Əhəd Abıyev: "Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında iki tarixi xidməti vardır. Birincisi, müstəqil Azərbaycanı və bu dövləti qoruyub saxlaması, ikincisi isə dünya şöhrətli Prezidentimiz Cənab İlham Əliyev kimi güclü siyasi varisi Azərbaycana bəxş etməsidir"
Daşkəsənlilər Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə ciddi hazırlıqla, böyük ruh yüksəkliyi ilə gəlmişdilər. Bu, səbəbsiz deyildi. Əvvəlcədən Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyevin imzaladığı Sərəncama və hazırlanan tədbirlər planına uyğun olaraq rayonda mütəşəkkil hazırlıq görülmüşdü. Daşkəsən rayon icra hakimiyyəti və YAP rayon təşkilatının birgə tədbirlər planına uyğun olaraq rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatlarda, ümumtəhsil məktəblərində, mədəni-maarif müəssisələrində dəyirmi masalar, ədəbi-bədii kompozisiyalar, rəsm və inşa yazı müsabiqələri, bilik və idman yarışları, oxucu konfransları təşkil olunmuşdu. Keçirilən tədbirlərdə daşkəsənlilər bir daha Ulu Öndərə olan xalq sevgisini, məhəbbətini nümayiş etdirmişlər. Qeyd edək ki, aprel ayının 21-dən may ayının 10-dək rayonda Heydər Əliyev günləri elan olunubdur.
May ayının 3-də Daşkəsən rayon icra hakimiyyəti və YAP Daşkəsən rayon təşkilatının təşkilatçılığı ilə Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirildi. Tədbirdən əvvəl rayon ictimaiyyətinin nümayəndələri Ulu Öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsinin önünə əklil və gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad etdilər.
Rayon mədəniyyət evində davam etdirilən tədbirdə Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev dahi lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məruzə edərək Ulu Öndərin ölkəmizin tarixində əvəzsiz xidmətlərindən, bu gün sürətlə davam edən Azərbaycanın inkişafı üçün qoyduğu bünövrədən geniş söhbət açdı. Ə.Abıyev bildirdi ki, müstəqil Azərbaycanın milli dövlət bayrağını ilk dəfə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində məhz dahi rəhbər Heydər Əliyev yüksəltmişdir: "Ulu Öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər təyin olunanda ölkəmiz keçmiş sovetlər birliyində, ən geridə qalan, aqrar respublika idi. Qısa vaxt ərzində Ümummilli Lider Heydər Əliyev respublikada kənd təsərrüfatı ilə yanaşı, sənayenin inkişafına da nail olmuşdur. Bakıda, Naxçıvanda, Gəncədə, Sumqayıtda, Daşkəsəndə və ölkəmizin digər regionlarında iri sənaye müəssisələri, fabriklər, zavodlar tikilmişdir. Əhali üçün yeni iş yerləri açılmış, vətəndaşların sosial rifahı yüksəlmişdir. Ölkəmizdə əlvan metallurgiya, ağır və yüngül sənaye sürətlə inkişaf etməyə başlamışdır. Ötən əsrin 70-ci illərinin sonunda Azərbaycan sovetlər birliyinin iqtisadi cəhətdən ən güclü respublikalarından birinə çevrilmişdir. Bütün bunlar Ulu Öndər Heydər Əliyevin gərgin əməyi, yorulmaz fəaliyyəti və yeritdiyi düzgün iqtisadi siyasətin nəticəsində əldə edilmişdir".
Əhəd Abıyev Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə, xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycana rəhbərliyə gəldiyi zaman ölkənin vətəndaş müharibəsi həddində olduğunu bildirdi: "Bu o illər idi ki, bütün bölgələrdə ayrı-ayrı adamlara xidmət göstərən silahlı birləşmələr var idi. Ölkədə xaos, anarxiya, vəzifə uğrunda gedən çəkişmələr getdikcə qazışırdı. Azərbaycan vətəndaş müharibəsi ilə üz-üzə dayanmışdı. Belə bir şəraitdə Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycana ikinci dəfə siyasi hakimiyyətə qayıtdı və dərhal da, əməli işə keçdi. Qısa bir müddətdə silahlı dəstələr zərərsizləşdirildi. Qanunlar bərpa olundu, əmin-amanlıq, sabitlik yarandı. Ulu Öndərimiz o çətin dövrdə, öz şəxsi nüfuzundan istifadə edərək, dünyanın aparıcı dövlətlərini Azərbaycana dəvət etdi".
