Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə bağlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Rasim Mirzəyev və digər qonaqlar, universitetin tələbələri iştirak edib.Əvvəlcə tədbirdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.TUMİB-in sədri Çingiz Bayramov çıxış edərək müasir müstəqil dövlətimizin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin doğma Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən, gənclərə olan qayğısından danışıb. Bildirilib ki, Heydər Əliyev irsinin öyrənilməsi gənclərimizə sabaha inam aşılayır: "Ulu Öndər hələ sovetlər birliyində ölkəyə rəhbərlik etdiyi dönəmlərdə azərbaycanlı gənclərin ittifaq ali məktəblərində təhsil alıb, peşəkar kadr kimi yetişməsinin əsasını qoyub. Bu gün yüksək dövlət idarəçiliyində təmsil olunan yüzlərlə kadr məhz Ulu Öndər Heydər Əliyevin sayəsində belə peşəkar mövqeyə sahib olublar. Azərbaycan gəncliyinə bu gün diqqət yüksək səviyyədədir və ölkə gəncliyi bütün xarici ideologiyaların ölkəmizə idxalına qarşı qətiyyətlə "yox" deyir. Gənclərimiz azərbaycançılıq və Heydər Əliyev ideyalarına sadiqdir".Sonra Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Rasim Mirzəyev diqqətə çatdırıb ki, Ulu Öndər həqiqətən də Azərbaycan tarixində müstəsna rol oynamış bir şəxsiyyətdir. Çünki dahi şəxsiyyət hələ Sovet dövründə bəlkə də hər şeyin "əla" olduğu bir vaxtda xalqının və millətinin gələcəyi haqqında düşünürdü. O zaman həqiqətən də xaricdəki təhsil respublika təhsilindən daha mükəmməl hesab olunurdu. Ən başlıcası təhsildə obyektivliyin təmin olunması əsas göstərici idi".Sonda digər çıxış edənlər də Ulu Öndərin daim azərbaycanlı gənclərin xaricdə təhsil almalarına böyük əhəmiyyət verdiyini vurğulayıblar.
sia.az