycançılıq ideologiyası dünyada dəyişən və inkişaf edən reallıqlarla, zənginləşən yeni proseslərlə birlikdə ölkəmizdə yaradıcı şəkildə ardıcıl olaraq həyata keçirilir. Beləliklə, möhkəm bünövrələr, böyük sütunlar üzərində yeni və möhtəşəm Azərbaycan qurulur. Ölkəmizin Prezidenti İlham Əliyevin çoxcəhətli, məqsədyönlü və yorulmaz fəaliyyəti, dövlətçilik işinə çoxaspektli düşünülmüş yanaşmaları, analitik təfəkkürü, müdrik siyasəti, dərin düşüncəsi ilə müstəqil Azərbaycan dövlətçiliyinin yeni epoxası formalaşır.

Artıq hər kəsə yaxşı məlumdur ki, Ulu Öndər Heydər Əliyevin dövlətçilik təliminə uyğun olaraq milli mənafenin, dövlətçilik maraqlarının daim üstün tutulması İlham Əliyev siyasətinin təməl prinsipidir. Prezident İlham Əliyevin siyasətində ən müxtəlif mövqelərdən, fərqli bucaqlardan ifadə olunan siyasi yanaşmaların hamısı azərbaycançılıq fəlsəfəsində, Azərbaycanın inkişafı naminə aparılan qlobal işlərdə tamamlanır. Azərbaycançılıq bu böyük və müdrik siyasətin cövhərini təşkil edir. İlham Əliyev XXI əsrdə müstəqil Azərbaycanın yeni siyasətini müəyyən edən, təzə istiqamətlər açan, yol göstərən görkəmli siyasi liderdir. Bacarıqlı dövlət başçısında bu tip yüksək siyasətçi məharətinin olması müstəqil dövlətin inkişafının və xalqın xoşbəxt həyatının böyük təminatıdır. Bu mənada yeni tarixi epoxada məhz İlham Əliyev kimi böyük siyasətlə yüksək idarəçiliyi özündə cəmləşdirən görkəmli bir dövlət xadiminin və mahir siyasətçinin Azərbaycana rəhbərlik etməsi ölkənin və xalqın tarixi şansıdır.

Görkəmli dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin milli, müstəqil dövlətçilik təlimini, sınaqlardan çıxmış bu siyasi kurs Prezident İlham Əliyevin çoxcəhətli nailiyyətinin strategiyasını təşkil edir. Heydər Əliyev siyasi kursu Azərbaycan dövlətinin ümummilli inkişaf strategiyasının nəzəri-ideoloji əsaslarından ibarətdir. Heydər Əliyev təlimi - ölkəmizin və xalqımızın dirçəliş və tərəqqi yolunun uzunmüddətli proqramıdır. Heydər Əliyev fəlsəfəsi Azərbaycan idealının ölkənin çoxcəhətli inkişafında özünütəsdiqinin dialektikasından ibarətdir. Ölkəmizin Prezidenti İlham Əliyev Heydər Əliyev siyasi kursuna dərin, birmənalı sədaqətində, ikincisi isə həmin sınaqlardan çıxmış siyasi kursu qətiyyətlə, dönmədən, ardıcıllıqla və yaradıcılıqla həyata keçirməkdə fərqli, üstün imkanlara və böyük potensiala, qeyri-adi enerjiyə və istedada malikdir. Böyük sürətlə yeniləşən Bakı şəhəri, xüsusi templə inkişaf edən Azərbaycan iqtisadiyyatı, həyata keçirilən möhtəşəm layihələr Bakı-Tbilisi-Ceyhan nefi boru xətti, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars-Naxçıvan dəmir yolu hər gün müasirləşən Azərbaycan cəmiyyəti məhz Heydər Əliyev siyasi kursunun yaradıcı şəkildə, ardıcıllıqla davam etdirilməsinin real bəhrələri, sanballı töhfələridir.

