Dünən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Samux rayon icra hakimiyyətinin, YAP Samux rayon təşkilatının, idarə, müəssisə, təşkilat rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin, məktəblilərin iştirakı ilə Ulu Öndərin doğum günü münasibəti ilə Heydər Parkında möhtəşəm Gül Bayramı keçirilib. Tədbirdə millət vəkili, Milli Məclisin sədr müavini Valeh Ələsgərov, professor, "Əməkdar həkim", "Əməkdar elm xadimi", Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik klinikasının direktoru Surxay Musayev, "Xalq" qəzetinin bölgə müxbiri Hamlet Qasımov qonaq qismində iştirak ediblər.
Gül Bayramında iştirak edən orta təhsil məktəblərinin müəllim heyəti və şagirdlər Heydər Əliyev dühasına ehtiram əlaməti olaraq tər çiçəklərdən düşəldilmiş eksponatlar, müxtəlif növ əl işləri və gül çiçəklə bəzədilmiş portretlər ilə tədbirə qatılıblar. Rayonun musiqi məktəblərinin, rayon mədəniyyət və turizm şöbəsinin musiqiçilərinin ifasında səslənən musiqi nömrələri Gül Bayramına xüsusi gözəllik verirdi. Orta məktəb şagirdlərinin asvalt üzərində yaratdıqları ecazkar lövhələr tədbir iştirakçılarına xüsusi zövq verirdi. Ulu Öndərin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Heydər Parkında təşkil olunmuş şənliklər günün sonuna kimi böyük çoşqu ilə davam etdirildi.
Rövşən RƏSULOV