YAP İsmayıllı rayon təşkilatı Buynuz kəndində "Azərbaycanın sosialyönümlü dövlət kimi inkişafında Ulu Öndər Heydər Əliyevin xidmətləri" mövzusunda tədbir keçirib.Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbiri giriş sözü ilə Buynuz kənd tam orta məktəbinin direktoru Müşviq Yaralıyev açaraq qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin dövlətimizin inkişafı, xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində apardığı uzaqgörən siyasəti bu gün öz bəhrəsini verməkdədir. Əldə olunan yüksək göstəricilərin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün Onun layiqli davamçısı möhtərəm Prezidentimiz Cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.Daha sonra çıxış edən YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova qeyd edib ki, hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsini təşkil etmək, daxili siyasətin sosial yönümlülüyünü ön planda saxlamaq, vətəndaşların sosial rifah halını daim yaxşılaşdırmaqdan ibarətdir. Banisi və qurucusu Ümummilli Lider Heydər Əliyev olan Azərbaycan dövlətinin əsas məqsədlərindən biri əhalinin sosial rifah halını yüksək səviyyəyə çatdırmaq, ölkəmizi dünyanın inkişaf etmiş dövlətinə çevirməkdir. Müstəqil Azərbaycanın dövlət quruculuğu yolunda əsas strateji hədəfləri müəyyən edərkən Ümummilli Lider Heydər Əliyev deyirdi:"Azərbaycan Respublikası öz dövlət quruculuğunda, sosial-iqtisadi problemlərin həllində tutduğu strateji yolla gedir. Bizim bu yolumuz Azərbaycanda demokratik-hüquqi sivilizasiyalı dövlət qurmaqdan, demokratik prinsipləri gündən-günə inkişaf etdirməkdən, dünyanın əldə etdiyi bütün demokratik nailiyyətləri Azərbaycanda yaymaqdan, onlardan bəhrələnməkdən ibarətdir".Rayon təşkilat sədri bildirib ki, ölkəmiz dövlət quruculuğu yolunda inamla irəliləyir:"Möhtərəm Prezidentimiz respublikamızın dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, vətəndaşa diqqət və qayğı dayandığını bəyan edir və ölkəmizin 2020-ci ildə dünyanın inkişaf etmiş dövlətləri sırasına çıxacağını qarşıya məqsəd qoyub. Azərbaycanın 2003-cü ildən başlayan sürətli, dinamik, harmonik inkişafı ölkəmizi bir sıra sosial-iqtisadi göstəricilərə görə MDB və Şərqi Avropa dövlətləri sırasında ön plana çıxarıb".Ə.Vahabova onu da vurğulayıb ki, əldə edilən yüksək nailiyyətlərə nəzər salsaq, görərik ki, Ulu Öndər Heydər Əliyevin ölkəmizin inkişafı naminə qurduğu inkişaf strategiyası bu gün etibarlı əllərdədir və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən inamla, həyata keçirilir.Tədbirdə çıxış edən Akif Zülfüqarov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin səriştəsi və siyasi iradəsi nəticəsində bu gün dövlətimiz öz vətəndaşlarının sosial, iqtisadi, hüquqi və mənəvi azadlıqlarını təmin edir, cəmiyyət üzvləri arasında sosial bərabərsizliyi minimuma endirməyə çalışır. Ölkəmizdə möhtəşəm tikinti-quruculuq işləri həyata keçirilir, əhalinin bütün təbəqələrinin problemlərinin həlli istiqamətində məqsədyönlü işlər aparılır, dövlət proqramları həyata keçirilir. Bütün görülən bu işlər xalqla dövlət arasında inam, etibar və dövlətə bağlılıq yaradır.
ZÜMRÜD