Dünən Gəncə şəhərində başladılan və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilən ağacəkmə aksiyasına yekun vurulub. Belə ki, ağacəkmə aksiyası şəhərin üç istiqamətində həyata keçirilib. Kampaniya çərçivəsində şəhərin Göygöl, Şəmkir yolu, Yevlax istiqamətlərində girişlərində 91 min şam və çinar ağacları əkilib. Həmin ərazilərə yeni, yerli iqlim şəraitinə uyğun tinglər də basdırılıb və əkilən ağaclar suvarılıb. Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev aksiya çərçivəsində Ümummilli Lider Heydər Əliyevin adını daşıyan park-kompleksdə 91 mininci ağacı əkib. Aksiyada Gəncə şəhərində fəaliyyət göstərən universitetlər, idarə, müəssisə, ictimai birliklər və gənclər təşkilatları yaxından iştirak ediblər.
Aksiya nəticəsində ərazilər alaq otlarından təmizlənib və əvvəllər basdırılan tinglərə aqrotexniki qulluq göstərilib. Qeyd edək ki, ağacların avtomatik damcı üsulu ilə suvarılması üçün xüsusi qurğular qurlaşdırılıb.
Rövşən NURƏDDİNOĞLU