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi təlimini yeni dövrün və müasir Azərbaycanın reallıqları ilə daha da zənginləşdirən görkəmli siyasi xadimdir. Ümummilli Liderimiz Heydər Əliyevdən sonrakı tarixi mərhələnin meydana çıxardığı siyasi-ictimai reallıqlar, iqtisadi-hərbi proseslər, ideoloji-etnik problemlər mövcud siyasi kursun işığında hadisələrin və gedişatların yenidən dəyərləndirilməsini tələb etdiyi məqamlarda Prezident İlham Əliyev istənilən məsələyə yaradıcı münasibət bəsləməyi, yeni müstəvidən yanaşmağı müvəffəqiyyətlə həyata keçirir. Bu mənada İlham Əliyev daim inkişafda olan, yeniləşib zənginləşən Heydər Əliyevçi siyasi təlimin, yeni dövlətçilik nəzəriyyəsinin yaradıcısıdır. İlham Əliyev - mövcud siyasi kursun inkişaf edən yeni epoxa ilə şərtlənən yeni dövrünün lideri səviyyəsində görkəmli təmsilçisidir. İlham Əliyev - Azərbaycanın sınanılmış yolu olan Heydər Əliyev yolunun böyük magistrallardakı qüdrətli sükançısıdır. Məhz İlham Əliyev yeni dünya düzənində Azərbaycana başucalığı gətirən böyük siyasətçidir. Azərbaycanın yeni tarixi epoxadakı yeni həyatı Prezident İlham Əliyevin yorulmaz fəaliyyətinin nəticəsidir. Bakının az qala hər gün, hər həftə keçirilən genişmiqyaslı böyük və əhəmiyyətli tədbirlərə layiqincə ev sahibliyi etməsi də Azərbaycanın dünyada söz sahibinə çevrilməsinin real göstəricilərindəndir. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üzvü statusunda fəaliyyət göstərməsi, beynəlxalq miqyaslı qərarlara imza atmaq, dünyaya müraciətlərlə bəyanatlar səsləndirmək haqqı qazanması Prezident İlham Əliyev siyasətinin təntənəsidir. Bütün bunlar Prezident İlham Əliyevin timsalmda inanılmış, sınaqlardan çıxmış siyasi kursun ardıcıllıqla və qətiyyəllə davam etdirilməsinin nələrə qadir olduğunun, ölkəmizi hansı səviyyəyə gətirib çatdıra biləcəyinin gerçək təzahürləridir. Respublikamızda paytaxtımız Bakı ilə yanaşı, Azərbaycan regionlarının böyük sürətlə və hərtərəfli şəkildə inkişaf etdirilməsi hərəkatının başında Prezident İlham Əliyev dayanır. Bu mənada O, yeni Azərbaycan adlı möhtəşəm əsərin yaradıcısıdır. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası və qədim diyarda dövlət başçısının rəhbərliyi ilə Ali Məclisin sədri Vasif Talıbovun qətiyyətlə həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri ölkənin yüksək inkişaf göstəricilərinin salnaməsində əhəmiyyətli yer tutur. Müstəqil Azərbaycan Respublikasının tərkibində blokada şəraitində Avropa standartları səviyyəsində yeni Naxçıvanın yaradılması ölkəmizin və xalqımızın mühüm nailiyyətlərindəndir. Bütün bunlar düşmən sərhədində ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılması və daha da möhkəmləndirilməsi siyasətinin uğurla gerçəkləşdirilməsinə böyük təminatdır.

Görkəmli dövlət xadimi, Ümummilli Liderimiz Heydar Əliyevin geniş siyasi-ideoloji və tarixi əhəmiyyətə malik olan azərbaycançılıq amalının və idealının işıqları müstəqil Azərbaycanın bu gününə də, sabahına da gur işıq salır. Müstəqil Azərbaycan dövləti sınaqlardan çıxmış dövlət strategiyasının işığında möhtəşəm addımlarla irəliləyərək dünyanın inkişaf etmiş ölkələrindən birinə çevrilir.

İSA HƏBİBBƏYLİ,

AMEA-nın vitse prezidenti, Milli Məclisin deputatı, akademik

Digər xəbərlər