YAP Masallı rayon təşkilatı Ümummilli Liderin 91 illiyini qeyd edib
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirir. Dünən belə tədbirlərdən biri də Yeddioymaq ərazi ilk partiya təşkilatında keçirilibdir. "Xalqın əbədi lideri" mövzusunda keçirilən tədbirin iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü YAP Masallı rayon təşkilatı Yeddioymaq ərazi ilk təşkilatının sədri Nuşirəvan Hüseynov açaraq qeyd etdi ki, müstəqillik tarixən heç də bütün millətlərə nəsib olmamışdır: "Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini "bizim üçün ən əziz, ən qiymətli" hadisə, "tarixi nailiyyət" hesab etmişdir. Onun "müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir" məşhur fikri də öz aktuallığını hər zaman qoruyub-saxlayır. Məhz belə bir çətin və şərəfli iş, ancaq böyük tarixi şəxsiyyətin, müdrik dövlət xadiminin ardıcıl və məqsədyönlü səyləri nəticəsində uğurla həyata keçirilir".
N.Hüseynov onu da vurğulayıb ki, Umummilli Lider Heydər Əliyevin nəzəri irsi elə böyük bir xəzinədir ki, onu çoxyönlü istiqamətlərdə təhlil etmək mümkündür. Bu, Onun ideyalarında, prinsipial mövqeyində və ictimai-siyasi həyatında öz əksini tapmaqdadır. YAP üzvü Zaid Məmmədov çıxış edərək bildirib ki, Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır: "Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur".
Tədbirdə çıxış edən YAP fəalları İlahə Quliyeva, Bəybala Əsədov, Aybəniz Qafarova, İttifaq Rzayev və başqaları Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında əvəzsiz xidmətlərindən, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, respublikanın sosial-iqtisadi inkişafı sahəsindəki misilsiz fəaliyyətindən bəhs ediblər.
A.SƏMƏDOVA