PDF Oxu

Siyasət

  • 10

AZƏRBAYCAN XALQININ ƏBƏDİLƏŞMİŞ LİDERİ

AZƏRBAYCAN XALQININ ƏBƏDİLƏŞMİŞ LİDERİ

Ulu Öndər Heydər Əliyev müstəqil dövlətimizin tarixini yaradıb və ən şanlı səhifələri də məhz Onun adı ilə bağlıdır

Azərbaycan xalqının və dövlətinin inkişafında misilsiz xidmətləri olan Ümummilli Lider, milli dövlətçiliyimizin memarı, qurucusu Heydər Əliyevin həyatı, siyasi fəaliyyəti tariximizdə mühüm yer tutur. Yüksək insani keyfiyyətlərinə, dövləti idarə etmək bacarığına görə Heydər Əliyev nadir tarixi şəxsiyyətlər sırasındadır. Bütün həyatını Azərbaycanın və xalqın taleyi ilə bağlayan Heydər Əliyev bənzərsiz və müqayisəolunmaz şəxsiyyət idi. Ulu Öndər müstəqil dövlətimizin tarixini yaradıb və ən şanlı səhifələri də məhz Onun adı ilə bağlıdır. Ümummilli Liderimiz demokratiyanın həm ideoloqu, həm təşkilatçısı, həm də icraçısı idi. O, Azərbaycanın nüfuzunu bütün dünyada yetərincə qaldırıb.

Biz bir həqiqəti heç vaxt unutmamalıyıq. Heydər Əliyev birinci dəfə Azərbaycana rəhbərliyə gələndə ölkəmiz geridə qalmış bir respublika idi. Ulu Öndər rayonlara səfər edir, adamlarla görüşür, onların problemlərini öyrənir, bir sözlə, sosial infrastrukturun geridə qalma səbəblərini araşdırırdı. Dahi şəxsiyyət tikinti-quruculuq işlərinə xüsusi əhəmiyyət verirdi. Orta və yaşlı nəslin nümayəndələri yəqin ki, yaxşı xatırlayırlar. O illərdə Azərbaycanın elə bir şəhəri, rayonu, qəsəbəsi, kəndi yox idi ki, orada tikinti-quruculuq işləri aparılmasın. Yollar çəkilir, məktəblər, xəstəxanalar, yaşayış binaları tikilirdi. Heydər Əliyevin xoşbəxtliyi onda idi ki, xalq tərəfindən sevilirdi, fitri istedadı, idarəetmə qabiliyyəti vardı. O, bütün həyatını Azərbaycanın çiçəklənməsinə, qüdrətlənməsinə, insanların firavan yaşamasına həsr etmişdi. Heydər Əliyevi nadir dövlət xadimi kimi uca zirvəyə qaldıran, xalqın Ümummilli Liderinə çevirən keyfiyyətlərindən birincisi, Onun xalqına qırılmaz tellərlə bağlı olması idi. Ulu Öndər həmişə Azərbaycanlı olması ilə fəxr edirdi. Ölkəmizin bu illər ərzində əldə etdiyi tarixi uğurlar məhz dahi şəxsiyyət, əbədiyaşar Lider Heydər Əliyevin adı ilə bağlıdır.

Azərbaycan 1969-cu ildən 1982-ci ilədək bir dövrdə Heydər Əliyevin qətiyyəti, yorulmaz fəaliyyəti nəticəsində iqtisadi yüksəliş yoluna çıxdı. Respublikamız quruculuq meydanına çevrildi, kəndlər, şəhərlər öz simasını dəyişdi. Ulu Öndər təkcə Azərbaycanın deyil, bütün dünyanın taleyində həlledici təsir göstərən nəhəng siyasətçilər və dövlət xadimləri arasında öz dühası, müdrikliyi ilə xüsusi yer tutmuşdur.