Əhəd Abıyev onu da vurğuladı ki, müstəqilliyi qazanmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq iki qat çətindir: "Ümummilli Lider Heydər Əliyevin qətiyyəti, möhkəm iradəsi və həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində Azərbaycanın müstəqilliyi həm qorunmuş, həm də möhkəmlənərək əbədi olmuşdur. Bildirilmişdir ki, bu gün Azərbaycan dünya siyasətində strateji əhəmiyyəti olan bir ölkədir və bu nüfuz getdikcə artır. Hazırda dahi rəhbər Heydər Əliyevin siyasətini Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Ölkəmiz Azərbaycan Prezidenti İlham Əliyevin yorulmaz və qətiyyətli fəaliyyəti nəticəsində dünyanın sayılan-seçilən, ən güclü və qüdrətli dövlətlərindən birinə çevrilmişdir. Artıq dünyanın ən aparıcı dövlətləri, Azərbaycan ilə daha çox hesablaşır və ölkəmizlə bütün sahələrdə tərəfdaşlığa böyük maraq göstərirlər. Azərbaycanın haqq səsi dünyanın ən mötəbər beynəlxalq tribunalarından daha əzəmətlə səslənir. Bütün bunlar Ulu Öndər Heydər Əliyev siyasətinin qələbəsidir".
Ə.Abıyev ölkə Prezidenti İlham Əliyev tərəfindən respublikamızın bütün şəhər və rayonlarına, o cümlədən Daşkəsənə də qayğı və diqqət göstərildiyini vurğuladı: "Bir faktı demək istəyirəm ki, möhtərəm Prezidentimiz son bir ildə, Daşkəsənin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi ilə bağlı, 4 Sərəncam imzalayıb. Məlumat üçün bildirim ki, ötən il Azərbaycan Prezidenti möhtərəm İlham Əliyev Daşkəsəndə "Azərbaycan Polad İstehsalı Kompleksinin" yaradılması haqqında Sərəncam imzalayıb. Bu Sərəncamın icrası nəticəsində rayonumuzda 2000-dən artıq iş yerləri açılacaq və bu Sərəncamın icrası rayonumuzun iqtisadi inkişafına çox güclü təkan verəcək. Bu diqqət Cənab İlham Əliyevin daşkəsənlilərə olan xüsusi qayğısına əyani sübutdur. Bütün bunlar Heydər Əliyev siyasətinin nəticəsi və bu siyasəti böyük uğurla davam etdirən Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin xalqımız qarşısında əvəzsiz tarixi xidmətləridir. Nə qədər Azərbaycan var, Heydər Əliyev yaşayacaq! Nə qədər Heydər Əliyev siyasəti var, Azərbaycan yaşayacaq! Çünki yalnız Heydər Əliyev siyasəti nəticəsində, Azərbaycanın müstəqilliyi daimi, əbədi və dönməz olacaq".
Tədbirdə Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı çıxış edərək Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması, inkişaf etdirilməsi istiqamətində misilsiz xidmətlərindən bəhs etmiş, Onun zəngin həyat və fəaliyyətinin bəzi məqamlarından danışdı. Natiq öz çıxışında Ümummilli Liderin uzaqgörən siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən çox uğurla inkişaf etdirildiyini vurğuladı.
Həmçinin, tədbirdə Daşkəsən rayon müharibə, əmək və silahlı qüvvələr veteranlar şurasının sədri Elman Məmmədov, Çanaqçı inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini Ramin Ələsgərli və başqaları Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqı üçün misilsiz xidmətləri haqqında danışdılar. Sonra YAP sıralarına yeni qəbul olunmuş üzvlərə vəsiqələr təqdim olunmuş, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş idman və inşa müsabiqəsində fərqlənmiş gənclərə və məktəblilərə fəxri fərmanlar verildi.
Ümumrayon tədbiri mədəniyyət xadimlərinin Ulu Öndərə, Vətənə, xalqa və dövlətçiliyimizə həsr olunmuş musiqi nömrələri ilə başa çatdırıldı.
RƏFİQƏ KAMALQIZI