PDF Oxu

Siyasət

  • 10

Astarada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə bağlı növbəti tədbir keçirilib

Astarada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə bağlı növbəti tədbir keçirilib

Respublikamızın hər yerində olduğu kimi, Astara rayonunda da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilir. Bu tədbirlərdə iştirak edənlər Azərbaycanın bugünkü dinamik və sürətli inkişafının təməlini qoyan dünya şöhrətli dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsini böyük məhəbbətlə yad edirlər. Belə tədbirlərdən biri rayonun dağlıq ərazisində yerləşən Siyaku kəndində keçirilib. Geniş və yaraşıqlı kənd mədəniyyət evində 200-250 nəfərin iştirak etdiyi bu tədbiri giriş sözü ilə rayon icra hakimiyyəti başçısının Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xanəhməd Zahirov açaraq Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat verib.

Tədbirdə Siyaku kənd tam orta məktəbinin direktoru Hikmət Muradov, Rinə kənd tam orta məktəbinin direktoru Mirzəhüseyn Mirzəyev, Şağlazüzə kənd tam orta məktəbinin direktoru Əhmədşah Quliyev, Rinə kənd tam orta məktəbinin müəllimi Osman Dədəyev və başqaları çıxış edərək Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri, xüsusən Astara rayonuna səfərləri barədə ətraflı söhbət açıblar.

Astara rayon icra hakimiyyəti başçısının müavini İlqar Malıyev Ulu Öndərin anadan olmasının 91-ci ildönümü münasibətilə keçirilən tədbirlərdə Heydər Əliyevin Azərbaycan dövlətinə və dövlətçiliyinə göstərdiyi müstəsna xidmətləri barədə iştirak edənlərə məlumat verib. İ.Malıyev qeyd edib ki, hər bir xalq özünün mütəfəkkirləri, nadir zəka sahibləri və dahi şəxsiyyətləri ilə tanınır: "Bu gün Azərbaycan dünyada məhz Ulu Öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti, bu siyasəti layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin yorulmaz fəaliyyəti nəticəsində tanınır, böyük nüfuza malikdir".

Tədbirdə Siyaku kənd uşaq bağçasının yetirmələri Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyiblər. Sonda Siyaku kənd mədəniyyət evinin bədii özfəaliyyət kollektivlərinin iştirakı ilə konsert nümayiş etdirilib.

Ü.ƏSGƏROV

Digər xəbərlər