Heydər Əliyevin adı və şərəfli həyatı öz Vətəninə, xalqına məhəbbətin təkrarsız təcəssümü, millətə və dövlətə xidmətin misilsiz nümunəsi kimi əsrlər boyu yaşayacaq, Azərbaycanın indiki və gələcək nəsilləri üçün əbədi örnək olacaqdır. Dahi şəxsiyyət canından çox sevdiyi xalqına möhkəm dövlətçilik təsisatlarına malik, demokratik və bəşəri dəyərlərə sadiq, dünya birliyində layiqli yer tutan müasir müstəqil Azərbaycan bəxş etdi. Ölkəmizin qazandığı bütün uğur və nailiyyətlər, inkişaf və tərəqqi, xalqımızın milli dəyərlərinin qorunması və Heydər Əliyev dühasının bəhrəsidir. Biz çox xoşbəxtik ki, qismətimizə Onun kimi dahi və nadir şəxsiyyətlə, qüdrətli lider və dövlət rəhbəri ilə eyni dövrdə yaşamaq səadəti düşmüşdür. Bu gün təkcə xalqımız deyil, həm də dünya şöhrətli siyasətçilər, tarixçilər və politoloqlar Ümummilli Liderimiz Heydər Əliyevi müasir müstəqil Azərbaycan dövlətinin həqiqi memarı və yaradıcısı sayır. XX-XXI əsrlərin qovuşuğunda Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq, müstəqil bir dövlət kimi formalaşması böyük öndərimizin titanik siyasi fəaliyyətinin nəticəsidir. Heydər Əliyev şəxsiyyətinin və siyasi fəaliyyətinin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsi, adının bəşər tarixində əbədi iz qoymuş dövlət xadimləri ilə bir sırada çəkilməsi bizim üçün hədsiz qürur və iftixar mənbəyidir. Ulu Öndərimizin xalqımızın və dövlətimizin tarixində, taleyində təkrarolunmaz rolu bizə haqq verir ki, Onu Azərbaycanın bütün dövrlərdə yetişdirdiyi şəxsiyyətlərin ən ucası adlandıraq.

Ulu Öndərimiz Heydər Əliyevin adı bu gün sözün həqiqi mənasında Azərbaycan dövlətinin rəmzi kimi səslənir. Bugünkü güclü, qüdrətli Azərbaycanı o öz əlləri ilə yaradıb, onun müstəqilliyini yaşadıb, inkişaf etdirib, bütün dünyaya tanıdıb.

Ümummilli Liderimizin bizə ərməğan qoyub getdiyi zəngin irsi bu gün də, sabah da, gələcəkdə də daim öyrənilməli, onun əsas mahiyyəti dərk edilməlidir. Bu zəngin irs müstəqil Azərbaycan dövlətinin sütun dirəkləridir. Məhz bu qüdrətli sütunlar üzərində ucalan müasir Azərbaycan güclü ola bilib. İctimai həyatımızın elə bir sahə və istiqamətini tapmaq mümkün deyil ki, orada Heydər Əliyevin izi, hərarəti duyulmasın. Ulu Öndərimizin on doqquz il bundan əvvəl uzaqgörənliklə müəyyənləşdirdiyi, konseptual əsaslarını yaratdığı xarici və daxili siyasət kursu, milli neft strategiyası bu gün öz bəhrələrini verir. "Əsrin müqaviləsi" çərçivəsində reallaşan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihələri Heydər Əliyevin milli neft strategiyasının təntənəsi, Azərbaycanın xoşbəxt gələcəyinin möhkəm bazası və möcüzəli açarıdır.

