YAP Ağstafa rayon təşkilatı, Ağstafa rayon icra hakimiyyəti və rayon gənclər idman idarəsi ilə birlikdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş orta məktəb şagirdləri arasında kross yarışı keçirib. Yarış iştirakçıları ilk öncə Ulu Öndərin büstü önünə gül dəstələri qoydular.
Yarış iştirakçılarının sədri YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov salamlayaraq Ulu Öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərindən geniş bəhs edib: "Azərbaycan bəşəriyyətə verdiyi tarixi şəxsiyyətləri ilə daim öyünüb, fəxr edib. Adı ölkəmizdən çox-çox uzaqlarda şöhrət tapmış dövlət xadimləri, siyasətçilər, uzaqgörənliyi ilə tanınan müdrik şəxsiyyətlər haqqında söz düşəndə, ilk növbədə, Ümummilli Lider Heydər Əliyevin adı çəkilir. Ulu Öndər Heydər Əliyev istər keçmiş sovetlər dönəmində, istərsə də 1993-cü ildən sonra ölkənin iqtisadi və sosial inkişafı istiqamətində mühüm addımlar atmış, Azərbaycanın ən yüksək zirvələri fəth etməsinə böyük zəmin yaranmışdır. Ulu Öndər Heydər Əliyevin arzusu-amalı Azərbaycanı iqtisadi cəhətdən inkişaf etmiş müstəqil, dünya birliyində tanınan bütöv bir dövlət kimi görmək idi. Buna da özünün müdrik siyasəti nəticəsində nail oldu.
Bu gün respublikamızın elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyev zəkasının, Onun ölməz ideyalarının izi olmasın. Azərbaycan dövlətinin memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyev ölkəmizdə hüquqi islahatların, demokratik dəyişikliklərin gerçəkləşdirilməsi sahəsində misilsiz işlər görmüşdür. Bu işlərin böyük bir qismi humanizm prinsipləri ilə, insan hüquq və azadlıqlarının qorunması ilə sıx bağlıdır. Heydər Əliyev hələ 1993-cü ilin 15 iyununda Milli Məclisin tarixi iclasında ölkə parlamentinin başçısı seçilərkən demişdir: "Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Azərbaycan xalqının tarixi naliyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifə hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömürümün bundan sonrakı hissəsini harda olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm".
R.Tatarov, həmçinin onu da vurğuladı ki, bu gün Azərbaycanın layiqli gəncliyi yetişir: "Bu gənclər Prezident Cənab İlham Əliyevin apardığı siyasətin həyata keçirilməsində yaxından iştirak edir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin uğurla davam etdirilməsinin nəticəsində gənclərimiz hazırda Azərbaycanın ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edir. Dövlət başçısı İlham Əliyev "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"nın hazırlanması ilə bağlı xüsusi Sərəncam imzalayıb. Bu proqram gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edəcəkdir".
Sonra yarışı Ulu Öndərin adını daşıyan prospektdə start verildi və şagirdlər Heydər Əliyev Mərkəzinə qədər məsafəni qət etdilər. Sonda YAP Ağstafa rayon təşkilatının sədri I, II, III yerləri tutan şagirdlərə qiymətli hədiyyələr, ilk onuncu yerləri tutan şagirdlərə isə həvəsləndirici hədiyyələr təqdim etdi və gəncləri Azərbaycanın inkişafı yolunda daha fəal olmağa çağırdı.
A.SƏMƏDOVA