"Gülər Əhmədova bir qadın kimi, himayəsində azyaşlı uşağının olması və digər yüngülləşdirici hallar nəzərə alınmaqla, azadlığa buraxıldı". SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini, icra katibi Əli Əhmədov deyib.
Onun sözlərinə görə, hadisəyə hüquqi qiymət verilib və hüquq öz işini görüb: "Belə bir qərarın qəbul olunması məhkəmənin səlahiyyətləri çərçivəsindədir. Ümumiyyətlə, istənilən insanın cəzaçəkmə müəssisəsinə göndərilməsində əsas məqsəd onun cəzalandırılması deyil, insanın islah olunmasıdır. Bütün bunlar nəzərə alınaraq məhkəmə tərəfindən və ya səhaliyyətli şəxs tərəfindən bu və ya digər cəzaçəkmə müəssisəsində olan insanlara qarşı ya əfv tədbirləri görülür, ya da bağışlanma, cəzanı yüngülləşdirmə aksiyaları tətbiq edirlir".
Əli Əhmədov Gülər Əhmədovanın yenidən bəraət alması ilə bağlı məhkəməyə şikayət edəcəyinə də münasibət bildirib: "İstənilən vətəndaşın məhkəmə çəkişməsi aparmaq haqqı var. Məhkəmə tərəfindən bu və ya digər hökmlərə tuş gəlmiş insanlar belə hüquqlara sahibdirlər. Haqlı olduğunu sübut edə biləcəksə, müvafiq qərar qəbul edilə bilər. Bir daha demək istərdim ki, törədilən əmələ görə hüquqi qiymət verilib".
Gülər Əhmədovanın yenidən məmur postu tutması və ya partiya sıralarına bərpa olunması məsələsinə aydınlıq gətirən YAP-ın icra katibi deyib ki, hadisələri qabaqlamaq lazım deyil: "Düşünmürəm ki, bu gün Gülər Əhmədovanı düşündürən başlıca məsələ YAP-a üzv olmaqdan ibarətdir. Bir insanın YAP-ın üzvlüyündən xaric olunması da, yenidən partiya sıralarına üzv kimi bərpa olunması da hüquqi məsələdən daha çox əxlaq, mənəvi məsələsidir. Biz YAP olaraq məsələyə bu cür qiymət verəcəyik. Gülər Əhmədovanın yenidən YAP-a üzv olmasını indi nə o düşünür, nə də biz düşünürük".
sia.az