Ulu Öndər Heydər Əliyev həm də zəmanəmizin böyük filosofu və mütəfəkkiri kimi tanınıb. Onun formalaşdırdığı və həyata keçirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada xüsusi yerini müəyyən etmiş, dünya azərbaycanlılarının bir ideya ətrafında birləşməsinə, həmrəylik nümayiş etdirməsinə səbəb olmuşdur. Təsadüfi deyil ki, dünyanın bir çox görkəmli dövlət başçıları və ictimai xadimləri, nüfuzlu politoloqları Ümummilli Liderimiz barədə yüksək fikirlər söyləmişlər. Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl Ulu Öndərimiz Heydər Əliyevi "Azərbaycan xalqının nicatı üçün bir şans, canını Vətəni və xalqı yolunda sipərə çevirən qeyrətli oğul" - adlandırıb. Dünyanın ən məşhur dövlət xadimlərinin portretlərini çəkmiş görkəmli rəssam Nikos Safronov Heydər Əliyevin 80 illik yubileyi münasibətilə portretini çəkərkən dahi rəhbərimizlə ünsiyyətdə olduqdan sonra bu qənaətə gəlmişdir ki, Heydər Əlirza oğlu Əliyev Tanrının yaratdığı mövcüzədir, belə şəxsiyyətlər min ildə bir dəfə dünyaya gəlir.

Azərbaycanın bugünkü və gələcək nəsillərinin Heydər Əliyevin şərəfli adı, ölməz ruhu qarşısında müqəddəs borcu Onun şah əsəri olan müstəqil Azərbaycan dövlətinin daha da çiçəklənməsi və qüdrətlənməsi, xalqımızın rifahı naminə fədakarlıqla çalışmaq, milli birliyimizə sədaqətlə xidmət göstərməkdir. Azərbaycan-Heydər Əliyev əsrlər boyu qoşa səslənəcəkdir. Onun nurlu xatirəsi qəlbimizdə, yaddaşlarda əbədi yaşayacaqdır. O, bizim üçün həmişə əziz olub, əziz olaraq da qalacaqdır. Ulu Öndər müdriklik simvolu idi. Dahi və bənzərsiz şəxsiyyət Heydər Əliyevin ideyaları həyatımızın hər sahəsinə işıq salır, bizə yol göstərir.

Ümmilli Liderimiz bu gün aramızda olmasa da Onun bizlərə qoyduğu ərməğan möhkəm təməllərə əsaslanmışdır. Bizlər həm də ona görə xoşbəxtik ki, məhz Heydər Əliyevin zəngin ideyalarının davamçısı olan layiqli siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında gələcəyə addımlayırıq. Çünki artıq 10 ilə yaxındır ki, Prezident İlham Əliyev Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirir. Onun rəhbərliyi ilə ölkədə iqtisadi islahatlar daha da sürətlənmiş, xüsusi prezident fərmanı ilə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları qəbul olunmuşdur. Prezident İlham Əliyev ölkədə insan haqları və azadlıqlarının daha dolğun təmin olunmasını daim diqqət mərkəzində saxlayır. O, Heydər Əliyevin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi kursunu uğurla həyata keçirir.

Cənab Prezident, partiyamızın Sədri İlham Əliyev Azərbaycan xalqının tarixi keçmişinə xüsusi qayğı və diqqət göstərir. O, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki roluna yüksək qiymət vermişdir: "Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tariximizdə çox əlamətdar və önəmli hadisə idi. İlk dəfə müsəlman aləmində demokratik respublika yaranırdı, Azərbaycan xalqı müstəqilliyə qovuşurdu. Ölkəmiz dünya birliyinə üzv olurdu. Bu, çox əlamətdar hadisə idi".

Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Heydər Əliyevin xarici siyasət kursunun həyata keçirilməsində, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü pozmuş erməni işğalçılarının təcavüzkar mövqeyinin beynəlxalq aləmdə ifşa olunmasında mühüm uğurlar qazanılmaqdadır. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan İlham Əliyev müasir və çevik siyasətçi kimi dünyada böyük hörmət və nüfuz qazanmışdır. O, sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu getdikcə artır. Cənubi Qafqazın lider dövləti olan Azərbaycan yüksək beynəlxalq nüfuza malikdir. Onu da qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren dövlətinə, eləcə də yüksək beynəlxaq nüfuza malik olan ölkəyə çevrilib. Başqa sözlə, Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi getdikcə güclənməkdədir. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizi beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdara çevirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu Azərbaycan Respublikasının milli dövlət kimi müasir beynəlxalq münasibətlər sistemində gücünü və nüfuzunu artıran mexanizm qismində çıxış etməkdədir.

Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması dövlətimizin beynəlxalq imicinin artmasına xidmət edir. Bu siyasətin bariz nümunələrindən biri kimi, Prezident İlham Əliyev Cənablarının Praqa sammitindəki qətiyyətli çıxışını və işğalçı Ermənistanın prezidenti Serj Sarkisyanı susduraraq yerində otuzdurmasıdır. Qondarma erməni soyqırımı ilə bağlı erməni prezidentinin Türkiyəni ittiham etməsi, eləcə də Türkiyənin həmin sammitdə iştirak etməməsi təbii ki, qardaş dövlət olan Azərbaycanın cavab vermək hüququnu tanıyırdı. Məhz bu baxımdan, Prezident İlham Əliyev "Türkiyə burada yoxdursa, mən buradayam və cavabınızı verirəm" kimi sərt, qətiyyətli ifadələri Onun siyasətinin növbəti uğuru kimi qiymətləndirilir. Dünya mətbuatı, qardaş ölkənin mediası İlham Əliyev Cənablarının cəsarətinə heyran qaldıqlarını gizlətmədilər. Məhz bu siyasətin formalaşması Ulu Öndər Heydər Əliyev siyasətinin davamı kimi dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin regionda cərəyan edən proseslərin istiqamətini müəyyənləşdirən, ona təsir göstərən ciddi fenomenə çevrilib. Prezident İlham Əliyevin yürütdüyü siyasətin başlıca məqsədi Azərbaycan dövlətini modernləşdirmək və ölkəni dünya miqyaslı mühüm qərarlar qəbul edən sayseçmə ölkələr birliyinə daxil etməkdir. Bu baxımdan da vurğulamaq mümkündür ki, Prezident İlham Əliyev öz fəaliyyətində ardıcıl, praqmatik, rasional və səmimi olaraq, öz nüfuzunu daha yüksəklərə doğru qaldırmaqdadır.

Təbii ki, bu gün Heydər Əliyevin adının əbədiləşdirilməsində Onun adını daşıyan fondun da fəaliyyətini vurğulamaq lazımdır. Millət vəkili, YUNESKO və İSESKO-nin xoşməramlı səfiri Megriban xanım Əliyevanın apardığı bütün işlər də məhz Heydər Əliyevin arzularının həyata keçməsinin davamıdır. Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr Ulu Öndərin siyasi kursunun uğurlu davamı kimi xalqımız və inkişaf etmiş ölkələr tərəfindən dəstəklənir. Heydər Əliyev Fondunun Yeniləşən Azərbaycana yeni məktəb" Proqramını fondun prezidenti, UNESCO və İSESCO-nun xoşməraınlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva əzmlə və uğurla həyata keçirir.

Beləliklə, bütün bu kimi əhəmiyyətli amillər isə həm də o deməkdir ki, müqəddəs, sarsılmaz və qüdrətli dövlətimiz etibarlı əllərdədir. Təməli hələ 1993-cü ildə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş xarici və daxili siyasət kursumuzun dəyişməz olduğu, bu siyasətin yalnız milli maraqlar çərçivəsində aparıldığı göz qabağındadır. İndi bu siyasət dövlət başçımız tərəfindən qloballaşan bəşəriyyətin tələblərinə uyğun olaraq yeni məzmun və keyfiyyətdə uğurla davam etdirilir.

Eyni zamanda, bizim hamımız Azərbaycan xalqının və dövlətçiliyinin xilaskarı və yaradıcısı olan Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev irsinə daim sədaqətliyik, bundan sonra da belə olacağıq. Azərbaycanın dahi oğlunun əməlləri, müqəddəs ideyaları və arzuları xalqımızın qəlbində əbədiyyən yaşayacaq, yaşadılacaqdır!

ZƏRİFƏ QULİYEVA,

Nəsimi rayon Ağbirçəklər Şurasının sədri, YAP Nəsimi rayon təşkilatı idarə heyətinin üzvü

Digər xəbərlər